Aİ–Azərbaycan münasibətlərində dəyər və maraqların vəhdəti

post-img

Son illər Avropa İttifaqı–Azərbaycan münasibətlərinin məzmunu dərin transformasiya keçirib. Əgər əvvəllər bu əlaqələrin təməli enerji diplomatiyası idisə, indi qarşılıqlı maraqlar siyasi sabitlik, iqtisadi inteqrasiya və institusional koordinasiya istiqamətində genişlənir. Yeni mərhələnin mahiyyəti ondan ibarətdir ki, tərəflər bir-birini tamamlayan sistemlər kimi davranır: Avropa İttifaqı (Aİ) üçün Azərbaycan Cənubi Qafqazda dayanıqlı sabitliyin mərkəzi koordinatı, Azərbaycan üçün Aİ müasir beynəlxalq nizamla əlaqə körpüsüdür.

Əvvəllər Aİ regionda normativ güc kimi çıxış edir, dəyərləri ixrac edən və regiona idarəetmə modelləri təqdim edən aktor kimi görünürdü. Bu prosesdə Avropa Komissiyası, Avropa Parlamentinin müxtəlif komitələri və Avropa Xarici Fəaliyyət Xidməti öz funksional mexanizmləri ilə iştirak edirdi. Komissiya iqtisadi və enerji sahələrində təşəbbüslər irəli sürür, parlament demokratik islahat və insan hüquqları məsələlərində normativ təzyiq yaratmaq rolunu daşıyır, Xarici Fəaliyyət Xidməti isə diplomatik kanalları yönəldir, tərəfdaş ölkələrlə əlaqələrin koordinasiyasını təmin edirdi. Məqsəd regionda Avropa standartlı idarəetmə və normativ mədəniyyət formalaşdırmaq idi.

Lakin qlobal reallıq dəyişdi. Ukrayna müharibəsi, enerji bazarındakı gərginlik və geosiyasi risklərin artması Avropaya göstərdi ki, dəyərlər siyasəti təkbaşına sabitlik yaratmaq gücünə malik deyil. Brüsseldə qərar verənlər artıq anlayırlar ki, regional sabitlik etibarlı tərəfdaşlıqdan doğur. Azərbaycan bu baxımdan tam yeni səviyyədə dəyərləndirilir.

Bəs niyə Aİ Cənubi Qafqazda məhz Bakı ilə daha rasional və dayanıqlı model qurur? Cavab regionun geosiyasi anatomiyasında gizlənir. Azərbaycan bir tərəfdən enerji ixracatçısı, digər tərəfdən tranzit ölkəsidir; həm Avrasiya dəhlizlərinin qovşağında yerləşir, həm də postsovet məkanında sabit siyasi sistemə malik nadir dövlətlərdəndir. Bütün bu xüsusiyyətlər Bakı ilə Avropa arasında regional sabitlik arxitekturasının mərkəzi kimi qarşılıqlı asılılıq yaradır.

Avropa institutlarının Azərbaycana münasibəti artıq ehtiyac və qarşılıqlı hörmət üzərində qurulur. Avropa Komissiyası Azərbaycanın enerji tranzit gücünü strateji sənədlərdə prioritet kimi qeyd edir, parlamentdə “Azərbaycan faktoru” sabitlik və təhlükəsizlik amili kimi səslənir. Yeni dinamika Avropanın öz daxilində gedən transformasiyanın nəticəsidir. Artıq aydındır ki, “yumşaq güc” yalnız dəyərlərin təbliği ilə məhdud qaldıqda effektiv olmur. İndi “yumşaq güc” praqmatik məna daşıyır; etibarlı tərəfdaş tapmaq, riskləri bölüşmək və qarşılıqlı asılılıq yaratmaq əsas funksiyadır. Azərbaycan bu baxımdan Avropanın “risk paylaşa biləcəyi” azsaylı tərəfdaşlardan biridir.

Bakı Avropa üçün enerji sabitliyinin psixoloji təminatıdır. Enerji bazarının diversifikasiyası etibarlı tərəfdaşın siyasi stabilliyi ilə mümkündür. Azərbaycan enerji infrastrukturu və siyasi qərarvermə mexanizmləri arasında uzlaşmanı təmin etməklə bu stabilliyi reallığa çevirir. Rəsmi Bakının yaratdığı sabitlik daxili idarəetmədən qaynaqlanır. Ölkə iqtisadi təhlükəsizliyi və sosial rifahı milli təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi qurub. Enerji gəlirləri dövlətin sabitlik kapitalıdır.

***

Aİ-nin xarici siyasətində əsas vurğu uzun müddət dəyərlər diplomatiyasına verilmişdi. Demokratiya, insan hüquqları, azad bazar və hüquqi dövlət prinsipləri Avropa kimliyinin özəyini formalaşdırırdı. Brüssel hesab edirdi ki, bu dəyərlər regionda idarəetmənin nümunəsi olacaq. Lakin XXI əsrin ikinci onilliyində qlobal güc balansı dəyişdikcə, Avropanın dəyərlər hegemoniyası tədricən praktik reallığın sərhədlərinə dirəndi.

