Müasir dövrümüzdə Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların milli-mədəni dəyərlərinin qorunması işi dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Eyni zamanda, Azərbaycan multikulturalizmi xüsusi bir fənn kimi universitetlərdə tədris edilir.
Bu baxımdan filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyevin “İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” adlı monoqrafiyası praktik əhəmiyyətə malikdir. “Nəfəs” İctimai Birliyi və “Azərbaycanın Dostları Təşkilatı”nın dəstəyi ilə “Huner Group”un baş ofisində bu kitabın təqdimatı keçirilib. Mərasimdə ictimai birliyin sədri Firəngiz Balakişiyeva, “Azərbaycanın Dostları Təşkilatı”nın rəhbəri Billurə Bayramova–Bernard, filologiya elmləri doktorları, professorlar Seyfəddin Rzasoy və Asif Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun direktoru Əkrəm Abdullayev, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Folklor İnstitutunun əməkdaşları, “Lahıc” folklor qrupunun üzvləri, regionda yaşayan azsaylı xalqların nümayəndələri iştirak ediblər.
Kitabda müəllifin ilk monoqrafiyası olaraq, İsmayıllı etnomühitində özlərinə layiqli yer tutmuş və milli–mədəni kimliklərini qoruyan azsaylı xalqların – lahıc, ləzgi, hapıt, molokan və etnoqrafik qrupun – Axıska türklərinin folklor ənənələri araşdırılır. Monoqrafiyada hər bir nümunə qeydə alındığı dildə, bəzi məqamlarda isə tərcüməsi ilə təqdim edilib. Tədqiqat işində həm də azsaylı xalqların folklorundakı bilinqvizm dil mühiti səciyyələndirilib. Tədqiqat aspektləri belə kompleks və sistemli şəkildə ilk dəfə araşdırılır.
Böyük zəhmət bahasına ərsəyə gələn bu kitabda İsmayıllı folklor mühitinin ümumi mənzərəsi və multikultural ənənələr, folklor mühitində azsaylı xalqların yeri, epik, lirik və mərasim folkloru adlı fəsillərdə müxtəlif nümunələr toplanıb. Burada məharətlə seçilmiş inanc və sınamalar, rəvayətlər, nağıllar, şəbədələr, qarğışlar, alqışlar, maraqlı əhvalatlar, ağılar, eyni zamanda, ləzgilərin, hapıtların, malakanların (ingilis, rus və malakan və ləzgi dillərində) folklor nümunələri xüsusi maraq doğurur.
Layihə rəhbəri akademik Muxtar İmanov olan kitabın ön sözünün müəllifləri filologiya elmləri doktorları, professorlar Asif Hacıyev və Mayıl Əsgərov, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlidir.
Kitab Anqolada yaşayan azərbaycanlı Billurə və fransız Antuan Bernardlar cütlüyünün maliyə dəstəyi ilə işıq üzü görüb.
Zərifə BƏŞİRQIZI
XQ