San-Marino – Bakıdan 33 dəfə kiçik ölkə

post-img

Vatikan və Monako knyazlığından sonra dünyanın ən kiçik ölkəsi San-Marinodur. San-Marinonun ərazisi cəmi 61 kvadratkilometrdir. Ölkənin nə qədər kiçik olduğunu anlamaq üçün onu paytaxtımız Bakı ilə müqayisə edə bilərik. Belə ki, təkcə Bakı ərazisində 33 San-Marino Respublikası yerləşər. Cırtdan dövlətin əhalisi isə 33 min nəfərdir. Ölkə İtaliya torpaqlarında yerləşir, dövlət dili də italyan dilidir. Kiçikliyinə baxmayaraq, San-Marino Avropanın ən qədim demokratiya ənənələrini qoruyub saxlayan ölkələrdəndir. 

Sakinləri mülayim, xoşxasiyyət, öz xalqının tarixi ənənələrinə bağlı insan­lardır. San-Marino tarix boyu müharibə etməyib, öz ərazisini genişləndirməyə can atmayıb. İnsafən, İtaliya hökumət­ləri bu kiçik şəhər-dövlətin müstəqilliyinə hörmətlə yanaşaraq onun suverenliyinə, ərazi bütövlüyünə müdaxilə etməyib. 

Müqəddəs Marin haqqında rəvayət 

San-Marinonun qurucusu, xristian­ların sağkən müqəddəsləşdirdiyi Marin adlı bənna olmuşdur. IV əsrin birinci ya­rısında xristian dinini qəbul etdiyinə görə təqib edilən daş ustası Marin Dalmatiya­dan Riminiyə qaçır. O, yeni məskənində özünü İsa Məsihin ardıcılı elan edərək illərlə xristianlığı təbliğ edir. Zaman keç­dikcə Marinin şöhrəti ətrafa yayılır, onun ruhani gücünə inananların sayı getdikcə artmağa başlayır. 

Lakin o dövrdə Romada xristianları az qala xalq düşməni etmişdilər. Roma imperatorlarının əmrinə görə xristian ol­mağın cəzası çarmıxa çəkilməklə nəti­cələnirdi. Marin bu dəfə onu təqib edən romalıların əlindən Titano dağına qaçır. O, dağın ən xəlvət yerində bir ibadət­gah tikir və burada kiçik xristian icma­sını qurur. Rəvayətə görə, o, duaların gücü ilə xəstələri sağaldırmış. Marinin Felisissima adlı zəngin dul qadının iflic oğlunu ayağa qaldırması insanları onun həqiqətən müqəddəs olduğuna inandırır. Felisissima isə xristianlığı qəbul edərək Titano dağının ətrafında özünə məxsus iri torpaq sahələrini keşiş Marinə bağış­layır. 

Monarxiyalar içində respublika 

Beləliklə, “müqəddəs Marin ölkəsi” kimi tanınan bu ərazi əvvəlcə dini icmaya aid olub. Sonralar isə uzun müddət Papa və Montefeltro yepiskopunun təsiri altına düşsə də, daxili muxtariyyətini qoruyub saxlayıb. İcma üzvlərinin sayı artdıqca idarəetmə forması düşünüb tapmaq la­zım gəlirdi. Beləliklə, burada "Arenqo" adlanan ailə başçıları şurası yaranır. Şura həm hökumət, həm məhkəmə, həm də qanunverici orqan funksiyasını da­şıyır. “Ailə başçıları şurası”na dini lider rəhbərlik edir. Bu idarəetmə forması XIII əsrin ortalarına qədər sürür.

Tarixdən o da məlumdur ki, İngiltərə­də ilk parlamentin yaradılmasından azı 20-30 il əvvəl San- Marinoda respublika­nın Baş Şurası artıq yaranmışdı. Beləcə, “Arenqo” ölkə əhalisinin sayının çoxal­ması səbəbindən nəhəng bir orqana çev­rilir və ailə başçıları cari işləri idarə etmək üçün əlavə şura yaradırlar. Bu şuranın say tərkibi müxtəlif dövrlərdə qısa müd­dətlik dəyişsə də, çox zaman (elə indi də) 60 nəfərdən ibarət olur. 

Arenqo Şurasında San-Marino şəhə­rini 20 nəfər, Borqo-Maggiore şəhərini 20 nəfər, digər yaşayış məntəqələrini də 20 nəfər müşavir təmsil edirdi. Müşavir­lər bütün təbəqələri - zadəganları, şəhər əhalisini və kəndliləri təmsil edirdilər. 

Demokratiya, oliqarxiya, sosializm…

1560-cı ildən isə San-Marinoda döv­lətçiliyin demokratik əsasları sarsılmağa başlayır. Belə ki, “Arenqo”nun iclasları dayandırılır və Şura yalnız müşavirlərdən biri istefa verdiyi, yaxud vəfat etdiyi halda seçki keçirilməsinə qərar verir. Bir sözlə, müşavirlər səlahiyyət müddəti başa ça­tana qədər deyil, ölənə qədər vəzifədə qalmağa davam edirlər. Beləcə, dövlət üç əsrdən çox müddət ərzində get-gedə de­mokratik imicini itirərək daha çox oliqarxi­ya idarəetmə tipini mənimsəməli olur. 

Bu vəziyyət 1906-cı ilədək da­vam edir. Həmin il San-Marino Xalq Assambleyası ölkəni ilkin formasına qay­tarır. Beləliklə, “Arenqo” şuranın yeni üzvlərini müntəzəm olaraq seçməyə baş­layır. 1920-ci ildən etibarən respublikada yetkin kişilərin ümumi seçki hüququ yara­nır və yalnız 1960-cı ildə qadın vətəndaş­lara səsvermə hüququ verilir. XX əsrin əvvəllərində ölkədə Katolik Xalq Parti­yası, Sosialist Partiyası və Demokratik Partiya kimi bir sıra siyasi partiyalar mey­dana çıxır. Maraqlıdır ki, sonradan ya­ranan Kommunist Partiyası İkinci Dünya müharibəsindən sonra keçirilən seçkilər­də qalib gələrək San-Marinonu 1957-ci ilə qədər sosialistlərlə birgə koalisiyada idarə edib. 

Roma dövlətçilik ənənəsi 

Ümumiyyətlə, San-Marinoda XIII əsr­dən başlayaraq dövlət başçıları seçilirdi. Sakinlər qədim Roma Senatını xatırladan Şuranı yaratdıqları kimi dövlət rəhbərlə­rini də qədim Roma təcrübəsi əsasında seçirdilər. Beləliklə, San-Marino xalqı eynilə Roma Respublikasının konsulları kimi Şuraya və ölkəyə müvəqqəti rəhbər­lik edən iki magistratura qurdular. 

Avropanın ən qədim və maraqlı ölkələrindən olan San-Marinoda demok­ratiya ənənəsi yeddi yüz ildən artıqdır ki, qorunub saxlanılır. Bundan əlavə, ölkə ən qədim respublika konstitusiyasına malikdir. San-Marinonun dövlət Konstitu­siyası 1600-cü ildən bu günə qədər qüv­vədədir. Ən maraqlı fakt isə ondan ibarət­dir ki, San-Marino işğal altına düşməyən yeganə Avropa ölkəsidir. Analitiklərin fikrincə, bu gün dünyada baş verən so­sial və siyasi kataklizmlərə baxmayaraq, San-Marinoda hər hansı müharibə və ya inqilabi dəyişiklik gözlənilmir. 

Murad KÖHNƏQALA

Dünya