Avropa institutlarının funksional mahiyyətinə baxdıqda, bu ziddiyyət daha aydın görünür. Avropa Parlamentinin əsas missiyası demokratik standartları qorumaqdır, Avropa Komissiyasının vəzifəsi isə iqtisadi maraqları irəli çəkməkdir. İki mexanizm arasındakı fikir fərqi son illər dərinləşib. Parlament idealizmin daşıyıcısı olaraq normativ yanaşmanı qoruyur, Komissiya isə enerji təhlükəsizliyi, ticarət və nəqliyyat kimi praktiki maraqları önə çəkir. Deməli, Avropa özü daxilində dəyərlərlə maraqların toqquşduğu laboratoriyaya çevrilib.

Cənubi Qafqaz Avropa üçün, bir növ, test meydanı rolunu oynayır. Azərbaycanla münasibətlər bu balansın praktiki ölçüsünü göstərdi: Brüssel idealist tələbləri real siyasətin məhdudiyyətləri ilə uzlaşdırmalı oldu. Artıq Avropaya məlumdur ki, regionda sabitlik demokratiyanın ixracı ilə deyil, dayanıqlı tərəfdaşlıqla mümkündür. Burada əsas analitik sual belə formalaşır: Dəyərlər diplomatiyası yerini maraqlar diplomatiyasına verirmi, yoxsa, sadəcə, yeni bir sintez yaranır?

Cavab yekcins deyil. Avropa prinsiplərini tam tərk etmir, sadəcə, onları maraqların funksional ifadəsinə çevirir. Yəni dəyərlər artıq məqsəd deyil, vasitədir. Əgər əvvəllər Aİ tərəfdaş ölkələrdə öz ideoloji əsaslarını tətbiq etməklə təsir qurmaq istəyirdisə, indi o, qarşılıqlı fayda vasitəsilə dəyərləri rasional səviyyədə qəbul etdirməyə çalışır. Azərbaycan bu yeni diplomatiya məntiqində fərqli model təklif edir: Bakı üçün normativ çərçivələr inkişafın reallığı ilə ölçülən konkret nəticələrdir. Demokratiya iqtisadi sabitliklə, insan hüquqları sosial təhlükəsizliklə, islahatlar isə idarəetmənin səmərəliliyi ilə tamamlanmalıdır.

***

Avropa institutlarının Azərbaycana ehtiyacı dörd əsas istiqamətdə özünü göstərir. Birincisi, enerji və infrastruktur amili. Avropa “yaşıl enerji”yə keçid strategiyasını reallaşdırmaq istəyir. Amma bu, yalnız bərpaolunan enerji mənbələrinin genişləndirilməsi ilə deyil, həm də keçid dövründə etibarlı qaz təchizatı ilə mümkündür. Azərbaycan həm ənənəvi qaz ixracatçısı, həm də Xəzər dənizində külək enerjisi layihələrinə start verən ölkə kimi bu kontekstdə unikal rol oynayır.

İkincisi, regional sabitlik amili. Cənubi Qafqazda balanslı siyasət yalnız Bakının iştirakı ilə mümkündür. Gürcüstanın daxili siyasi qeyri-sabitliyi və Ermənistanın strateji qeyri-müəyyənliyi fonunda Azərbaycan yeganə proqnozlaşdırıla bilən tərəfdaşdır. Aİ-nin regionda həyata keçirdiyi Şərq Tərəfdaşlığı təşəbbüsü illərdir siyasi sabitlik problemi ilə üzləşdiyi halda, Azərbaycan sabit dövlət idarəetməsi və müstəqil qərarvermə modeli ilə fərqlənir.

Üçüncüsü, nəqliyyat və logistika. Qlobal logistika sistemində sarsıntılar Avropanı alternativ yollar axtarmağa vadar etdi. Orta Dəhliz anlayışı geosiyasi reallığa çevrildi: Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və Zəngəzur dəhlizi (TRIPP) Avropanın Asiya ilə təhlükəsiz, səmərəli və qısaldılmış əlaqə arteriyasıdır.

Dördüncüsü, siyasi etibarlılıq və qərarvermə çevikliyi. Avropa institutlarının qərarvermə prosesi çoxpilləli və bəzən ləngdir. Azərbaycan isə çevik diplomatik təfəkkür, sürətli adaptasiya bacarığı və rasional prioritetləri ilə fərqlənir. Bunlar Avropanın strateji planlarında Bakını etibarlı və effektiv tərəfdaş kimi göstərir.

Bütün bu amillər bir araya gəldikdə, Aİ–Azərbaycan münasibətləri ehtiyacdan tərəfdaşlığa keçid mərhələsinə daxil olur. Bu gün Avropa Azərbaycanın enerji ehtiyatlarına, regional sabitlik potensialına və siyasi rasionalizminə ehtiyac duyur. Sabah isə Avropa institutları bu münasibətləri kiçik, amma təsir gücü yüksək dövlət modelinin nümunəsi kimi təqdim edə bilər.

Sonda onu da qeyd edək ki, belə bir model artıq formalaşmaqda olan Azərbaycan diplomatiyasının nüvəsini təşkil edir: dövlətin enerji və iqtisadi resursları sabitlik kapitalına, siyasi rasionalizm isə regiondakı etibarlılıq və strateji təsir vasitəsinə çevrilir. Azərbaycan modeli həm Avropanın praktiki maraqlarını təmin edir, həm də regionda dəyərlər və maraqların yeni sintezini reallaşdırır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət