1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il oktyabrın 15-də imzaladığı “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nun preambulasından.
Yadımdadır, həmin tarixi sənədin – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı”nın qəbul edilməsindən iki-üç gün sonra çalışdığım Azərbaycan Radiosunun redaksiyasına gəlmiş “ziyalı”lardan biri (sonrakı il məlum olmuşdu ki, həmin alim sözün həqiqi mənasında ölkəmizin SSRİ-dən və ya Rusiyadan ayrılmasının əleyhinə idi) baş redaktorumuz Nahid Hacızadəyə demişdi ki, burada sevinməli nə var: “Bir at yükü nöyütlə dövlət saxlamaq olar?” Nahid müəllimin “Olar, olar” – deməsindən sonra həmin adam daha israrla demişdi: “O boyda kişilərin (Azərbaycan Xalq Cümhuriyyətini quranları deyirdi – İ.M.) qurduğu müstəqil dövlət yaşaya bilmədisə, bu uşaqların qurduğu dövlət yaşaya biləcək?”. Redaktorumuz həmin “alim”dən də israrlı idi: “Narahat olmayın, yaşaya biləcək. Əgər öndə gedən qüdrətli lider olsa, müstəqil dövlətimiz yaşayacaq”.
...Hərgah bu gün – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpasının növbəti ildönümü günü həmin rəhmətlik “alim” sağ olsaydı – Allah Nahid Hacızadəyə də rəhmət eləsin – ona bir neçə faktı xatırladardım. Deyərdim ki, dünyanın bütün aparıcı dövlətlərinin başçıları Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşır və onun müdrik lider olduğunu təsdiq edirlərsə, deməli, müstəqil Azərbaycan dövləti yaşayır və hələ əsrlər boyu yaşayacaq.
Həmin adama xatırladardım ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də Misirdə keçirilən beynəlxalq tədbirdə Azərbaycan Prezidentini dünya liderlərinə göstərərək onlara xəbərdarlıq etdi ki, “Onunla düşmən olmaq istəmərsiniz”. Çin Xalq Respublikasının Prezidenti Si Cinpin Azərbaycan Prezidenti ilə bütün görüşlərində respublikamızı Pekin üçün dost dövlət, liderimizi isə özünün dostu, qardaşı adlandırır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidentinin haqlı tələbləri qarşısında cəmi on ay duruş gətirə bildi və nəhayət, bir neçə gün əvvəl Düşənbədə Kremlin ölkəmizə qarşı etdiyi haqsızlıqlara görə peşmançılığını dilə gətirdi və növbəti dəfə üzr istədi. 44 günlük İkinci Qarabağ müharibəsi günlərində rəsmi Bakıya qarşı haqsız və hədsiz ittihamlarla çıxış edən Fransa Prezidenti Emmanuel Makron son günlər Azərbaycan Prezidenti ilə görüşməyə, salamlaşmağa bəhanə axtarır və bəyan edir ki, Parislə Bakı münasibətlərində yeni səhifə yaranır.
Bütün bunları xatırladandan sonra Nahid Hacızadənin qonağı olmuş ziyalımızdan soruşardım ki, bu sadaladıqlarım dövlət müstəqilliyimizin yaşaması və ulu öndər Heydər Əliyevin arzuladığı kimi əbədiləşdirilməsi deyilmi, ay hörmətli alim?
Qərəz, tarixi sənədlərdə oxuyuruq ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bildirilir ki, həmin aktda 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Xatırladaq ki, xalqımız ötən əsrin əvvəlində müsəlman dünyasında ilk müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdi. Çox təəssüf ki, dövlət müstəqilliyimizin bərpasından sonra onillər boyu oktyabrın 18-ni ölkəmizin hər yerində bayram edə bilmirdik. Güclü himayədarlarının siyasi, iqtisadi, hərbi və ümumiyyətlə, hərtərəfli dəstəyindən yetərincə bəhrələnən Ermənistan qədim Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq üçün BMT tərəfindən tanınan ərazilərimizin 20 faizini işğal etmiş və xarabalığa çevirmişdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun əsk-hücum əməliyyatına başlaması – həmin əməliyyatlar sonradan Vətən müharibəsinə çevrilmişdi – nəticəsində qazandığımız şanlı Zəfərdən və düşmənin kapitulyasiya sənədini imzalamasından sonra işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır və 18 oktyabr günü bayram edilir.
