Dünən Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” BMT Konvensiyasının Azərbaycan Respublikasında ratifikasiya olunmasının 30 illiyi ilə əlaqədar “Bərabərlik və ədalət yolunda 30 il: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Azərbaycanın 1995-ci ildə bu konvensiyanı ratifikasiya etməsi insan hüquqları və gender bərabərliyi sahəsində sistemli və davamlı siyasətin başlanğıcı olub. Bu siyasətin təməl prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Fuad Nəcəfli ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə qadınlara təşəkkür edib.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da qeyd edib ki, bərabərlik və ədalət olan yerdə insan hüquqları da etibarlı təmin olunur. Bu baxımdan, konfransın bu mövzuya həsr olunması aktuallıq kəsb edir. Komitə sədri qadınları dəstək proqramlarında fəal iştiraka səsləyib.
Milli Məclisin deputatı, Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ölkəmizdə gender bərabərliyinin uğurlarından söz açıblar.
Konfrans “Qadın hüquqlarının hüquqi təməl prinsipləri, bu gün və gələcəyə baxış: beynəlxalq və milli qanunvericilik kontekstində” və “İnsan hüquqlarında bərabərlik: sosial və siyasi dəyişikliklər və gender ədaləti” mövzularında panel müzakirələrlə davam edib.
Sonda iştirakçılara bədii hissə təqdim edilib.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri