Ülviyyə Fətəliyeva sələflərinin yolunu uğurla davam etdirir
Elm, ağıl, zəka sahibi olanlar tarixin bütün mərhələlərində öz cəmiyyətlərini, xalqlarını millətlərini fərqləndirərək zirvəyə yüksəldiblər. Bu günlər Avropanın ən güclü şahmat ölkələrinin yüksək reytinqli zəka ustaları arasında mübarizədə rəqib tanımayan Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva kimi...
Bu məqamda intellektual idman növündə son illər qadınlarımızın uğurlarını xüsusi qeyd etməliyik. Çünki nəticə nə sürpriz, nə də gözlənilməz deyildi. İstər komanda, istər fərdi yarışlarda, istərsə də dünya reytinqində qadın şahmatçılarımızın sürətlə irəliləməsi cəmiyyətimizdə gender siyasətinin uğurla həyata keçirilməsinin ən yaxşı nümunəsi sayıla bilər. Məhz müstəqil Azərbaycanda yaradılan geniş imkanlar sayəsində bu gün qızlarımız həyatın bütün sahələrində Avropanın ən güclüləri sırasında yer almağa nail olurlar. Şahmatçı qızlarımızın ən böyük nailiyyətləri son illərə təsadüf edir. 2022-ci ildə ilk dəfə qadınlarımız şəxsi yarışlarda mükafatçılar sırasında yer alıblar. Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva bürünc medal qazanıb. Şahmat tariximizdə ilk dəfə 2019-cu ildə qadın yığmamız komandalararası Avropa çempionatının bürünc mükafatına layiq görülüb. Növbəti analoji yarışda da bürünc medal qazanan komandamız, 2022-ci ildə nəticəsini bir az da yaxşılaşdıraraq gümüş medal alıb. Elə dünya reytinqində ilk 100-lükdə hazırda Azərbaycanın 5 qadın şahmatçısının yer alması qızlar arasında ölkəmizdə bu idman növünün kütləviliyinin nə qədər artdığını göstərir. Müqayisə üçün bildirək ki, şahmatın vətəni olan Hindistanın 100 şahmatçı sırasında cəmi 4 təmsilçisi var. Düzdür, zəka sahiblərimizin daha ön sıralarda yer alması vaxtı da çatıb.
Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov təmsilçisimizin Avropa çempionatında qalib adını qazanmasının çox böyük nailiyyət olduğunu bildirdi:
– Ülviyyə Fətəliyevanın nəticəsini gözlənilməz saya bilmərəm. Bu idmançı çox zəhmətkeş və əzmkardır. Federasiyanın dəvət etdiyi məşqçilərin köməyi ilə son illər fasiləsiz çalışıb. Bunu hər kəs bilməlidir ki, kim çox işləyir, əziyyət çəkirsə, onun da bəhrəsini görəcək. Ülviyyə zəif idmançı deyil. Onun reytinqi bir zaman 2430-a qədər qalxmışdı. Çox güclü potensialı var və ondan daha böyük uğurlar gözləyirik.
Faiq Həsənov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın idmançını şəxsən təbrik etməsinin şahmat ictimaiyyəti üçün böyük motivasiya olduğunu bildirdi:
– Əldə edilən nailiyyətlərin arxasında böyük əmək dayanır. Qazanılan uğurlar qürurvericidir. Yarışın nəticələrinə görə, şahmatçılarımızdan 8-i reytinq xallarını artırdı. Səbinə İbrahimova beynəlxalq qrossmeyster balını yığmağa müvəffəq oldu. Güclü rəqiblərimiz sırasında Gürcüstan, Polşa, Bolqarıstan, Ukrayna və digər ölkələrin şahmatçılarını qeyd edə bilərəm, - deyə o vurğuladı.
Faiq müəllimin fikirlərinə onu da əlavə etmək istəyirik ki, dörd ildən bir keçirilən ötən şahmat olimpiadasının qalibi məhz Ukrayna, 2-ci yerin sahibi isə Gürcüstan yığması olmuşdu. Ondan əvvəlki – 2018-ci ildəki analoji yarışda isə Ukrayna gümüş, Gürcüstan bürünc medala sahib olmuşdu. Yəni əslində, Avropa çempionatında iştirak edən şahmatçılar, heç də dünyada zəif sayılmırlar.
