Cabbarlı Firəngizinin canlı təcəssümü

post-img

(Portret-oçerk)

“Aslan Qəhrəmanovun “Səni ax­tarıram” teletamaşasının nümayi­şindən sonra küçəyə çıxa bilmirdim. Atam rəhmətlik deyirdi ki, axşam yatanda Bəhər müəllim idim, Firən­giz adında qızım vardı, səhər oyan­dım oldum Firəngiz Mütəllimovanın atası Bəhər müəllim. Populyarlıq yaxşıdır, amma insanlardan uzaq­laşırsan, həyatdan təcrid olursan. Hətta səninlə evlənmək istəyənlər də yaxın durmurlar ki, bizi bəyən­məz”. 

Bu fikirləri bizimlə bölüşəndə onun 60 yaşı vardı. İndi 65-ni qeyd edir. Qeyd edir deyəndə ki, o, ad günləri ke­çirməyi xoşlamır. “Sadəcə, yaş üstünə daha bir yaş gəlir, ömürdən bir il də gedir”,– deyir. Amma illər insanı təkcə yaşlandırmır, həm də təcrübəsini artırır, kamilləşdirir. Hətta bir il əvvəl dediyi fikri dəyişdirməyə sövq edə bilir. Qəh­rəmanımız da sevimli obrazının onun taleyində oynadığı rol barədə fikrini də­yişib. Amma bu barədə sonda yazaca­ğıq. Hələlik onun bugünə qədərki həyat və sənət yolunu vərəqləməyə çalışaq... Beləliklə, həmsöhbətimiz bu gün 65 yaşı tamam olan Xalq artisti, Prezident təqaüdçüsü Firəngiz Mütəllimovadır. 

1959-cu il aprelin 3-də Şuşaya lo­pa-lopa qar yağanda Bəhər müəllimin evində bir körpə dünyaya gəlir. Atası qız balasının ad günü bayrama düşsün deyə, onun doğum tarixini 1 maya yaz­dırır. 

“Atamla anam hər ikisi müəllim idi. Biz hər il mayın 1-də ailəlikcə nümayişə gedərdik. Yadımdadır, onda Şuşanın qarı hələ yavaş-yavaş əriməyə başlayardı”.

Cəfər Cabbarlının əsərlərini çox sevən Bəhər müəllim qız övladının “Od gəlini” əsərinin qəhrəmanının adı ilə Firəngiz adlandırır. Firəngiz ailənin ilki idi, ondan sonra iki qardaşı olub. Hər ikisi dünyasını dəyişib. Bacıları İlhamə ilə Nərgiz sonradan, Firəngizlə qardaşı universitetdə oxuyanda doğulublar. 

“Atam yenə şən idi, anam isə ağlayırdı”

Ailənin böyük övladı orta məktəbi Şuşada bitirib. Evdəkilərə deyəndə ki, aktrisa olacaq, atası gülüb, anası isə ağ­layıb: “Atam dedi, dəymə, utancaq qız­dır, ondan artist olmaz, qəbul olunma­yıb qayıdacaq evə. Gələn il biz deyən instituta qəbul olunar. Mən də, şükür Tanrının kəramətinə, qəbul olundum. Atam yenə şən idi, anam isə elə hey ağ­layırdı”. 

Mədəniyyət və İncəsənət Univer­sitetinə qəbul imtahanını ondan Adil İsgəndərovla Mehdi Məmmədov gö­türüblər. Rza Təhmasibin kursuna dü­şüb, amma altı ay sonra ustad rəhmətə gedib. Onlara Böyükağa Kazımov dərs deyib. Son kursa qədər Firəngizi aktrisa kimi qəbul etməyib, deyib ki, gəl səni keçirək başqa ixtisasa. Razılaşmayıb. “Aktrisa olmaq arzumun qarşısına heç nə əngəl ola bilməz”, – deyib. 

Kursun diplom tamaşasına baxan Akademik Dram Teatrının baş rejissoru Tofiq Kazımov Zemfira Nərimanova, Bəsti Cəfərova, İlham Əsgərov, Saleh Babayev və Firəngiz Mütəllimova­nı teatra işə götürür. Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşasında Qumral obrazı Firəngizin səhnədə ilk perfor­mansıdır. Qısa müddətdə Akademik Milli Dram Teatrının səhnəsində Gözəl (“Qılınc və qələm”, M.S. Ordubadi), Qumral (“Əliqulu evlənir”, S. Rəh­man), Bəyim (“Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev), Aynur (“Büllur saray­da”, İ.Əfəndiyev), Mələk (“Bizim qə­ribə taleyimiz”, İ. Əfəndiyev), Gülnaz (“Mahnı dağlarda qaldı”, İ. Əfəndiyev) kimi obrazlara imzasını atıb. 

