AMEA-nın Naxçıvan Bölməsində Əbülfəz Quliyevin tərtib etdiyi “Qütb Xarəzmi. Xosrov və Şirin”, eləcə də Fərman Xəlilovun “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” adlı kitablarının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev kitabların müəllifləri – AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun səmərəli elmi fəaliyyətinə, araşdırmalarının ümumi mahiyyətinə nəzər salıb.
Əbülfəz Quliyevin tərtib etdiyi “Qütb Xarəzmi. Xosrov və Şirin” kitabı barədə danışan akademik bildirib ki, professor bundan öncə də çoxsaylı elmi kitab və monoqrafiyalarla bərabər, tərcüməçilik fəaliyyəti ilə məşğul olmuş, orta əsrlərə aid bəzi əsərləri ana dilimizdə oxuna bilməsi üçün transkripsiyada oxuculara təqdim etmişdir.
Fərman Xəlilovun “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” adlı dördüncü kitabı haqqında fikirlərini bölüşən bölmə sədri qeyd edib ki, əsər 2017, 2019 və 2021-ci illərdə işıq üzü görən üçcildliyin davamıdır. Kitabda Fərman Xəlilovun Naxçıvanın elmi, ədəbi və mədəni mühitindən bəhs edən məqalələri, müsahibələri yer alıb.
Sonra İncəsənət, Dil və Ədəbiyyat İnsitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın və bölmə aparatının Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanın kitablar haqqında məruzələri dinlənilib. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova da kitabların məziyyətlərindən danışıblar.
XQ