Azərbaycanın Əməkdar məşqçisi Fikrət Sideifzadə Ülviyyə Fətəliyevanın turnirin əvvəlindən liderliyi ələ keçirərək sona qədər saxladığını dedi. O, Günay Məmmədzadə və Gövhər Beydullayevanın da nəticələrini qeyd etdi:
– Günay Məmmədzadə və Gövhər Beydullayeva dünya kubokuna vəsiqə qazandılar. Xanım Balacayeva da əzmkarlıq göstərdi. Burada Gülnar Məmmədova öz bacarığından bir qədər aşağı səviyyədə çıxış etdi. Gənc şahmatçıları da xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, onlar ustalıqlarını daha da artırıb yığmanın heyətində yer alacaqlar.
Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov 35 ölkədən 180-dən çox şahmatçının mübarizə apardığı Avropa çempionatında komanda üzvlərimizin yüksək nəticə qazandığını bildirdi:
– Komandamızın 10 üzvünün iştirak etdiyi yarışa qatılan zəka sahiblərinin 139-nun beynəlxalq titulu var idi. Kişilər arasında 8-i qrossmeyster olmaqla, 20-dən çox beynəlxalq usta titullu idmançını da qeyd etmək istəyirəm. Son olimpiadanın qalibi Ukrayna yığmasının da qatıldığı yarış gərgin mübarizə şəraitində keçdi. Ülviyyə Fətəliyeva fantastik nəticə göstərdi. Ülviyyə 3 qat Avropa çempionu oldu. O, 14 və 18 yaşlı qızlar arasında qitənin ən güclü şahmatçısı olmuşdu.
Təbii ki, bu parlaq nailiyyətin arxasında çox böyük işlər dayanıb. Ülviyyə çalışqan, zəhmətkeş olduğu qədər də, əzmkar və dözümlüdür. O bu yarışda yalnız qələbəyə köklənmiş oyunları ilə seçildi. Onun 1 oyununda belə pis vəziyyətin olmaması qadın şahmatında nadir hallardandır.
Fərid Abbasov komandamızın digər üzvlərinin də qitə çempionatında layiqli mübarizə apardıqlarını qeyd etdi. O bu uğurların Azərbaycan Şahmat Federasiyasının, onun rəhbəri Mahir Məmmədovun həyata keçirdiyi hərtərəfli tədbirlər sayəsində mümkün olduğunu dedi:
– Komandamızın digər üzvlərindən Günay Məmmədzadə ötən şahmat olimpiadasının qalibi, ukraynalı Natalya Buksa ilə qara rənglərlə riskə getdi. Rəqib müdafiə olunmağı bacardı. Günay təəssüf ki, mükafatçılar sırasından kənarda qaldı. Gövhər Beydullayeva çox gözəl çıxış etdi. Eyni zamanda, Səbinə İbrahimovanı qeyd etmək istəyirəm. İdmançılarımız arasında ən çox elo reytinqini qaldıran şahmatçı oldu. Ayan Allahverdiyeva da reytinq xalını qaldırdı. Amma onun potensialı qazandığı xaldan qat-qat yüksəkdir. Əminik ki, gələcəkdə Avropa çempionu olacaq. Nərmin Abdinova startı ürəyi istədiyi kimi başlamasa da, hesab edirəm ki, kifayət qədər yaxşı çıxış etdi. 16 yaşlı şahmatçı üçün bu, çox böyük bir məktəbdir.
Beləliklə, Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatında qızıl medal qazanmış Ülviyyə Fətəliyevanın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova yarışda fərqləndiklərinə görə xüsusi mükafata layiq görüldülər.
Bununla da, azərbaycanlı qızlar intellektual idman növündə Avropada rəqib tanımadıqlarını sübut etdilər. Bu, qadınlarımızın bütün sahələrdə yeni uğurları üçün böyük motivasiya oldu.
Leyla QURBANOVA
XQ