Bu obrazların hər biri tamaşaçının yaddaşında qalıb. “Qanlı Nigar”da­kı Nədidə isə onun teatr səhnəsində­ki rollarının vizit kartı sayılır. Arvad (“Mənim ərim dəlidir”, Elçin), Gülzar (“Poçt şöbəsində xəyal”, Elçin), Sevər (“Bu dünyanın adamları”, H.Orucov), Həvva (“Varlı qadın” Ə. Əmirli), Raisa (“Mesenat”, Ə. Əmirli), Kərbəlayi Fat­manisə (“Almaz”, C. Cabbarlı) obrazla­rı aktrisanın teatr yaradıcılığının ikinci dövrünə aiddir. 

Kərbəlayi Fatmanisənin üzərində xüsusi dayanmaq istərdim. Çünki C.Cabbarlının əsərlərində oynamaq onun ən böyük arzusu olub. 

“60 yaşımda arzuma qovuşdum”

“Orta məktəbdə Cəfər Cabbarlı ilə İlyas Əfəndiyevin əsərlərini çox oxu­muşam. Hamı bilirdi ki, aktrisa olmaq istəyirəm, amma nədənsə müəllimlərim rol bölgüsündə Almazı həkim olmaq istəyən başqa bir qıza verirdlər. İnsti­tutun 3-cü kursunda oxuyanda Zəminə xanımla Fuad Hacıyev məni gətirdilər Azdramada oynanılan “Sevil” tamaşa­sına ki, yeni sima gəlsin səhnəyə. Öz müəllimim Böyükağa Kazımov bunu eşidib əsəbiləşdi, qalmaqal yaratdı. Alınmadı, ancaq bu olayın bir xeyri oldu ki, Tofiq Kazımov məni gördü, ya­dında qaldım. Ağakişi Kazımov televi­ziyada “Solğun çiçəklər”i tamaşaya qo­yanda hamı dedi ki, Sara roluna gərək Firəngizi çəkəydin. Ağakişi müəllim teatrda “Solğun çiçəklər”i hazırladı və Saranı verdi mənə. Altı ay məşq etdik, tamaşanı qəbul etmədilər. Bir dəfə Əlabbas Qədirovla “Oqtay Eloğlu”ndan bir parça oynamışıq”.

Nəhayət, Firəngiz Mütəllimova 60 yaşında C.Cabbarlının “Almaz” əsərin­də Azərpaşa Nemətovun quruluşunda Fatmanisəni canlandırıb. Onun Fatma­nisəsi əvvəlki Fatmanisələrdən fərqli idi. Səhnədə tamaşaçı alışdığı qəlyan çəkən, belibükük Fatmanisəni deyil, lazımı məqamlarda yaşına xas olmayan çeviklik göstərən, hər vəziyyətə “tfu” deyə reaksiya verən yeni Fatmanisəni görürdü. 

“Məndən çox soruşdular ki, niyə Fatmanisə rolunu oynamağa razı oldun? Dedim ki, hər dövrün öz hökmü olur, bu yaşımda Almaz oynayası deyiləm. 60 yaşında gənc qızları canlandıran aktri­salarımız olub, bugünün tamaşaçısı onu qəbul etməz. Nə qədər formada olsa da, hər yaşın öz obrazı var. Yolu açmaq la­zımdır, səhnəyə gənclər gəlsin, biz sağ ikən onlar yetişsin. Fatmanisə indiyə qədər oynadığım rollardan çox fərqli xarakterdir”.

