Gəncə: Milli Qəhrəmanın anası ziyarət olundu

post-img

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailəsini ziyarət edib.

Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova ilə görüşən rəsmilər qeyd ediblər ki, Azərbaycan xalqı həm I Qarabağ savaşı, həm də Vətən müharibəsində qəhrəmanlıq göstərərək, adını tarixə yazdıran igid oğullarımızla fəxr edir. Belə qəhrəmanlardan biri də Natiq Qasımovdur. O, xalqımızın şanlı tarixində iz qoyan igidlərimizdəndir.   

Dursun Qasımova övladının keçdiyi döyüş yolundan danışıb,onun igidliyindən, mərdliyindən söz açıb. Milli Qəhrəmanın anası övladının əziz xatirəsinə göstərilən ehtirama görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.

Eyni zamanda, Niyazi Bayramov Milli Qəhrəmanın anası Dursun Qasımovanın səhhəti ilə maraqlanıb, bununla bağlı aidiyyəti quruma müvafiq tapşırıq verib. 

Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada tamamlayıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb. Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.

Xatırladaq ki, Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. 25 İyun 2024-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə





Sosial həyat