“Yaşıl düşüncə”nin məkanı genişlənir

post-img

Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Yaşıl düşüncənin yerlərdə təşviqi” layihəsinin icrasına start verib. 

Bu münasibətlə rayon Uşaq–Gənclər İnkişaf Mərkəzində təqdimat mərasimi keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, YAP rayon təşkilatının nümayəndələri, qeyri-hökumət təşkilatlarınının rəhbərləri iştirak ediblər. Əvvəlcə son dövrlərdə ictimai birliyin rayonda həyata keçirdiyi ekoloji layihələrə həsr olunmuş videoçarx göstərilib.     

“Ana Kür” İctimai Birliyinin sədri və layihənin rəhbəri Rüstəm Məlikov mərasimi açaraq, məram və məqsədlərdən danışıb, layihə çərçivəsində görüləcək işlər, gözlənilən nəticələr barədə məlumat verib. Salyan Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Məhərrəm Məmmədov, Şirvan Milli Parkının direktoru Seymur Kərimov, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı mütəxəssisi Gülhüseyn Ağayev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Məhəmməd Ağayev, Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədri Arif Əsgərov, RİH yanında İctimai Şuranın üzvü Sevinc Bünyatova, AYB   Muğan bölməsinin sədri Nəbi İbrahimov, veteran ekoloq Nadir Rüstəmov və başqaları çıxış edərək, iqlim dəyişikliklərinin doğurduğu fəsadların aradan qaldırılmasında Azərbaycan təcrübəsinin rolunu yüksək dəyərləndiriblər. 

Qeyd edilib ki, BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası-COP29 kimi mötəbər tədbirinə ölkəmizin evsahibliyi etməsi cəmiyyətdə “yaşıl düşüncə”nin formalaşmasına, vətəndaşların “yaşıl həyat” tərzinə keçməsinin təşviqinə təkan verəcək. Azərbaycanın “yaşıl gündəliyində” qarşıdakı illərdə görüləcək işlərdən, önəmli layihələrdən bəhs olunub, ölkəmizin enerji istehsalında günəş, külək və su mənbələrinin payının ­2030-cu ildə 30 faizə çatdırılacağı vurğulanıb. Natiqlər təqdim olunan layihənin də aktuallığına diqqət çəkiblər.     

Mərasimdə layihənin ideyalarının daha çox benifisarlar arasında yayılması üçün həyata keçirilən maarifləndirici və praktik işlərdən, gözlənilən nəticələrdən danışılıb. İcra müddətində müxtəlif ekoloji tədbirlərə dəstək verilməsi, Kürboyu ərazilərdə yerləşən məktəblərdə “Dəyirmi masa”ların təşkili, iməciliklərin keçirilməsi,  mövcud yaşıllıqlara  qulluq göstərilməsi, tullantıların yığışdırılması    nəzərdə tutulub. 

XQ

 

Mədəniyyət