Türkiyə 16 güclü komanda sırasında

post-img

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında F qrupunda Türkiyə və Çexiya yığmaları arasında baş tutan görüşdə “ay-ulduzlular” rəqiblərinə 2:1 hesabı ilə qalib gəliblər. Bununla da Türkiyə yığması 1/8 finala yüksəlib. 

Dünən Türkiyə-Çexiya yığmaları arsında görüş başa çatan kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin milli komandasının rəhbərliyini və oyunçularını qələbə münasibətilə telefonla təbrik edərək, qarşıdakı oyunlarda parlaq qələbələr arzulayıb. 

Qeyd edək ki, Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz görüşün ən yaxşı oyunçusu adına layiq görülüb. Yeri gəlmişkən, Türkiyə və Çexiya yığmalarının oyununda “antirekord” göstərici qeydə alınıb. Belə ki, matç zamanı isveçrəli baş hakim Sandro Şörer futbolçulara 19 vərəqə (17 sarı, 2 qırmızı) göstərib.

Avropa çempionatının qrup mərhələsini uğurla adlayan yığmalardan biri isə qonşu Gürcüstanın millisidir. Komandanın üzvü Corc Mikautadze Avropa çempionatları tarixində qrup mərhələsinin ilk üç oyununda fərqlənməyi bacaran 9-cu futbolçu olub. Qeyd edək ki, Corc Almaniyada təşkil olunan AVRO-2024-ün bombardirləri siyahısına 3 qolla başçılıq edir.

Portuqaliya millisinin 1/8 finalına yüksələ bilməməsi bu ölkənin azarkeşlərini çox məyus edib. Millinin 39 yaşlı ulduz futbolçusu Kriştianu Ronaldu karyerasında ilk dəfə olaraq böyük turnirlərin (dünya və Avropa çempionatları) qrup mərhələsində qol vura bilməyib.

Xatırladaq ki, qitə çempionatının qrup mərhələsinin oyunlarının başa çatması ilə Avro-2024-də 1/8 finalın bütün cütləri müəyyənləşib.  “Pley-off” mərhələsinə iyunun 29-da start veriləcək. İlk olaraq İsveçrə və İtaliya milliləri üz-üzə gələcəklər. “Pley-off”da qardaş ölkənin rəqibi Avstriya yığması olacaq. Bu matç 2 iyulda baş tutacaq. 

M.HACIXANLI 
XQ

 

İdman