Zindana boyun əyməyən el ozanı

post-img

Mikayıl Azaflı – 100

TÜRKSOY-un 2024-cü il təqvimində anadan olmasının 100 illiyi türk dünyasında yüksək səviyyədə yad olunan XX əsrin ustad sənətkarı Mikayıl Azaflı təkcə Azərbaycanda deyil, Türkiyə və İranda da yaxşı tanınan, sevilən el sənətkarlarından olub. 

Sovet dövründə Azərbaycan aşıq sənətini layiqincə təmsil edib, haqq aşıqlarının bir çoxu kimi acı tale yaşayan, “Zindan şeirləri” ilə daha da məşhurlaşan Mikayıl Azaflının yaradıcılığı barədə görkəmli tədqiqatçılar, folklorşünas-alimlər dəyərli fikirlər söyləyib­lər. Onun Türk dünyasında tanıdılmasında türkiyəli tədqiqatçı Ali Kafqasiyalının xüsusi yeri var. O həm də Azaflının həyat və yaradıcılığına həsr olunmuş doktorluq işinin və Türkiyədə nəşr edilmiş “Mikayıl Azaflı: həyatı, sənəti, əsərləri” və “Qoca qartal Azaflı” kitablarının müəllifidir. Aşağıda sağlığında ustad aşıqla dəfələrlə görüşən və həmsöhbət olan professor Ali Kafkasiyalının Mikayıl Azaflının yubileyi ilə bağlı XQ-yə göndərdiyi yazını təqdim edirik. 

Türk aşıq sənətinin “Qoca qartal”ı

Bir çox şair, yazıçı, alim və ziyalımız Çar Rusiyasının hakimiyyəti və bolşevik istilası zamanı təqib edilərək güllələnib və ya məhbəslərə atılıb. Onlardan biri də görkəmli el sənətkarı, şair, eyni zaman­da, gözəl saz havaları yaradan ustad Aşıq Mikayıl Azaflı olub. Sovet dövründə onun əsərləri əldən-ələ gəzsə də, toplu şəkilində işıq üzü görə bilməyib. Çünki aşıq, rejimin tələblərinə boyun əyməyib, sənətinin kom­munist təbliğatının alətinə çevirilməsinə imkan verməyib. Bu səbəbdən də uydurma “cinayətlərlə” hələ gənç yaşlarında təqsirli bilinib və azadlıqdan məhrum edilib. 

Şeirlərindən birində “Dövran zindanlara atdı daşımı, Amansız cəllada verdi başımı” – deyən aşıq bütün yaradıcılığı ilə xalqın dərdlərinin tərcümanı idi. Hər cür təzyiqlərə baxmayaraq, el ozanı sazını yerə qoymadı, fikrini açıq söyləməkdən çəkinmədi. Şeirlə­rində vətən oğullarını mərdliyə, mübarizəyə səslədi: 

Alçaq olma bu beş günlük dünyada,

Nəsimi tək soyulsan da, kişi ol.

Babək kimi doğrasalar qolunu,

Öz qanınla yuyulsan da, kişi ol.

Azaflının sənət dünyasında insan, el, millət ən hörmətli, müqəddəs dəyərlərdir. O, 1989-cu ildə İstanbula dəvəti zamanı iştirak etdiyi mərasimdə oxuduğu “Sizin ellər, bizim ellər” rədifli şeirində sovet rejiminin ma­raqlarına toxunsa da, tarixdə böyük iz qoy­muş türklüyün ayrılıq yazılmış ağır taleyini diqqətə çatdırıb, Türk dünyasının birliyinin yaranacağına da eyham vurub: 

Tarixlərdə qoymuşdur iz,

Taleyi kəm gəldi təmiz,

Türk, İstanbul, Bakı, Təbriz,

Sizin ellər, bizim ellər.

Azaflı türk dünyasının qanayan yarası olan Güney Azərbaycan türklüyünü heç vaxt gözündən, ürəyindən uzaq tutmadı. O, İran türklərinin göz yaşlarının, könüllərinin səsi olan Şəhriyara müraciət edərək, onunla həm­dərd olduğunu bildirib:

Ey Şəhriyar, aman qardaş, hardasan?

Bilməyirəm ya azadsan, dardasan. 

Yoxsa sən də mənim kimi dardasan?

Göz yaşımdan yaranmışdır dəryalar,

Harayıma haray versin dünyalar.

Mikayıl Azaflının millət sevgisi ölçüyə gəlməyəcək dərəcədə hədsizdir. O, həyatını buna həsr edib. Yaşadığı bəlaların çoxu bu sevgidən qaynaqlanırdı. Bu müqəddəs varlıq üçün hər cür əzaba dözüb, saçını ağardıb, ca­nını yaxıb. Vətəndən ən ülvi məcazlarla bəhs edib:

Sən məkanım, sən ilhamım, sən yazım,

Ömrüm, günüm, sevdam, səsim, avazım, 

Məhəbbətim, eşqim, arzum, murazım, 

Şöhrətimsən, büsatımsan, ey Vətən!

Aşıq sənətinin “Qoca qartalı” adlanan Azaflı yaradıcılığında xalqımıza üz vermiş bəlalar tam çılpaqlığı ilə açılıb göstərilir. Onun “Sən demə” adlı zahirən çox adi gö­rünən qoşmasında tale yüklü dərdlərimizi, öz əlimizlə öz başımıza gətirilənlərin təqdimatı­nı görürük: 

Məni bəlalara qərq edən, bilsən, 

Sən demə, öz dostum, qardaşım imiş. 

Gözlərimi tutan, başımı kəsən, 

Sən demə, eloğlum, sirdaşım imiş.

Bir afət düz yoldan qaytarır məni, 

Elə bil dünyamdan qoparır məni, 

Gördüm bir daşqın sel aparır məni. 

Sən demə, özümün göz yaşım imiş.

Azaflı, o zalim zülmə “nur” deyir, 

Dəryalar üstündə saray qur deyir. 

Bir özgə səs mənə “durma, vur” deyir 

Sən demə, döydüyüm öz başım imiş! 

Azaflı, eyni zamanda, vətənini sevənlərə canını qurban deyib:

Harda varsa qananların, 

Aşiqiyəm o canların.

Vətən üçün yananların, 

Məlalına qurban olum.

Şeirlərinin birində “Söndürəmməz sellər məni, unutmasın ellər məni” – deyən, sağlı­ğında klassikləşən Mikayıl Azaflı heç zaman unudulmayan ustad sənətkardır. 

Ali KAFQASİYALI,
Ərzincan Binəli Yıldırım Universitetinin türk dili və ədəbiyyatı kafedrasının professoru

Mədəniyyət