Düşənbədən Bakıya sənət çələngi

post-img

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri

Ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri uğurla start götürüb. Heydər Əliyev Mərkəzində təntənəli açılışdan əvvəl qonaqlar “Tacikistan rəssamlarının  əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimləri” sərgisini maraqla qarşılayıblar. Azərbaycanın və Tacikistanın Mədəniyyət nazirləri Adil Kərimli və Matlubahon Sattoriyon mərasimdə çıxış edib,  mədəniyyət günlərinin ölkələrimiz arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəyini bildiriblər. Sonra qonaq ölkənin incəsənət ustalarının böyük konsert proqramı təqdim  olunub. 

Mərasimin gözəl aurası mədəniyyət günləri ilə bağlı təşkilati işlərin olduqca yüksək səviyyədə görüldüyünü aşkar göstərirdi. Hər tərəf bayramsayağı bəzədilmişdi. Başlıcası isə bütün təqdimatlar, ifalar gözəl ovqat yaradırdı. Mərasimin iştirakçıları hamılıqla parlaq çıxışların, unudulmaz anların şahidi oldular.        

Tacikistan Rəssamlar İttifaqının sədri Nərgiz Həmidova jurnalistlərə müsahibəsində bu barədə böyük həvəslə danışdı:  

– İstənilən mədəni tədbir, əlbəttə ki, bayramdır. Könüllərin bayramı, köhnə tanışlarla, dostlarla yenidən görüş, yeni tanışlıqlar bayramıdır. İncəsənətin sərhədləri yoxdur. İncəsənət xalqları birləşdirir. Bu gün biz incəsənət nümayəndələri Tacikistan və Azərbaycan xalqlarının dostluğunun möhkəmlənməsinə öz töhfəmizi verməyə çalışırıq. Fürsətdən istifadə edərək,   bizim ekspozisiyamız üçün Heydər Əliyev Mərkəzi kimi gözəl binanın, müasir  sərgi salonunun təqdim olunmasına görə təşkilatçılara minnətdarlığımı bildirirəm.    

Qeyd edək ki, sərgidə Tacikistanın müxtəlif üslublarda, istiqamətlərdə və müxtəlif janrlarda çalışan görkəmli rəssamlarının 30-a yaxın əsəri təqdim edilir.  Tacikistan Sənətkarlar İttifaqı üzvlərinin dekorativ və tətbiqi sənət əsərləri, həmçinin “Noor Art” qalereyasının kolleksiyası da zövq oxşayırdı. Seyrçilər məşhur tacik dizayneri Xurşed Sattorovun parlaq və orijinal modellərinə xüsusilə heyran qaldılar.

...Nizami Kino Mərkəzində isə Tacik Kinosu Günlərinin açılışı olub. Mərasimdə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, “Tacikfilm”in baş direktoru Mahmadsaid Şoxiyon, Tacikistan Kinematoqrafçılar İttifaqının sədri Səfər Hakdodov xalqlarımızın dostluğu, kino ustalarımızın əlaqələri barədə danışıb, yaradıcı əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduqlarını bildirdilər. 

Mərasimdə Xalq artisti Tariyel Qasımova “Tacikistan kinosunun əlaçısı” medalı təqdim olundu. Fərəhli haldır ki, 85 yaşı qeyd olunan görkəmli aktyorumuz dəfələrlə Orta Asiya respublikalarında – “Tacikfilm”, “Özbəkfilm”, “Türkmənfilm”in kinolarında rollara çəkilib. Həmin gün onun da rol aldığı məşhur tacik filmi “Rüstəm və Söhrab” (1969), dünənki seansda “Şöhrətlənən Sarəzm” filmi göstərildi. Bu günsə kinosevərlər “Tale” (“Fortuna”) bədii filmini izləyə biləcəklər. Kino Günlərinin bağlanışı sabah “Güzgü” filmi ilə olacaq.

Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin ürək sözləri:

– Tacikistan Mədəniyyəti Günləri məndə daha çox fərəh yaradır. Çünki “Varlı qadın” pyesim hələ 16 il əvvəl Tacikistanda oynanılıb. Buna vəsilə isə 2007-ci ildə Bakıda keçirilmiş “Tacikistan mədəniyyəti günləri” olub. O vaxt qonaqlar məndən kitabımı almışdılar, 4–5 aydan sonra məni Düşənbəyə premyeraya dəvət elədilər. Gedə bilmədim, amma bir müddət sonra Tacikistanda “Azərbaycan Mədəniyyəti Günləri” keçiriləndə mən də nümayəndə heyətinin tərkibində Düşənbəyə getdim və V.Mayakovski adına Dövlət Rus Dram Teatrında  rus dilində hazırlanmış tamaşaya baxdım. Eyni vaxtda daha bir teatr – Vohidov adına Tacikstan Dövlət Gənclər Teatrı da  əsəri tacik dilində tamaşaya hazırlamışdı. Həmin tamaşa Orta Asiya ölkələrinin II Beynəlxalq teatr festivalında iki nominasiya üzrə mükafata və qızıl medala layiq görülüb. Onu da deyim ki, daha sonra “Varlı qadın” Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər respublikalarda  da səhnələşdirilib. Yəni, tacikistanlı rejissor Sultan Osmonovun ilk təşəbbüsü düşərli olub. Mədəniyyətlərin birliyi, bax, budur!   

Xatırladaq ki, Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında qardaş ölkənin incəsənət ustalarının konserti ilə yekunlaşacaq.    

Ə.ƏLİYEV 
XQ

 





Mədəniyyət