Görkəmli dövlət xadimi, nüfuzlu ziyalı

post-img

Həsən Həsənov – 85

İnsan həyat yolunda özünə ideal axtarır. İllər keçdikcə örnək saydığı şəxsiyyətin yaxşı keyfiyyətlərini özündə görmək istəyir, həyatda ona oxşamağa çalışır. Bu baxımdan ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbində tərbiyələnib yetkinləşmiş görkəmli siyasət və dövlət xadimi Həsən Əziz oğlu Həsənovun rəhbər timsalı ötən onilliklərdə ictimai-siyasi fəaliyyət sahəsində uğur qazanmış bir çox soydaşımız üçün önəmli nümunə olub.

Xidməti fəaliyyətimlə bağlı mən də bu yurdsevər, təşəbbüskar, işgüzar dövlət xadimini Kirovabadda (indiki Gəncə) Şəhər Partiya Komitəsinə rəhbərlik etdiyi dövrdə yaxından tanımış, onun rəhbərliyi altında çalışmışam. O zamandan Həsən Həsənovun uğurlu, daim yüksəlişdə olmuş fəaliyyətini təmin edən istimai-siyasi, mənəvi-əxlaqi dəyərləri və idarəçilik təcrübəsini mənimsəməyə çalışmışam.

Kirovabad Şəhər Daxili İşlər İdarəsinə nazirlik aparatından məsul vəzifəyə göndərildiyim həmin dövrdə buradakı irili-xırdalı problemlər respublika rəhbərliyini də ciddi narahat edirdi. O vaxt Gəncə şəhərində kriminogen durum da ağır idi. Şəhərin əvvəlki rəhbərliyinin idarəetmədə buraxdığı səhvlər, yol verdiyi ciddi nöqsanlar, qüsurlar ictimai-siyasi vəziyyəti xeyli gərginləşdirmişdi. Gəncə kimi mühüm strateji əhəmiyyətli bölgədə kadr dəyişikliyinin aparılmasına zərurət yaranmışdı. Şəhərdə vəziyyəti sağlamlaşdırmaq, ciddi dönüşə nail olmaq üçün respublika rəhbəri Heydər Əliyevin tövsiyəsi əsasında 39 yaşlı partiya kadrı Həsən Həsənov Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsinə seçildi.

Şəhərin yeni rəhbəri gənc olmasına baxmayaraq, dərin zəkası, idarəçilik bacarığı, problemləri həll etmək məharəti ilə qısa müddətdə əhalini narahat edən məsələləri yoluna qoydu. Onun yurdsevərliyi, insanlara qayğıkeş münasibəti şəhər sakinlərinin nəzərindən qaçmadı. Həsən müəllim sağlam qüvvələri ətrafında toplamaqla Ulu öndərin etimadını doğrultdu, əsl milli rəhbər nümunəsi ilə əhalinin də rəğbətini qazandı. O, Gəncədə əldə etdiyi nailiyyətləri ilə ölkə üçün də gərəkli kadr olduğunu nümayiş etdirdi. Bütün bunlara görə ümummilli lider Heydər Əliyev onu Azərbaycanın ali rəhbərliyində daha məsul vəzifəyə aparmışdı.

Həsən Həsənov 1940-cı il oktyabr ayının 20-də Tbilisi şəhərində dünyaya göz açıb. 1958-ci ildə şəhərdəki 43 saylı orta məktəbdə oxuyub. 1991-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti), 1981-ci ildə isə Bakı Ali Partiya məktəbini (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) müvəffəqiyyətlə bitirib. Tələbəlik dövründə yüksək işgüzarlığı, ictimai fəallığı ilə seçilib, komsomol təşkilatına rəhbərlik edib. 1962-ci ildə tələbə ikən Ümumittifaq Komsomolunun XIV qurultayının nümayəndəsi olub.

