Türkiyəli qonaqlar Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən xoş təəssüratlarla ayrılıblar

post-img

Türkiyədən Azərbaycana gəlmiş bir qrup turist Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Mədəniyyət Müşavirliyinin xətti ilə təşkil olunmuş səfər çərçivəsində muzeyi ziyarət edən turistlər klassik və müasir Azərbaycan ədəbiyyatının sərgiləndiyi ekspozisiya zalları ilə tanış olub, həm Azərbaycan ədəbiyyatı, həm də muzeyin yaranma tarixi haqqında məlumatlar əldə ediblər.

Qonaqları Nizami Muzeyinin ekspozisiya zallarında muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq və Ekspozisiya şöbəsinin elmi işçisi İnarə Səfiyeva müşayiət ediblər.

İzahatçılar bütün türk dünyasının ana kitabı sayılan “Kitabi-Dədə Qorqud” dastanının dünyada tapılması və tədqiqi, Mahmud Kaşqarlının XI yüzillikdə qələmə aldığı ilk tükcə-ərəbcə sözlük olan “Divani-luğatit-Türk”, Yusif Xas Hacibin “Kutadqu-Bilik” kimi türk xalqlarının yaratdığı ədəbi abidələrə həsr olunmuş ekspozisiya guşələri ilə qonaqları tanış ediblər.

Muzeyin mütəfəkkir şair Mövlana Cəlaləddin Rumiyə, türk xalq şeirinin banisi sayılan XIII-XIV əsrin sufi şairi Yunus Əmrəyə, müsəlman dünyasının böyük alimi Xacə Nəsirəddin Tusiyə həsr olunmuş  ekspozisiya zalları, xüsusilə Yunus Əmrə ilə Molla Qasım Şirvani haqqında xalq arasında dolaşan rəvayət ziyarətçilərin  xüsusi  marağına səbəb olub. Müasir dövr Azərbaycan ədəbiyyatına həsr olunmuş ekspozisiya zallarını gəzən qonaqlar Türkiyədə Tənzimat dövrü adlandırılan XIX yüzilliyin eyni dövrdə Azərbaycanda Avropa mədəniyyətinin təsirinin müşahidə olunduğunu, teatrın, müsəlman Şərqində ilk operanın yaranması faktlarını maraqla qarşılayıblar.

Sonra muzeyin “İstiqlal” zalında muzeyin direktoru akademik Rafael Hüseynovla qonaqların görüşü keçirilib.

Akademik Rafael Hüseynov qonaqlara “İstiqlal” zalının tarixçəsi barəsində, bu möhtəşəm salonun vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının öz iclas və görüşlərini keçirdikləri məkan olduğu haqqında məlumat verib. O, Azərbaycan ədəbiyyatının qədim və zəngin tarixini özündə əks etdirən bu muzeydə bir çox eksponatın özəl bir tarixə malik olduğunu söyləyib.

Direktor Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun muzeydə sərgilənən məzar daşının da belə eksponatlardan biri olduğunu qeyd edib. Akademik Rafael Hüseynov Fransada mühacir həyatı yaşayan bu görkəmli Azərbaycan diplomatının Parisin Sen-Klu qəbiristanlığında yerləşən məzarının aşkar edilərək Azərbaycan hökuməti tərəfindən təmir etdirildiyi, qəbirüstü abidəsi qoyulduğunu, əvvəlki məzar daşının isə bu böyük şəxsiyyətdən yadigar kimi muzey rəhbərliyinin təşəbbüsü ilə Fransadan Bakıya gətirildiyini və Nizami Muzeyinin ekspozisiyasında nümayiş etdiridiyini bildirib.

O, bütün türk dünyasını birləşdirən ortaq dəyərlərdən birinin də mədəniyyət və ədəbiyyatın olduğunu söyləyərək Türkiyə və Azərbaycan arasında gündən-günə sıxlaşan ədəbi-mədəni əlaqələrin bu baxımdan əhəmiyyət daşıdığını vurğulayıb.

Akademik Rafael Hüseynov çıxışının sonunda Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasındakı münasibətləri iki bədəndə bir ürəyə, Siam əkizlərinə bənzədərək bu dostluq və qardaşlığın əzəli və əbədi olduğunu deyib.

Sonda Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Mədəniyyət Müşavirliyinin nümayəndəsi və digər qonaqlar maraqlı ekskursiyaya və xoş münasibətə  görə akademik Rafael Hüseynova və muzey kollektivinə  minnətdarlıqlarını bildiriblər.

Türkiyəli qonaqlar “Rəy kitabı”nda muzey haqqında ürək sözlərini yazıblar.

Qabil YUSİFOĞLU
 XQ

 









Mədəniyyət