Pomidor tərəvəzdir – çox dərmana əvəzdir

post-img

Pomidor yaz və yay aylarının əvəzolunmaz tərəvəzidir. Onu günün hər saatında yemək mümkündür. Səhər yeməyində və salatlarda çiy, yeməklərdə bişmiş şəkildə  istifadə edilir. Ekspertlər pomidorun şirəsinin özündən daha xeyirli olduğunu deyirlər. Faydaları sonsuz olan bu tərəvəzin şirəsi də bir çox problemləri həll edir.

Pomidoru bu qədər dəyərli edən onun tərkibindəki likopendir. Bu maddə ürək xəstəlikləri və xərçəng riskini azaltmağa kömək edir. Likopen daha çox pomidorun qabığında olur. Qabıq nə qədər qırmızı olarsa, pomidor bir o qədər çox faydalıdır.

Folat, C və K vitaminləri və kaliumla zəngin olan pomidorun 95 faizi isə sudur. Qalan 5 faiz lif və karbohidratlardan ibarətdir. Orta ölçülü pomidorda təxminən 1,5 qram lif var. 

Tədqiqatlar göstərir ki, likopen pis xolesterolu azaldır. Həmçinin iltihabın qarşısını alır və qan damarlarına qoruyucu təsir göstərərək laxtalanma riskini minimuma endirir. Tərkibində yüksək miqdarda likopen olan pomidor dərini günəş yanıqlarından da qoruya bilər.

Bişmiş və ya qurudulmuş, emal edilmiş pomidor, təzəsindən daha çox likopen ehtiva edir. Tomat pastası, ketçup, pomidor şirəsi və pomidor tərkibli souslar orqanizmin ehtiyacı olan likopenin 80 faizini təmin edir. Ancaq bunlardan ən faydalısı pomidor şirəsidir.

Ev şəraitində pomidoru şirə halına gətirib gündə 1 stəkan içmək xolesterin səviyyəsini qısa müddətdə aşağı salır.

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat