Xocalı soyqırımı haqqında çox yazılıb, çox deyilib. Amma həmin dəhşətli gecə barədə Azərbaycandan kənarda, həm də rus dilində kitabın çap olunması ayrıca qeyd olunmalı hadisədir.
Rusiya vətəndaşı olan Adil Quliyev uzun illərdir Sankt-Peterburqda yaşayır. Sahibkarlıq fəaliyyəti ilə bədii yaradıcılığı uğurla uzlaşdıran müəllifin bugünədək povest və hekayələrdən ibarət “Köhnə fotoşəkil” (2018) və “Qırmızı başmaqcıqlar” (2023) kitabları işıq üzü görüb. Onun rus dilində qələmə aldığı hər iki kitab Azərbaycan türkcəsinə çevrilərək Bakıda çap olunub.
Adil Quliyevin “Qarabağ: çoxdan gözlənilən qayıdış” romanında Xocalıda doğulub boya-başa çatmış yeniyetmələrin keşməkeşli taleyi fonunda əsrin fəlakətini yaşamış xocalıların hay faşistləri tərəfindən məruz qaldıqları dəhşətli səhnələr incə təhkiyə, inandırıcı bədii boyalarla təsvir olunub.
Gənc yaşlarından qürbətdə yaşasa da, Vətənində baş verənləri daim izləyən yazıçı xalqımızın Zəfər duyğularını, sevincini romanda təsirli şəkildə qələmə alıb. “Qarabağ: çoxdan gözlənilən qayıdış” əsəri 18 fəsildən ibarətdir. “Xocalıda dinc həyat” adlı 1-ci fəsildə oxucu beynəlmiləl ruhlu azərbaycanlıların gündəlik qayğı və sevincləri ilə tanış olursa, “Faciə ərəfəsində” fəslində xocalıları gözləyən dəhşəti ürəyinin süzgəcindən keçirərək duyur. Sabaha işıqlı ümidlərlə yaşayan Xocalı sakinləri Ermənistanda azərbaycanlılara qarşı törədilən vəhşilikləri təşviş içində izləyir, daşnakların əməllərini Qarabağda təkrarlaya biləcəklərinin qorxusu altında yaşayırlar. Dünənə qədər axşamlar açılan çay süfrəsi arxasındakı şirin söhbətləri indi televizorun önündə həyəcanlı xəbər izləmələri əvəz edir.
Doğma yurdundan didərgin düşmüş bir milyondan çox soydaşımızın üç onillik ərzində yaşadıqları iztirab və acıları bədii mətnə köçürməyə müvəffəq olmuş yazıçı Adil Əliaslan oğlu Quliyev romanın “Qurtuluş yolunda”, “Ağdamda”, “Vətənin xidmətində”, “Başqa Nərmin” fəsillərində, sanki, bu əzablı yolu şəxsən keçir, məhrumiyyətləri xocalılarla birgə yaşayır. Kitabın “Xüsusi təyinatlılar hərəkətə keçir”, “Ön xətdə”, “Hospitalda” fəsillərində igidlərimizin Vətəni işğalçılardan təmizləyərkən göstərdikləri şücaət qələmə alınıb. Xocalı qətliamının canlı şahidi, doğmalarını itirmiş yeniyetmə Aslanın illər sonra polkovnik-leytenant kimi əlində silah doğma yurdunu yağıdan azad etməsi, Zəfərlə bərabər ilk məhəbbətinin səadətini yaşaması oxucunu sevindirməyə bilməz.
Romanın “Toy” adlı son fəsli isə doğma Qarabağda ucalan şadlıq sədalarının bədii inikası kimi oxucunu əsərin əvvəlindəki dinc ovqata qaytarır, xoş gələcəyə dərin inam aşılayır. Roman, elə həyatda olduğu kimi, nikbin sonluqla – Qələbə Paradı və Xocalıdan olan gənclərin doğma torpaqda qurulan toy məclisi ilə bitir.
İ.HƏSƏNQALA
XQ