1960-1967-ci illərdə paytaxtda tələbə şurasının sədri olan Həsən Həsənov sonrakı dövrdə Bakı Şəhər Komsomol Komitəsində təlimatçı, Yasamal Rayon Komsomol Komitəsinin katibi, Respublika Komsomolu MK-da bölmə müdiri vəzifələrində çalışıb. 1966-1967-ci illərdə Tikinti Materialları və Konstruksiyaları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında elmi-tədqiqatla məşğul olub.

Karyera pillələrində göstərilən etimadı məsuliyyət və işgüzarlıqla doğruldan komsomol fəalı 1967-ci ildə Azərbaycan Kommunist Partiyası MK-da təlimatçı, 1969-cu ildə Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsinə irəli çəkilib. 1971-ci ildə Azərbaycanın rəhbəri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Həsən Əziz oğlu Vətənə qayıdaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini vəzifələrində işləyib. 31 yaşında Bakı Şəhər Səbail Rayon Partiya Komitəsinin birinci katibi seçilən Həsən müəllim 1978-ci ildə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi seçilib.

Sonrakı illərdə respublikamızın ikinci böyük şəhəri Gəncədə də rəhbər fəaliyyətini uğurla, yüksək işgüzarlıqla davam etdirən Həsən Həsənov ictimai-siyasi sabitliyə, siyasi-mədəni mühitin yüksəlişinə, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, qədim Gəncənin simasının özünə qaytarılmasına nail olub.

O zaman Daxili İşlər Nazirliyinin və Şəhər Partiya Komitəsinin tövsiyəsi əsasında şəhərin müəssisə və təşkilatlarında aparılan yoxlamalarda iştirak edir, aşkar olunan nöqsanlar, çatışmazlıqlar haqqında birinci katibə məlumat verir, ondan göstəriş və məsləhətlər alırdıq. Həsən müəllimdə olan yüksək təşkilatçılıq bacarığı, idarəetmə qabiliyyəti, insanlarla səmimi ünsiyyət yaratması hamı kimi məni də valeh edirdi. Sözün əsl mənasında, bu böyük insan o vaxt mənim idealıma çevrildi. Bu insanın yüksək mədəniyyətini, natiqlik qabiliyyətini görüb həyatda ona oxşamağa çalışırdım.

Şəhərin ictimai-siyasi həyatında fəal iştirakımı, təşkilatçılıq qabiliyyətimi, işgüzarlığımı nəzərə alaraq Həsən müəllimin razılığı ilə şəhərin hüquq-mühafizə orqanları üzrə partiya təşkilatı katibinin ideoloji məsələlər üzrə müavini seçildim. Digər gənc kadrlar kimi mənim də fəaliyyətim birinci katibin diqqət mərkəzində idi. O illərdə Gəncə şəhərində bacarıqlı, işgüzar, fəal gənclərin rəhbər vəzifələrə hazırlanmasında və irəli çəkilməsində Həsən müəllimin müstəsna xidmətləri olub.

Məhz şəhərin uzaqgörən, səriştəli, təcrübəli rəhbərinin təşəbbüsü, Azərbaycan xalqının böyük oğlu, dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin yüksək qayğısı sayəsində o vaxt Kirovabad şəhərində Gəncə və Kəpəz adlı iki rayon yaradıldı: Burada Həsən müəllimin məqsədi həm də Gəncə adını yaşatmaq, tarixi həqiqəti bərpa etmək idi. O dövrdə Həsən müəllimin təşəbbüsü, yüksək diqqət və qayğısı sayəsində Gəncə Rayon Milis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkildim.

Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı, daha yüksək etimadı ilə Azərbaycan KP MK-nın 1981-ci il yanvar plenumunda Həsən Həsənov ideoloji məsələlər üzrə katib seçilib. Bu sahəyə rəhbərlik etdiyi dövrdə Həsən müəllim Azərbaycanın elm, ədəbiyyat və tarixinin bir sıra qadağan olunmuş mövzularına həsr edilmiş monoqrafiya və əsərlərin işıq üzü görməsinə qayğı göstərib, görkəmli elm, ədəbiyyat və incəsənət adamları ilə səmimi ünsiyyət yaradıb. 1983-cü ildə üstün milli təmayülünə görə Həsən müəllim Kremlin göstərişi ilə məhz ideoloji sahədən uzaqlaşdırılıb.

