Gəncə Şəhər İcra Hakimiyyəti və Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Gəncə Bölməsində “Kənd təsərrüfatının inkişafında aqrar sahədə innovasiyaların və texnologiyaların rolu” mövzusunda elmi-praktik respublika konfransı keçirilib.
Tədbirdə respublikanın müxtəlif bölgələrindən – Bakı, Gəncə, Naxçıvan, Tovuz və Samuxdan elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Konfrans öncəsi foyedə Gəncə alimlərinin elmi nailiyyətlərinə həsr olunan sərgi nümayiş olunub.
Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyev ilə Vətən şəhidlərinin xatirəsinin anılması ilə başlayıb. AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbiri açaraq forumun aktual problemləri müzakirə etməyə xidmət etdiyini və iki gün davam edəcək konfransdan mühüm nəticələr gözlədiyini bildirib.
Aparıcılıq edən Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova ölkə rəhbərliyi tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan söz açıb, tədbirin proqramı barədə iştirakçılara məlumat verib və təşkilati dəstəyə görə AMEA-nın Gəncə Bölməsinə təşəkkürünü bildirib.
Plenar iclasda bir sıra nüfuzlu elm adamları – Elmar Allahverdiyev (Tərəvəzçilik ETİ), Mahir Hacıyev (Heyvandarlıq ETİ), Vüqar Səlimov (Üzümçülük və Şərabçılıq İnstitutu), Günel Seyidzadə (Naxçıvan KTN ETİ), eləcə də özəl sektor və digər qurumların nümayəndələri çıxış ediblər. Çıxışlar zamanı yeni texnoloji qurğuların nümayişi və onların iş prinsipləri haqqında da məlumat verilib. Nümayəndələr həmçinin öz elmi nəşrlərini bir-birlərinə təqdim ediblər.
Konfrans işini altı bölmə üzrə davam etdirib. Bölmələrdə torpaq ehtiyatlarının idarə olunmasından tutmuş, heyvandarlıqda və bitkiçilikdə innovativ texnologiyaların tətbiqinə, həmçinin kənd təsərrüfatı iqtisadiyyatının planlaşdırılmasına dair müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Konfrans qonaqları Gəncə şəhərinin tarixi və görməli yerlərini də ziyarət ediblər.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə