Dünyada cazın ilkin mərhələsi olan reqtaym ABŞ-nin Missuri ştatının barlarında XIX əsrin sonlarında meydana gəlib. Əsl caz musiqi üslubu isə ötən əsrin əvvəllərində Nyu-Orlean şəhərində yaranıb. Ayrı-ayrı janrların sintezi kimi formalaşan caz əvvəlcə zəncilərin, sonra isə ağların da sevimli musiqisi kimi geniş yayılıb. UNESCO cazın populyarlığını nəzərə alaraq, 2011-ci ildən başlayaraq 30 aprel tarixini Beynəlxalq Caz Günü elan edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü və təşkilatçılığı, ADA Universitetinin, eləcə də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Caz Günü ilə bağlı silsilə tədbirlər davam edir.
Ölkəmizdə də caz musiqisi məşhurdur. Azərbaycan cazı dünyada özünəməxsusluğu ilə seçilir. Xalq musiqisi və muğam harmoniyası ilə birləşdirərək ifa edilən caz kompozisiyaları, heyrətamiz variasiyalar dinləyicilərə əvəzsiz zövq verir.
Bakı Beynəlxalq Caz Festivalı Azərbaycanda caz mədəniyyətinin formalaşdığının parlaq sübutudur. 2005-ci ildən bəri keçirilən bu festivalda yerli və xarici caz ulduzları iştirak edir, seminarlar, ustad dərsləri, “Uşaq caz günü”, “Ən yaxşı caz ifaçısı” müsabiqələri, incəsənət və foto sərgiləri və başqa tədbirlər təşkil olunur. Təsadüfi deyil ki, bu festival 2016-ci ildə Avropa Caz Birliyinə daxil edilib.
Özünəməxsus tərzi ilə seçilən Azərbaycan cazı yeni-yeni ifaçıların istedadı sayəsində inkişaf edir. Gənc ifaçı İsfar Sarabski İsveçrədə keçirilən 43-cü Montrö Caz Festivalının qalibi olub. Bu yalnız İsfar üçün yox, Azərbaycan musiqisi adına böyük uğur idi. Bu siyahıda Rain Sultanov, Əminə Fiqarova, Şahin Növrəsli, Sevda Ələkbərzadə, Salman Qənbərov kimi virtuoz ifaçılar da yer tuturlar.
Builki caz bayramları da öz cazibədarlığı ilə diqqət çəkir. Üç gün ərzində müxtəlif mədəniyyət icmaları, təhsil müəssisələri, konsert müəssisələri və dövlət qurumları Bakıda ruh təzələyən beynəlxalq “caz nəsimi”nə qoşulublar.
Bu tədbirlər çərçivəsində srağagün ADA Universitetində “Azərbaycanda caz orkestrləri ənənəsi: keçmiş və bu gün” mövzusunda diskussiya-konsert olub. Konsert Xalq artisti, dirijor, caz ifaçısı, musiqi sənətinin tanınmış nümayəndəsi Tofiq Əhmədovun 100 illiyinə həsr edilmişdi.
Konsertdən əvvəl çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təhsil ocağında hər zaman Azərbaycanın tarixi şəxsiyyətlərinə həsr olunmuş yaradıcılıq gecələrinin təşkil edildiyini bildirərək dedi ki, Tofiq Əhmədov da bu sıradandır. ADA Universitetində cazsevərlər çoxdur və onların Əhmədov fenomenini daha yaxından tanımaları baxımından bu duskussiya-konsert önəmlidir.
Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə görkəmli cazmenin həyat və yaradıcılığından danışdı. Bildirdi ki, sevilən dirijorun rəhbərlik etdiyi estrada orkestri janrın inkişafında böyük rol oynayıb.
Sonra Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dosenti, “Big Band” orkestrinin rəhbəri Markus Geyzelxart “Almaniya və Avstriyada caz orkestrləri: keçmiş–bu gün–gələcək" mövzusunda maraqlı məruzə etdi. Digər natiqlər Azərbaycanda caz musiqisinin özəl ənənələrinin olduğunu vurğuladılar, konkret faktlar söylədilər. Niyazi, Tofiq Quliyev, Vaqif Mustafazadə, Rafiq Babayev xatırlandı.
Tofiq Əhmədovun Azərbaycan mədəniyyətinə əvəzsiz xidmətləri sadalandı. Qeyd edildi ki, unudulmz sənətkar Tofiq Əhmədov Bakı Konservatoriyasında klarnet ixtisası üzrə təhsil aldıqdan sonra Moskvanın məşhur caz qruplarında fəaliyyətə başlayıb və qısa zamanda həmin aləmdə böyük rəğbət qazanıb. O, 1961-ci ildə caz-estrada orkestri yaradıb və mükəmməl kollektiv kimi formalaşdırıb. Tofiq Əhmədov ömrünün sonuna qədər kollektivin bədii rəhbəri və baş dirijoru olub. Hazırda AzTV-nin nəzdində fəaliyyət göstərən estrada simfonik orkestri Tofiq Əhmədovun adını daşıyır.
Çıxışlardan sonra söz musiqiyə verildi. Çeşidli kompozisiyaların səsləndiyi konsert proqramında ecazkar cazın zərifliyi hər kəsi valeh etdi. Ənənəvi Qərb üslubu nə qədər xoş təsir bağışlasa da, muğam çalarları öz dogmalığı ilə sənətsevərləri daha çox ilhamlandırdı...
Dünən isə Heydər Əliyev Sarayında da Azərbaycan caz musiqiçilərinin iştiraki ilə konsert oldu. Azərbaycanın caz ulduzları Salman Qənbərov, Cəmil Əmirov, Tofiq Cabbarov (“Bakuba” qrupu), Mircavad Cəfərov (“Cəngi” qrupu), İsfar Sarabski, Emil Əfrasiyab, Şahin Növrəsli, Etibar Əsədli, Əfqan Rəsul, Elvin Bəşirov, Ruslan Hüseynov, Haciyev Ramiz-Xan, Isa Bagirov, Coşqun Sadıxov öz performansları ilə seyrçilərin könüllərini oxşadılar.
Bir daha şahidi olduq ki, Azərbaycanda caz ənənəsi yaşayır, həm də bu, möhkəm təməllər üzərində qurulub.
Ə.DOSTƏLİ