Firəngiz Mütəllimovanın canlandır­dığı maraqlı qadın obrazlarından biri də “Bizim qəribə taleyimiz” tamaşasındakı narkoman Mila obrazıdır: 

“Bu obraz sənət taleyimdə bir dö­nüş oldu. Gülnardan sonra hansı tama­şada oynayırdımsa, tamaşaçı Gülnara baxmağa gəlirdi. Məlahət–Mila obrazı yaxşıdır, pisdir, niyə həyatı belə olub, tamaşada açılmamışdı. İlyas müəllimə dedim ki, Milaya bir monoloq yazın ki, orda bunun acı taleyi açılsın. Yəni heç kim anadan narkoman, oğru doğulmur, onu bu yola salan həyatdır. Allah rəhmət eləsin, İlyas müəllim yazdı. O monoloq bütün tamaşanı tamamladı. Tamaşa ilə Türkiyəni qarış-qarış gəzdik, Almani­yada olduq. Mila obrazı sənət taleyimdə dönüş etdi”. 

“At çapa bilmədiyim üçün Həcəri oynaya bilmədim”

Azərbaycan Dövlət Televiziyasında hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa edən Firəngiz Mütəllimovanın, şübhəsiz ki, ən böyük obrazı Aslan Qəhrəmanovun “Səni ax­tarıram”, “Bağışla”, “Səndən xəbər­siz” tamaşalarındakı Gülnardır. Aktrisa onun ardınca Mərcan (“Evləri köndələn yar”), Ana və qız (“Unutmaq olmur”), Nazan (“Yad qızı”), Almaz (“Topal Teymur”), Gülər (“Göz həkimi”) və s. rollar yaradıb. 

“Xoşbəxtəm ki, televiziyanın “Qı­zıl fondu”nda ən çox tamaşası olan ar­tistəm”. 

Aktrisanın kino qalareyasını o qə­dər də zəngin hesab etmək olmaz. O, bunu teatrda çox məşğul olması ilə bağlayır. Deyir, səhər teatra girib axşam çıxırdım. Həmin dövrdə Firəngiz xanı­mın teatr rollarına nəzər yetirəndə fakt öz təsdiqini tapır. 

O, bəzən də dəvət olunduğu film­lərdə məyusluqla rastlaşıb. Sınaqlardan keçməyib. 

“Nəhayət, Ceyhun Mirzəyevlə Vaqif Mustafayev iki filmdə çəkdilər məni – “Bəyin oğurlanması” və “İşarə­ni dənizdən gözləyin”də. Elxan Qası­movun “Qocalar, qocalar”ında da rol aldım. “Qaçaq Nəbi”də kiçik rolum olub. Həsən Turabov məni Həcər ob­razına çəkmək istəyirdi. Mən at minə bilmədim, yəhərdə əsim-əsim əsirdim. Hamı gülürdü, Turabov tərəfimi tuturdu ki, öyrənəcək. Öyrənə bilmədim. “Sizi dünyalar qədər sevirdim” filmində Həzi Aslanovun həyat yoldaşını oynamağa dəvət etdilər. O qədər incimişdim ki, bu dəfə özüm getmədim.

Şamil Nəcəfzadə “Qala” filminə məni sınaq çəkilişi etmədən çəkdi. Ob­raz məxsusi mənim üçün yazılmışdı”. 

“Həyatdakı rolum”

Kinoda, teatrda, teletamaşalar­dakı rollarından bəhs etdik. Bir də insanın şəxsi həyatdakı rolundan da­nışdıq:

“Çox gənc yaşlarımdan elə həyat hadisələri ilə rastlaşdım ki, hamıya ina­mım qırıldı, aldanmaqdan qorxdum. Xüsusən oğlanlara inana bilmədim, ona görə də sevə bilmədim. 33 yaşımda İn­giltərə vətəndaşlığı olan azərbaycanlı ilə tanış oldum. “Yad qızı”ndan Nazan kimi tanıdığı üçün diqqətini çəkmişdim. Elə bir dövr idi ki, ölkədə müharibə ge­dirdi, ailəm məcburi köçkün düşmüşdü. Atam ağır xəstə idi. O, yeganə adam oldu ki, cəsarətlə keçdi ata-anamın qar­şısına, dedi ki, sizin qızınızla ailə qur­maq istəyirəm. O vaxta qədər heç kim belə irəli durmamışdı. Elə adamlar elçi gəlirdi ki, onları da mən istəmirdim. Bu­nun o cəsarəti xoşuma gəldi, yoxsa dər­dindən dəli-divanə olub getməmişdim. Hətta bəhanə edib Almaniyaya qastrola getdim ki, gəlib görüm gözləyib, yoxsa gedib. Getməmişdi, gözləmişdi. Teatrda “Otello” tamaşaya qoyulurdu, Dezde­mona oynayacaqdım. Mikayıl Mirzə də Otellonu oynamalı idi. Hər şeyi atıb, qoşulub ona getdim. Ən xoş günlərim onunla oldu, üzüm güldü, həyatın bütün ağırlıqlarını aldı çiyinlərimdən. Sonra atamın vəziyyəti ağırlaşdı, yollarda qal­mışdım, gedirdim İngiltərəyə, gəlirdim Bakıya. O, bura köçmək istəmədi, mən isə orda qala bilmədim. Övladımız ol­madı, çıxıb gəldim, ayrıldıq. Qayıtdım teatra, H.Turabov ştatda yerimi saxla­mışdı”.

