At igidə qardaşdır

post-img

O həm də şəfa qaynağıdır

İppoterapiya animaloterapiyanın, yəni heyvanla aparılan müalicənin bir sahəsidir. Həmin müalicə formasının banisi fransız həkim və psixoloqu Y.Lalleri onunla ötən əsrin 60-70-ci illərində məşğul olub. İppoterapiya dünyada qəbul edilən və tanınan, müxtəlif xəstəlikərin müalicə, remissiya və sağalmasında sosial uyğunlaşma vasitəsi kimi tətbiq edilən müalicə növüdür, lakin onunla həkim-ippoterapevtin, yəni mütəxəssisin məsləhəti ilə məşğul olmaq lazımdır.

Atla müalicənin iki növü var: ipponeterapiya - atla təmas hesabına, raytterapiya - at üzərində gəzinti ilə aparılan müalicədir. İppoterapiya somatik və psixi xəstələrə zədədən sonra və rekonvalessensiya dövründə bərpaedici təsir göstərmək məqsədilə aparılır. Həmin müalicə üsulu ürək-damar, həzm və digər sistem xəstəliklərinin sosial bərpası məqsədi ilə aparılır. 

Antik dövrün məşhur həkimi Hippokrat yaralıların və bir sıra xəstəliklərdən əziyyət çəkənlərin atla gəzintidən sonra sürətlə sağaldığını qeyd edirdi. Son 30-40 ildə atla gəzinti Almaniya, Fransa, İsveçrə, Polşa və Skandinaviya ölkələrində inkişaf edib. Həmin ölkələrdə, ümumən dünyanın 45-dən artıq ölkəsində ippoterapiya ilə məşğul olan xüsusi müalicə mərkəzləri var. Alimlər hesab edirlər ki, atla müalicəvi gəzinti əsasən dayaq-hərəkət sistemi xəstəliklərinin və psixisosial pozğunluqların bərpasında faydalı təsir göstərir.

Atla müalicəvi gəzinti zamanı eyni vaxtda bütün əzələ qrupları işləyir, at üzərində oturarkən müvazinəti itirməmək və yıxılmamaq üçün əzələlər fəal hərəkətdə olur. At belində oturarkən qorxu hissi yoxa çıxır, özünəinam, iradə və dözüm yaranır. Müalicə kompleks şəkildə - müalicəvi gimnastika, masaj və s. ilə aparılır. Uşaq serebral iflici zamanı spasitik sindromların azalması müşahidə olunur.

Müalicəvi bədən tərbiyəsinin bir növü sayılan atla gəzinti - raytterapiya zamanı simpatik sinir sisteminin stimullaşması nəticəsində bütün mübadilə prosesləri fəallaşır. Atın bədən temperaturu insandakından 1,5 dərəcə yüksəkdir və bunun nəticəsində ətraf əzələlərdə qan dövranı yaxşılaşır. Hərəki pozğunluqla müşayiət olunan sinir sistemi xəstəlikləri, inkişaf qüsurları, zədə və operativ müdaxilələrdən sonrakı bərpa prosesi, dayaq-hərəkət aparatı və daxili orqanların xəstəlikləri, sosial uyğunlaşma pozğunluqları zamanı ippoterapiya ilə müalicə olmaq məsləhət görülür. Lakin həmin xəstəliklərin kəskinləşməsi zamanı, hemofiliya və sümük kövrəkliyi ilə müşayiət olunan xəstəliklərdə onun tətbiqi yolverilməzdir.

Müasir dövrdə uroloq və androloqlar birmənalı şəkildə təsdiq edirlər ki, at belində gəzmək prostat vəzi xəstəliklərinin bir nömrəli dərmanıdır.

Süleyman QARADAĞLI

 

Sosial həyat