Artıq respublika rəhbərliyində layiqli nüfuz və təcrübə qazanmış Həsən Həsənov 1983-1988-ci illərdə MK-nın tikinti məsələləri üzrə katibi, 1988-1990-cı illərdə iqtisadiyyat məsələləri üzrə katibi vəzifələrində çalışıb. O, 1990-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Sovetinin sədri vəzifəsinə irəli çəkilərək Qarabağ münaqişəsinin müharibəyə çevrildiyi və ağır böhran yaşandığı bir şəraitdə ölkə hökumətinə bacarıq və prinsipiallıqla rəhbərlik edib.

Həsən müəllim Qarabağ münaqişəsinin ilk günlərindən xalqımızın maraqlarının qızğın müdafiəçilərindən biri olub. Ölkəmizin ən çətin, ağır günlərində, xüsusən Qarabağ hadisələri baş verəndə, Qərbi Azərbaycandan soydaşlarımız zorla ata-baba yurdlarından didərgin salınanda, xalqımızın başına 20 Yanvar faciəsi gətiriləndə respublika rəhbərləri arasında xalqa ən yaxın, doğma, öndə gedən Həsən müəllim olub. Azərbaycanın haqq səsinin, Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında görkəmli dövlət xadimi Həsən Həsənovun misilsiz xidmətləri onu xalqa daha da sevdirib, ürəklərdə özünə əbədi heykəl ucaldıb.

Həsən Həsənov 52 yaşından başlayaraq xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərib. O dövrdə Azərbaycanın müstəqil dövlət diplomatiyası sıfırdan qurulurdu. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə heç bir ölkədə səfirimiz yox idi. Keçmiş SSRİ Xarici İşlər Nazirliyində azərbaycanlılar sayca azlıq təşkil edir və aşağı vəzifələrdə işləyirdilər. Ölkəmizdə peşəkar diplomatlar çatışmırdı.

Ermənilərin isə xarici ölkələrdə güclü lobbiləri var idi və onlar öz ölkələrinin səfirlərini əvəz edirdilər. Dünyanın əksər ölkələrində ermənilər parlament, hökumət, Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunurdu. Belə çətin bir dönəmdə 1992-1993-cü illərdə Həsən Həsənov BMT-də (Nyu-York) Azərbaycan Respublikasının daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb. Həsən müəllimin diplomatiyası, siyasəti də iti ağıla, dərin elmi təfəkkürə, sağlam düşüncəyə, səmimiyyətə söykənirdi.

O vaxt BMT Baş katibinin təhlükəsizlik üzrə köməkçisi erməni millətindən idi. Baş katib Təhlükəsizlik Şurasının iclaslarında fikirlərini onun diktəsi ilə açıqlayırdı. Həsən müəllim qarşıya çıxan çətinlikləri, maneələri məharətlə aşaraq ən yüksək tribunalarda ölkəmizin mövqeyini təkidlə, cəsarətlə, diplomat peşəkarlığı ilə qoruyurdu.

1993-cü ilin iyun ayında xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra diplomatiyamız inkişaf etməyə başladı. Xarici ölkələrdə səfirliklər yaradıldı, diplomat kadrlarının hazırlanmasına xüsusi diqqət göstərildi. Ulu öndərin yüksək qayğısı sayəsində Həsən Həsənov 1993-cü ildə yüksək posta – Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olundu. Bu vəzifədə o, 5 il dövlətçiliyə sədaqətlə xidmət edərək ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi üçün var qüvvə ilə çalışdı.

