Bakıda “Naxçıvan fotolarda” sərgisi

post-img

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar paytax­tın Beynəlxalq Muğam Mərkəzində “Naxçıvan fotolarda” adlı fotosərgi keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şərq qapısı” qəzetinin təşkilatçılığı, Nax­çıvan Muxtar Respublikasında Azərbay­can Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə təşkil edilən sərgidə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səla­hiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbay­can Respublikasının mədəniyyət naziri Adil Kərimli, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Fuad Nəcəfli Prezi­dent İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imza­ladığı sərəncama əsasən silsilə tədbirlərin ke­çirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, yubiley tədbirləri Naxçıvanla yanaşı, başqa şəhərləri, ölkələri də əhatə edir. “Naxçıvan fotolarda” sərgisi mart ayında Türkiyə Cüm­huriyyətinin İğdır şəhərində də baş tutub. Aprelin əvvəllərində isə Kayseri şəhərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi kollektivinin iştirakı ilə muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. İl ərzində də muxtar respub­likanın yubileyi ilə bağlı bu kimi tədbirlərin keçirilməsi davam etdiriləcək. 

“Naxçıvan Muxtar Respublikasının sosi­al-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan danışan Fuad Nəcəfli bildirib ki, bu sənəd Naxçıvanın bü­tün istiqamətlərdə kompleks inkişafını nəzər­də tutur. Bu fotosərgi isə Naxçıvanın turizm potensialının üzə çıxarılması, daha geniş are­nada tanıdılması baxımından da əhəmiyyət­lidir. O, sərgi ilə tanışlığın hər kəsdə xoş əh­vali-ruhiyyə yaradacağına inam ifadə edilib. 

Azərbaycan Milli Elmlər Akademiya­sının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli 100 illik yubileyi qeyd olunan Naxçıvan Muxtar Respublikasına dövlət sə­viyyəsində göstərilən diqqət və qayğını yük­sək dəyərləndirib. “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova isə çıxışında bil­dirib ki, “Naxçıvan fotolarda” sərgisi muxtar respublikanın 100 illik yubileyinə töhfədir. Burada təqdim olunan fotolar “Şərq qapısı” qəzetinin fotoqrafları tərəfindən çəkilib. 

Ümumilikdə 62 fotonun nümayiş olun­duğu sərgi böyük maraqla qarşılanıb. Ay­rı-ayrı fotolar muxtar respublika haqqında zəngin təəssürat yaradıb. 

Tədbir bədii hissə ilə davam edib. Beynəlxalq Muğam Mərkəzinin solistləri – xanəndə Arzu Əliyeva və Sərxan Bünya­dzadənin ifasında maraqlı konsert proqramı təqdim olunub. 

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Mədəniyyət