Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü, Mədəniyyət nazirliyi və Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə “Qarabağın Rəngləri” adlı yeni layihəsinin icrasına başlanıb. Məqsəd ölkə ictimaiyyətinin işğaldan azad edilmiş ərazilərin bərpası kimi mühüm bir missiya ətrafında birləşərək, bərpa-quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası, bu torpağın gözəlliyinin, Azərbaycan xalqının mədəni irsinin təbliğidir.
Bu günlərdə Rəssamlq Akademiyasında layihənin, rəsmlərdən ibarət kataloqun və eyniadlı saytın təqdimatı keçirilib. Bildirilib ki, layihə çərçivəsində Rəssamlıq Akademiyasının tələbəsi olan 23 nəfər istedadlı gənc rəssam və heykəltaraşın Qarabağın ruhunu özündə birləşdirən sənət əsərləri – 19 rəsm və 4 heykəl ərsəyə gətirilib. Həmin gənc rəssam və heykəltaraşları 200-dən artıq Akademiya tələbələri arasında keçirilən açıq müsabiqə vasitəsilə təsviri incəsənətimizin məşhur simalarından ibarət münsiflər heyəti seçib. Yaradıcılıqla bağlı tələb olunan bütün xərclər və tələbələr üçün xüsusi təqaüdlər Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə qarşılanıb.
Qeyd edək ki, Qarabağ sevgisi ilə hazırlanan və sarsılmaz ruhumuzun ifadəsi olan sənət əsərlərinin bir hissəsi artıq satışa çıxarılıb. Gənc müəlliflərin yağlı, akril boya ilə və gildən vasitəsilə hazırladıqları sənət əsərləri Qarabağın füsunkar mənzərəsini, tarixi abidələrinin səssiz hekayələrini, mədəni irsin döyünən nəbzini özündə birləşdirir. Yaradıcılıq fantaziyası ənənəvi sərhədləri aşaraq təkcə mənzərələri deyil, həm də dərin təfəkkür və düşüncələrin mahiyyətini əhatə edir. Əsərlər insanda fərqli emosiyalar oyadır, Qarabağ üçün ümidli, parlaq gələcəyi, dirçəliş və çiçəklənmə istiqamətində ümumi yanaşmanı təlqin edir. “Tarixin ruhu”, “Əbədi gözətçi”, “Qarabağın lalələri”, “Ədən bağı”, “Qırxqız yaylağı”, “Qarabağ şikəstəsi”, “Vətənin əks-sədaları” , “Dağların melodiyası” kimi rəsmlər, eləcə də “Qarabağın izləri”, “Ümid körpüsü”, “İşıltılı zaman” və “Ruhların səsi” heykəltəraşlıq əsərləri bu baxımdan diqqətəlayiqdir.
Xüsusi qala gecəsi çərçivəsində təşkil olunacaq xeyriyyə hərracı vasitəsilə alıcılara təqdim ediləcək və geniş ictimaiyyət üçün sərgilənəcək. Müəlliflər Fatimə, Rasimə, Banu Çiçək, Samirə, Rahim, Ruslan və başqalarıdır.
Əsərlərin satışından toplanan bütün vəsait Ağdam rayonunun ərazisində yerləşən və hazırda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunan Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
Ə.DOSTƏLİ
XQ