Özbəkistanda keçirilən muğam üzrə II Beynəlxalq forumda Azərbaycan da iştirak edir

post-img

UNESCO və İSESKO-nun himayəsi altında Özbəkistanın Cizzax vilayətinin Zamin şəhərindəki “Zaminsoy” kompleksində muğam üzrə II Beynəlxalq forumun açılışı olub.  

Dörd gün çəkəcək musiqi bayramında dünyanın 80-dən artıq ölkəsindən gələn 400-dən çox nümayəndə iştirak edir. 

Açılış mərasiminə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktota Raimkulova, TÜRKPA-nın Baş katibi Mehmet Surayya Er, UNESCO Baş Konfransının prezidenti xanım Simona Mikulesku, ICESCO-nun baş direktoru Səlim əl-Malik, Türkiyə Prezidentinin baş məsləhətçisi Yalçın Topçu, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maqsutov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanda fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər qatılıb. 

Azərbaycandan gələn nümayəndə heyətinin tərkibində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Səyavuş Kərimi, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Azərbaycan Mədəniyyət Nazirliyinin və TÜRKSOY-un xətti ilə ölkəmizdən gələn alimlər, gənc ifaçılar var. 

Kompleksin ərazisində Özbəkistanın 14 regionunun adət-ənənələrini, həyat tərzini əks etdirən etnoqrafik şəhərcik-pavilyonlar, yerli mədəniyyət və incəsənət nümunələri nümayiş etdirilib. 

Musiqi bayramını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açaraq bu münasibətlə tədbir iştirakçılarını təbrik edib, muğam sənətinin ölkənin simvolu olduğunu, özbək xalqının mənəvi həyatında mühüm yer tutduğunu bildirib. Dövlət başçısıdeyib ki, müsəlman Şərqində Fərabi, Biruni, İbn Sina, Əlişir Nəvai, Babur və digər dahi şəxsiyyətlər muğamın inkişafına böyük töhfələr verib. XX əsrdə Özbəkistanda bu ənənəni Abdurauf Fitrət, Yunus Rəcəbi, muğam ifaçıları-Kamiljon Ataniyazov, Turqun Alimatov, Fəttahxan Mamadaliyev və digərləri davam etdirib. 

Şavkat Mirziyoyev təkrarsız muğam sənətinin UNESCO-nun bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına  daxil edilməsinin təsadüfi olmadığını vurğulayıb. 

UNESCO Baş Konfransının prezidenti, xanım Simona Mikulesku, ICESCO-nun baş direktoru Səlim əl-Malik öz çıxışlarında Şərq dünyasında muğam sənətinin əhəmiyyəti haqqında söhbət açıblar. 

Sonra klassik mahnı və rəqslərdən ibarət böyük konsert proqramı təqdim olunub. 

Forum çərçivəsində muğam sənəti ilə bağlı beynəlxalq elmi-nəzəri konfrans, dəyirmi masalar keçiriləcək. Festivalda “Ən yaxşı muğam ansamblı”, “Ən yaxşı instrumental solo ifaçısı”, “Ən yaxşı vokal ifaçısı” nominasiyası üzrə qaliblər müəyyən ediləcək. Festivalın Beynəlxalq nümayəndə heyətinin tərkibində Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Hindistan, Misir və Özbəkistan nümayəndələri təmsil olunub.  

Musiqi bayramı iyunun 30-dək davam edəcək. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Cizzax vilayəti, Zamin rayonu

 

 

 











Mədəniyyət