Paqanininin skripkasını “Atəşgah” məbədinə gətirdən soydaşımız ifaları ilə dünyaya səs salıb
Körpəliyindən musiqi ilə nəfəs alan Anarın atası Niyazi ilə işləmiş skripkaçı, anası və bacısı arfa ifaçıları, dayısı violonçelçi, xalası və 2 xalası qızı fortepiano sənətçisi kimi tanınırlar. Ağlı kəsəndən onun ilk sevimli musiqisi Antonio Vivaldinin “2 skripka üçün konserti” olub. Soydaşımızın həyat yoldaşı Anastasiya da piano ifaçısıdır və onunla bir kollektivdə çalışır.
Anar Bramo (İbrahimov) Almaniyanın Essen şəhərində yaşayan azərbaycanlı violin ifaçısı, dirijor və bəstəkardır. 1981-ci ildə Bakıda doğulub, 5 yaşından skripka çalmağı öyrənib, 14 yaşında filarmoniyada ilk solo konserti verib. 1997-də incəsənət gimnaziyasını əla qiymətlərlə bitirib. Növbəti ildə Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasına qəbul olunub.
Musiqi Akademiyasında professor Bayandur Mehdiyevin sinfində təhsil almış Anar sonra Almaniyanın Folkvanq İncəsənət, eləcə də, Köln Musiqi və Rəqs Universitetində oxuyub. 2010-2016-cı illərdə Almaniyada Südvestfalen Filarmonik Orkestrinin köməkçi konsertmeysteri vəzifəsində çalışıb. 130-dan artıq peşəkar orkestrin olduğu Almaniyada, necə deyərlər, özünü göstərə bilib. İndi Attendorn Kamera Orkestrinin baş dirijoru və Oberberq simfonik orkestrinin dirijorudur. O, tez-tez dünyanın müxtəlif ölkələrində çoxsaylı orkestrlərlə çıxışlara və müxtəlif festivallara solist kimi dəvət olunur. Səsi-sorağı Qız qalasından Köln kafedralına qədər yayılıb.
2002-ci ildə həmyerlimizin solo ifasına heyran qalan İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kostanın təşəbbüsü və Genuya Şəhər İdarəsinin icazəsi ilə Nikollo Paqanininin “Sivori” violinisinin Anarın Bakıda ifa etməsi üçün 2 günlük Azərbaycana gətirilməsi mühüm hadisələrdəndir. O zamana qədər 180 il ərzində Genuyada muzeydə saxlanılan “Sivori” violini cəmi 12 ifaçı tərəfindən səsləndirilmişdi.
Soydaşımız deyir ki, konsertdən 1 gün öncə məşq edən zaman bərk həyəcanlı olub, qorxub ki, çox böyük tarixi dəyəri olan həmin skripkanı əlindən yerə salar. Amma Atəşgahda keçirilən konsertdə tez “isnişiblər” və Qara Qarayev adına Kamera Orkestrinin müşayiəti ilə Anarın virtuoz ifası yetərincə romantik ruhda keçib. Bir neçə il sonra Genuyada olarkən muzeyə gedib və Paqanininin misilsiz yadigarında musiqi ifa etmiş 13-cü ifaçı həmin alətlə bir daha “görüşüb”.
2006-cı ildə, o, Parisdə Hektor Berlioz Milli Assosiasiyasının “Hektor Berlioz” medalına layiq görülüb. 2020-ci ildə yazdığı “Ürəyim Şuşa” mahnısı Heydər Əliyev Fondu tərəfindən Bakı Media Mərkəzinin birbaşa dəstəyi ilə lentə alınaraq ilk olaraq vətəni Azərbaycanda, sonra isə Berlin Filarmoniyasında təqdim olunub. Şuşanın alınmasına 1 gün qalmış ərsəyə gələn bu kompozisiyada yurd sevgisi, inam ruhu, zəfər sevinci çulğalaşıb. Sözləri Çexiyada yaşayan soydaşımız Leyla Bəyimə, Azərbaycan, rus və ingilis dillərində səs ifaları Sevda Ələkbərzadəyə, Orxan Cəlilova və Ülviyyə Salayevaya aiddir. Dirijorluğu Anarın tələbə yoldaşı və dostu, şuşalı Fuad İbrahimov edib. Mahnının fortepiano partiyasını isə sevimli Anastasiya yazıb.
2023-də dünya şöhrətli azərbaycanlı skripkaçı və dirijor Anar Bramo Rumıniyada keçirilən beynəlxalq dirijorlar müsabiqəsinin xüsusi mükafatına layiq görülüb. Müxtəlif ölkələrdən 70 dirijor Buxarest simfonik orkestri ilə çıxış edirdi. Anarın dirijor kimi ilk sınağı idi.
Ötən ilin dekabrında Berlində “Heydər Əliyevin 100 illiyinə həsr olunan konsertdə parlaq çıxış edib. Ondan öncə Şuşada gözəl çıxış edib. Musiqi kompozisiyalarından ibarət “Şuşa” və “Young Blood” (“Gənc qan”) albomları populyardır. Hər ikisinə sevə-sevə qulaq asmışam. Vətən üçün, qohumları və dostları üçün darıxan, Bakını əsl cənnət guşəsi adlandıran Anar bura tez-tez gəlib çıxışlar etməyi vəfa borcu sayır. Odur ki, dəfələrlə Bakıda konsertləri olub.
İki həftə öncə Anarın paytaxtımızda sonuncu çıxışı musiqisevərlər arasında “Bakıda Karmen fantaziyası” kimi dastan olub. Proqramda Yohannes Bramsın “Yozef Haydn mövzusuna variasiyalar”ı, Maks Bruçun Violin və orkestr üçün 1 saylı konserti, Aleksandr Borodinin “Knyaz İqor” operasından “Qıpçaqların rəqsi” və Jorj Bize–Frans Vaksman–Anar Bramonun “Karmen fantaziyası” səslənib. Anar Bramonun bu barədə dedikləri:
– Bakı filarmoniyasında keçən konserti böyük məmnunluqla xatırlayıram. Dirijor dostum Fuadla, Azərbaycan Dövlər Simfonik Orkestri ilə çıxış etmək əsl səadətdir. Filarmoniyanın kollektivinə, xüsusilə də direktor Murad Adıgözəlzadəyə, həmçinin sənətşünas Ayla Kərimova-Zəkəriyyəyə, konsertə gələn hər kəsə ürəkdən minnətdaram.
Onu da qeyd edək ki, soydaşımız bu günlərdə filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında gənc istedadlar üçün ustad dərsi də keçib. Onların hazırlıq səviyyəsindən razı qalan Anar Bramo dərs zamanı ən kiçik nüanslara diqqət yetirərək müəyyən ifaçılıq tapşırıqlarının həllinin sadə yollarını nümayiş etdirib, təcrübəsini bölüşüb.
Əli NƏCƏFXANLI
XQ