Füzuli və Cəbrayılın süqutundan sonra düşmənin növbəti hədəfi Zəngilan oldu. 235 şəhid və itkin verən zəngilanlılar 67 günlük mühasirədən sonra doğma yurdlarını tərk etməyə məcbur qaldılar. Düşmən məqsədinə çatdı, Zəngilan işğal olundu. Bu itki yalnız bir rayonun faciəsi deyildi, butövlükdə bütöv bir xalqın tarix yaddaşına həkk olunan acı xatirəyə çevrildi. İşğal illərində Zəngilan sistemli şəkildə dağıdıldı. Düşmən məqsədli olaraq bu torpaqlarda əsrlərlə mövcud olan tarixi izimizi, mədəniyyətimizi hədəfə aldı. Qədim abidələr yerlə yeksan edildi, kəndlər, qəbirlər, məscidlər viran qoyuldu. Zəngilana edilən bu vəhşilik Azərbaycan xalqının milli kimliyinə qarşı yönəlmiş tarixi düşmənçiliyin tərkib hissəsi idi. Zəngilanın işğalı zamanı erməni vandallığının arxasında gizlənən dərin nifrət açıq şəkildə hiss olunurdu. Bu, sadəcə hərbi işğaldan çox Azərbaycan xalqının kimliyinə, mədəniyyətinə qarşı aparılan məqsədli və sistemli müharibə planı kimi yadda qaldı. Talan edilən yalnız evlər deyildi, hər daş, hər ad, hər yaddaş erməniləşdirilməyə çalışıldı. Düşmən Zəngilanı susdurmaqla bir rayonun qədim tarixini saxtalaşdırmaq niyyətini açıq-aydın ortaya qoymuşdu.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, düşmənin qədim yurd yerlərimizin xarabalıqları üzərində inşa etdiyi istehkamlar və hərbi bazalar bir daha təsdiqləyirdi ki, onlar torpaqlarımızdan çıxmaq niyyətində deyillər. Onların sülh istəyi əslində dağıdıcı, məkrli bir siyasətin tərkib hissəsidir. Əgər bu belə olmasaydı, cəbhə xətti boyunca yeni təxribatlara yol verilməzdi. Bu addımlar bölgədə gərginliyi artırmaq və status-kvonu öz maraqları naminə dəyişmək məqsədi daşıyırdı.
Amma ölkəmizin sülh çağırışları və bölgədə əmin-amanlığın qorunması istiqamətində göstərdiyi səylər təəssüf ki, qarşı tərəfin eskalasiya cəhdlərinə meydan verdi. Nəticədə azğınlaşan düşmən Tovuz istiqamətində və sərhəd boyunca hücuma keçdi.
Belə bir şəraitdə müharibə qaçılmaz oldu və Azərbaycan öz suveren hüquqlarını qorumaq məqsədilə qətiyyətli və sarsıdıcı cavab tədbirlərinə əl atdı. 44 günlük Vətən müharibəsi tarixə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən şanlı zəfər kimi həkk olundu, Ermənistan ordusu isə ağır məğlubiyyətə uğradı. Azərbaycan Ordusunun peşəkarlığı və xalqın milli həmrəyliyi bu zəfərin əsas təməlini təşkil etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun ardıcıl uğurları nəticəsində Zəngilan rayonu da düşmən işğalından azad edildi. Bu əməliyyat həm hərbi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Zəngilanın azadlığı ilə Azərbaycan-İran sərhədi boyunca dövlət nəzarəti tam bərpa olundu, 132 kilometrlik sərhəd xətti üzərində suverenlik təmin edildi. Zəngilanın azad olunması ölkəmizin geosiyasi mövqeyini gücləndirən strateji dönüş nöqtəsinə çevrildi. Bu unudulmaz qələbədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi qeyd olunur və təqvimin bu günü ölkəmizdə azadlıq, qayıdış və milli qürur simvolu kimi dərin ehtiramla anılır.
İşğaldan azad edilən Zəngilan sürətlə bərpa olunur. Ağalıda müasir evlər, məktəb, bağça, tibb məntəqəsi və rəqəmsal xidmətlər yaradılıb. 175 ailə doğma torpaqlarına qayıdıb, işlə təmin olunublar. Kənddə yaşıl enerji, su elektrik stansiyası, günəş panelləri və ekoloji texnologiyalar tətbiq edilib. Yüksək sürətli internet və təhlükəsizlik sistemləri mövcuddur.
Zəngilan şəhərinin inkişaf planı təsdiqlənib. Hava limanı, dəmir və avtomobil yolları bölgəni nəqliyyat qovşağına çevirir. XIX əsr Zəngilan məscidi bərpa olunub, yeni ibadət kompleksi tikilib. Azərbaycan dövləti Zəngilanın bərpası və inkişafı istiqamətində qətiyyətlə və ardıcıl şəkildə fəaliyyət göstərir.
Deputat yekunda bildirib ki, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə azad Zəngilan müasir və yenidən doğulan yurd yerimiz kimi durmadan inkişaf edir. Zəngilanın azad olunması Zəfər savaşımızın nə qədər önəmli hissəsi idisə, rayonda aparılan quruculuq işləri də bir o qədər dövlətimizin iqtisadi və siyasi güc göstəricisidir. Dövlətimizin qüdrəti zəngilanlıların doğma torpaqlarına qürur və inamla qayıdışını təmin edir.