Baş diplomatımız kimi Həsən Həsənov BMT, UNESCO, İKT-nin illik toplantılarında Azərbaycan nümayəndə heyətinə rəhbərlik səlahiyyətini uğurla həyata keçirdi. BMT-nin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi barədə 4 qətnamə və 6 bəyanatının qəbul olunmasında Həsən müəllimin gərgin əməyi olub. O, bəzən bir sənədin qəbulundan ötrü ayrı-ayrı ölkələrin diplomatları ilə çoxsaylı görüşlər keçirib, Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə edib.

Həsən Həsənov həm də 23 il fasiləsiz Azərbaycan və İttifaq parlamentlərinin – 1977–1995-ci illərdə Azərbaycan Ali Sovetinin, 1979–1984-cü illərdə SSRİ Ali Sovetinin, 1995–2000-ci illərdə Milli Məclisin deputatı, müstəqil Azərbaycanın ilk Konstitusiyasını hazırlayan komissiyanın üzvü olub. Müstəqil Azərbaycan Respublikasının ilk Baş naziri, ilk fövqəladə və səlahiyyətli səfiri missiyasını həyata keçirmək də onun qismətinə yazılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Həsən Həsənov 2004-cü ildən ölkəmizin Macarıstanda və Polşada 21 il müddətində səfiri olub.

Həsən Həsənov elmi və bədii yaradıcılıqla da məşğuldur. Texniki təhsili olmasına baxmayaraq, 2004-cü ildə Bakıda “SSRİ-də milli təmayülçü hərəkat” mövzusunda namizədlik, 2006-cı ildə Tbilisidə “Tarixin fəlsəfəsi” mövzusunda doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edib. O alim və yazar kimi türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənələrinə aid “Tarixin hədəfi” (“Tarixin fəlsəfəsi”), “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti”, “Türklüyümüz, Misir amuleti və heroqlifləri Azərbaycanda” adlı monoqrafiyaların, “Azərbaycanın Avropaya inteqrasiyası” əsərinin, çoxsaylı çıxışlar və məqalələr toplularının, Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş dahi mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə həsr edilmiş “Brüsseldən məktublar” pyesinin müəllifidir. Azərbaycan, türk, ingilis, gürcü və rus dillərini mükəmməl bilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Həsən müəllim mənalı ömrünü doğma Azərbaycana, ölkəmizin inkişafına, milli dövlətçiliyimizin qorunmasına və möhkəmlənməsinə, xalqımızın rifah halının yüksəlməsinə həsr edib. Vəzifə məsuliyyətini ailə qayğılarından həmişə üstün tutub.

Həsən müəllimin Azərbaycan cəmiyyətində hörməti, nüfuzu olduqca böyükdür. Fəxri təqaüddə olsa da, hər yerdə yüksək səviyyədə qarşılanır, sağlam, fəal həyat tərzi keçirir. Ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edərək Azərbaycanın çoxəsrlik tarixini, milli-mənəvi dəyərlərini geniş surətdə təbliğ edir. Düşünürəm ki, onun keçdiyi həyat yolu, zəngin mənəvi irsi, çoxşaxəli fəaliyyəti əsl həyat məktəbidir. Bu məktəbin məzunları da kifayət qədər çoxdur. Onun zəkasına, müdrik məsləhətlərinə cəmiyyətimiz daim ehtiyac duyur. Alimlərimiz onun ömür yolunu, zəngin idarəetmə təcrübəsini, nəzəri irsini tədqiq və təbliğ edirlər.

Mənim həyatda idealım olan hörmətli Həsən müəllim bu gün də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. Onun Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycandan olan həmsədri kimi fəaliyyəti xalqlarımızın vahid amallar və məqsədlər yolunda birləşməsinə xidmət edir.

Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, yurdsevər alimi və nüfuzlu ziyalısı olaraq Həsən Həsənov bu gün də nəcib, xeyirxah duyğularla yaşayır, yorulmadan, gənclik həvəsi ilə çalışır. Ümummilli lider Heydər Əliyev məktəbinin müdrik yetirməsini 85 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

İbrahim QULİYEV,
hüquq elmləri doktoru,
professor, Əməkdar müəllim

Sosial həyat