Lənkəran Mərkəzi Kitabxanasında “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş mərhum şair İltifat Salehin xatirə gecəsi keçirilib.
Rayon rəsmiləri, şairin ailə üzvləri, yaxın dostları, tanınmış yazarlar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimi AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli açaraq, İltifat Salehin yaradıcılığından danışıb. O bildirib ki, unudulmaz söz sərrafının yaradıcılığı oxucularının ürəyində silinməz iz qoyub və həmişə böyük məhəbbətlə oxunur.
Mərasimdə çıxış edən digər natiqlər də şair İltifat Salehin söz aləmindən sevgi ilə söhbət açıb və onunla bağlı xatirələrini bölüşüblər. Şairlər Ağamir Cavad, Ziyafət Yəhya, Xatirə Xatun, Əfsanə Sultan Xəlilbəyli, yazıçı-publisist Səyavuş Süleymanlı, Xalq artisti Qabil Quliyev, aktrisa, Prezident mükafatçısı Aynur Əhmədova, bəstəkar-musiqişunas Zəminə Tariyelqızı və başqalarının çıxışları maraqla dinlənilib.
Tədbirin bədii hissəsi də yaddaqalan olub. C. Cabbarlı adına 1 saylı Lənkəran şəhər uşaq musiqi məktəbinin muğam üçlüyü sözləri İltifat Salehə aid olan nümunələri ifa edib. Skripkaçı Müqabil Kamandarın, xanəndə Əsəd Məmmədovun ifaları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb. Sözlü-nəğməli gecədə məktəblilər şairin poeziyasından nümunələr səsləndiriblər.
Sonda şairin qızı Afaq Eyvazova İltifat Saleh yaradıcılığına verilən yüksək dəyərə görə mərasimin təşkilatçılarına minnətdarlığını bildirib.
XQ