Göyçəli Aşıq Bəhmən

post-img

Neçə-neçə qərinə bundan əvvəl Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya göz açan bir oğlanın tanınmışlardan olacağı heç kimin ağlına gəlməzdi. Sadəcə, uşağa tədbirli, zəkalı, düz danışan adam mənası verən Bəhmən adını qoymuşdular. O da adına layiq bir ömür yaşadı, aşıq sənətinin incəliklərinə vaqif oldu, sazı, sözü ilə qazandığı şan-şöhrət el-obanı, mahalı dolaşdı. 

Bəhmən gənc yaşlarından sinəsini ərənlərin söz xəzinəsinə çevirib. Aşıq Alı­nın, Aşıq Ələsgərin dürlü-dürlü qoşmala­rını, gəraylılarını sevə-sevə sinədəftərinə “yazıb”. Sazın ölməz sədaları altında şi­rin avazla oxuyub. Bir çox aşıq havaları və dastanlar yaradıb.

Aşıq Bəhmən Göyçəli (Bəhmən İb­rahim oğlu Qarayev) 1 may 1901-ci ildə anadan olub. Uşaq yaşlarından atadan yetim qalıb. Böyük çətinliklərlə üzləşib, ağır güzəran keçirib. İbtidai təhsilini mol­laxanada alıb. Sonradan biliklərə yiyələn­mək üçün müxtəlif kurslarda oxuyub. Bu da onun gələcəkdə doğma kəndi Nəri­manlıda kənd sovetinin sədri və başqa vəzifələrdə işləməsinə zəmin yaradıb. Ona qədər isə kolxozda sıravi kolxozçu və briqadir kimi çalışıb. Zəhmətsevərliyi ilə çoxlarının hörmətini qazanıb.

Uluların şeir-sənət bulağından su içən gənc Bəhmənin özü də şair təbli olub. Həssas təbiətli, incə duyumu ilə se­çilib. İlhamını öz xalqından, onun zəngin tarixi keçmişindən, səadətli günlərindən alan Bəhmənin şeirləri onun böyük iste­dadından və parlaq gələcəyindən xəbər verib.

O, təbiətin rəngarəng gözəlliklərindən ilham alıb. Əsərləri xalqımızın çoxəsrlik tarixinin qəhrəmanlıq və vətənpərvərlik səhifələrini özündə əks etdirib. Dövrünün ustad sənətkarları olmuş Aşıq İslam Yu­sifov, Həsən Xəyallı, Daşqın Məzahir və başqalarıyla Aşıq Bəhmənin bir-birindən maraqlı deyişmələri var. Şəxsi görüşlə­ri zamanı görkəmli şair və yazıçılarımız Səməd Vurğun, Məmməd Rahim, Os­man Sarıvəlli, Əli Vəliyev, Süleyman Rəhimov da Şair Bəhmən yaradıcılığına yüksək qiymət veriblər. 

Onun gəraylı, qoşma, müxəmməs, qəzəl, divani, dodaqdəyməz, cığalı təcnis və aşıq şeir şəkillərinin digər janrların­da yazdığı şeirləri dillər əzbəri olub. Yeri gəlmişkən, şairin “Bu üzüm-üzüm” rədifli təcnisi bu gün də öz təravətini, təzəliyini qoruyub saxlayır. El şənliklərində aşıqla­rın ifasında yüksək şövqlə səslənir:

Payızda yetişən meyvə içində,

Dəhanda dadlıdı, bir üzüm, üzüm.

Bəslənir bir boyda, bəstə biçimdə,

İstədim bu bağdan bir üzüm üzüm.

Könlümün xanəsi bağı nə dərdi...

Yolçu, naşı bağban bağdan nə dərdi?

Sevgi çatsa sevgisinə nə dərdi,

Dəymədi canana bir üzüm, üzüm.

Bəhmənə açılan bağlı dərindi,

Kamil bağban, meyvə dəydi, dər indi!

Eşqin bəhrin mən gəzmişəm, dərindi,

Qəvvasıyam, indi bir üzüm-üzüm.

Aşıq Bəhmən Göyçəli Aşıq Alının, Xəstə Qasımın, Növrəs İmanın qıfıl­bəndlərini açması ilə də məşhur olub. Onun deyişmələri, eləcə də “Əfqan və Tufan”, “Bəhmən və Humay” dastanları eldən-elə, dildən-dilə yayılıb. Təəssüf­lər olsun ki, zəngin ədəbi irsi yetərincə araşdırılmayıb, dərindən öyrənilməyib. Ədəbiyyat tarixində həm şair, həm də us­tad aşıq kimi tanınan Bəhmən Göyçəlinin şeirləri “Vətən, küsmə məndən” adlı kita­bında günümüzə gəlib çatıb. Amma bu kitabda onun zəngin irsindən yalnız 25 qoşması, 7 gəraylısı, 9 təcnisi, 18 divani­si və 14 müxtəlif şeirləri yer alıb.

Görkəmli aşıq 1976-cı ilin payızında, 75 yaşında vəfat edib. Üstündən yarım əsrə qədər vaxt keçsə də, xatirəsi yenə təzə-tərdir. 

Həzi HƏSƏNLİ,
şair-publisist

Mədəniyyət