“Səni axtarıram” tamaşasından son­ra tamaşaçılar Firəngiz xanımla Yaşar Nurinin arasında sevgi münasibəti ol­duğunu deyirdilər. 

“Yaşar Nurini tamaşadan əvvəl ins­titutdan tanıyırdım. O, müəllim idi, mən tələbə. Həmişə dəhlizdə məni görəndə eyni sualı verərdi: “Sən Ofeliya Sənani­nin qohumusan?” Bir də deyirdi: “Yenə gülür” və özü də gülürdi. Elə o gülüşə görə də “Səni axtarıram” tamaşasına dəvət olundum. Tamaşanın rejissoru Ta­riyel Vəliyev deyəndə ki, Gülnar üçün üzündə əbədi təbəssüm “bitən” bir aktri­sa olmalıdır, Yaşar Nuri deyib ki, bizim bir tələbəmiz var, elə hey gülür. Mənim həyatda idealım, xəyalımda yaratdığım, sevə biləcəyim adam tamam başqa idi. Yaşarla ailəvi dost olmuşuq, qastrola gedirdik, ailəsi onu mənə həvalə edirdi ki, yeməyinə, geyiminə nəzarət edim”.

“Arzum Şuşada yaşamaqdır”

“Bacanaqlar” serialından sonra kommersiya filmlərinə getmirəm, çün­ki hamısı bir-birini təkrarlayır. Müla­yim xasiyyətimdən sui-istifadə etmək istəyənlər var, bəzən qəpik-quruşa çə­kiləcəyimi düşünürlər, amma elə de­yil. Liderliyi sevənəm, özümə qiymət verənəm, adamı da gözünə baxan kimi tanıyıram”.

Firəngiz Mütəllimova 12 il pedaqo­ji fəaliyyətlə məşğul olub. ADMİU-də 3 kurs yetişdirib. Səhhətində yaranan problemlə bağlı işdən çıxmalı olub. Uzun sürən müalicədən, əməliyyat­lardan sonra həyata qayıdan aktrisaya indi sakit, rahat həyat sürmək lazım idi. “Teatrda Bədii Şuranın üzvüyəm, bü­tün yeni tamaşalara baxıb rəy verirəm. Dövlət tədbirlərində iştirak edirəm. Pre­zident təqaüdü alıram”. 

Firəngiz xanımla 60 yaşının astana­sında söhbət edəndə demişdi ki, Tanrı­dan bircə istəyi var: “Bircə dəfə Şuşanın havasını ciyərlərimə çəkmək qismətim olsun”.

İndi isə dedi: 30 il ən böyük arzum Şuşaya qovuşmaq idi, çox şükür qovuş­dum. İndi gedib-gəlirəm evimizə, Şuşa mənim ruhumdur. Ora gedəndə özümü 15 yaşımdakı kimi hiss edirəm. İndi də ən böyük arzum Şuşada yaşamaqdır”.

Sonda soruşduq: –Yaradıcılığınızın və həyatınızın ana xəttini təşkil edən Gülnar obrazı barədə müxtəlif illərdə fərqli fikirlər söyləmisiniz. Bəzən onu günahlandırmısınız, bəzən sevmisiniz, bəzən də qınamısınız. Bir gün qarşınıza çıxsa, ona nə deyərdiniz? 

– Sakitcə üzünə baxardım, heç nə deməzdim. Gülnar mənim alın yazım idi. Nə yaxşı ki, belə alın yazım olub. Gülnar mənim əkiz tayımdır, elə bilir­dim, xarakterlərimiz fərqlidir. İllər keç­dikcə görürəm onunla bənzərik... 

Ramilə QURBANLI
XQ



Mədəniyyət