Belə qəmli dayanma!

post-img

– Niyə belə fikirlisən? Gözlərindən süzülən bu kədər nədir? Nəyin xiffətini eləyirsən, nəyin dərdini çəkirsən? Gözlərinə gözüm qurban, belə qəmli dayanma! Sən belə olanda dünya mənə də dar gəlir, dibsiz uçurumlar çəkir məni. Yerlə göy arasında qalıram. Dizlərimin taqəti azalır. Əhdi kəsilmişlər kimi oluram....

Xatırlayırsanmı gəncliyi­mizi? Qoşa şahə qalxdığımız çağlar, Günəşin şəfəqlərini yol tutub yorulmadan qaçdı­ğımız günlər yadındadımı? Dağların ətəklərindən başla­yıb üfüqlə birləşən düzü keçib Kür çayının sahilinədək yurü­düyümüzü göz önünə gətirir­sənmi? Səhərin alatoranında ilxıçıların atdıqları kəməndən yayındığımız anları xatırlayır­sanmı? Sonra da çay boyunca uzanan tuqay meşəliklərində kürək-kürəyə verib dincəldiyi­miz günlər yadına düşürmü? 

Bir dəfə doğma yurda doğ­ru yol tutanda qoşa yalquzaq düşdü arxamızca. Xatırlayır­san, yəqin. Mən fürsət tapıb birini təpiklə vurdum. Sonra səni xeyli irəli buraxıb, başqa bir tərəfə – üzü yarğanlara doğru şığıdım. Qurd əl çəkmək istəmirdi. Buna görə də enli bir qobunun kənarına çatan kimi özümü yana tulladım. Bu mə­nim həyatda sağ qala biləcə­yim son şans idi. Səni tək qoy­mamaq üçün, sanki, uçurdum. O zaman mən cavanlığın bəxş etdiyi gücü gördüm, qobunun o biri tərəfindəki otluğa düş­düm. Qurd isə şikarını əldən çıxarmış ovçu kimi o biri yanda dayanıb kinlə mənə baxırdı. Tez yerimdən sıçrayıb səni ax­tarmağa getdim. Sən yoncalıq­da hər şeyi itirmiş kimi qüssə içində dayanıb o yan-bu yana baxırdın. Bəlkə də, əlini mən­dən üzmüşdün. Məni görən kimi sevinc yaşları axıtdın. Sonra biz nallarımızı yonca­lıqlarda yuya-yuya, yolumuza davam etdik... Belə günlərimiz az olmadı... 

Bax, Böyük çillə çıxmaq üzrədir. Sonra ömrü qısa Ki­çik çillə olacaq. Boz aydan sonra da allı-güllü yaz gələ­cək. Düz-dünya yaz yağışı və ilıq Günəş şüası altında yeni­dən pərvəriş tapacaq. Bir vaxt qoşa qaçdığımız yoncalıqlar boy atacaq, ağaclar çiçək ya­ğışında çiməcək...

Sən mənim arxam, da­yağım, daim kürəyimdə hiss etdiyim isti nəfəssən. Sən fikir eləmə, gözəldir həyat, nə qə­dər mən sağam, fikir eləmə!.. 

Səməd MƏLİKZADƏ

Sosial həyat