Yeri gəlmişkən, bu gün BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarda və Ermənistan istisna olmaqla dünyanın, demək olar ki, bütün ölkələrindəki səfirlik, konsulluq və nümayəndəliklərimizdə dalğalanan üçrəngli bayrağımız məhz Azərbaycan Xalq Cümhuriyyətinin təsis və təsdiq etdiyi dövlət bayrağımızdır. Xatırladaq ki, 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiqləyib.
Dövlət başçımız bu məzmunlu çıxışlarında dəfələrlə xatırladıb ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Məhz həmin dövlətin – müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövləti bu gün nəinki Türkdilli Dövlətlər Təşkilatının mərkəzlərindən biridir, eləcə də BMT və Qoşulmama Hərəkatı başda olmaqla bütün beynəlxalq təşkilatlarda sözükeçən dövlətə çevrilib.
Əgər 2020-ci ilədək Azərbaycanın paytaxtı bütün beynəlxalq təşkilatların mühüm tədbirlərinin keçirildiyi məkana çevrilmişdisə, bu gün artıq regionlarımız, xüsusən, işğaldan azad edilmiş şəhərlərimiz də beynəlxalq tədbirlərə ev sahibliyi edir. Yəni “bir at yükü neftlə” (guya ölkəmizin ərazisində neftin cüzi olduğunu sübut etmək istəyirdilər) dövlət qurub, dünyanın əsas aktorlarından birinə çevrilmiş Azərbaycan dövlətinin qüdrəti bu gün planetin hər yerində etiraf edilir.
Bir neçə abzas əvvəldə Azərbaycan bayrağından söz açmışdıq. Yenidən mövzuya qayıdaraq bir faktı xatırlatmaq istəyirik. Ermənistanın 10 noyabr 2020-ci il tarixli məğlubiyyətindən sonra erməni müxalifətçilərindən biri yazmışdı ki, İlham Əliyev Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü artırdığı dövrdə Ermənistana rəhbərlik edənlər varlanmaqla, xalqın və dövlətin əmlakını mənimsəməklə məşğul idilər. Nəticədə, Azərbaycan tərəfi kosmosdakı peykləri ilə Ermənistan ordusunun bütün texnikalarının yerini dəqiqləşdirdi, vurdu və istədiyinə nail oldu.
Bu faktı xatırlatmaqda əsas məqsədimiz kosmosdakı rabitə və müşahidə peyklərimizin üzərində Azərbaycan Xalq Cümhuriyyətinin təsis etdiyi, müasir müstəqil Azərbaycan dövlətinin isə öpüb gözünün üstünə qoyduğu üçrəngli bayrağımızın silinməz təsvirlərinin olduğunu yada salmaqdır.
Yəni “Bayrağımız uca olsun!” alqışının bundan yaxşı reallaşmasını təsəvvür etmək çətindir. Məmnunuq ki, bir neçə həftədən sonra – noyabrın 10-da şanlı Zəfərimizin 5 illiyi münasibətilə paytaxtımızda keçiriləcək möhtəşəm paradın tribunalarında və Azadlıq meydanından keçəcək hərbi bölmələrimizin əlində bütün bədxahlarımıza göz dağı olan Azərbaycan bayrağı dalğalanacaq. Müstəqiliyin bərpası bizim dövlətimiz və qürurumuzla bərabər, bayrağımızın da bərpasını bəxş etmişdir.
İttifaq MİRZƏBƏYLİ
Əməkdar jurnalist