Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi beynəlxalq elmi konfransda təmsil olunub

post-img

Özbəkistandakı Xarəzm vilayətinin mərkəzi Ürgənc şəhərində vilayət hakimiyyəti və Ürgənc Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə “Təhsildə türk xalqları milli mentalitetinin möhkəmləndirilməsinin  aktual problemləri” mövzusunda keçirilən  beynəlxalq elmi konfransda ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

Konfransda qardaş türk dövlətləri ilə yanaşı Malayziya, Hindistan, ABŞ, Rusiya, Qazaxıstan və Almaniyadan gələn alimlər də iştirak edib. 

Konfransı giriş sözü ilə açan universitetin rektoru dosent Firuzə Madraximova müzakirəyə təqdim olunan mövzunun aktuallığından danışıb.  Firuzə Madraximova konfrans iştirakçılarının  mövzu ətrafında səmərəli diskussiyalar aparacağına  əmin olduğunu bildirib.

Xarəzm Vilayət hakiminin birinci müavini Sənət Salayev belə bir mötəbər, beynəlxalq tədbirin onların vilayətində keçirilməsini çox mühüm və vacib hadisə kimi qiymətləndirib. Bu qəbildən tədbirlərin  xalqlar arasında elmi, mədəni, ədəbi əlaqələrin möhkəmlənməsində böyük əhəmiyyətindən danışan  Sənət Salayev bundan sonra da belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edib.

Türkiyənin On Dokuz Mayıs Universitetinin rektoru professor Yavuz Ünal təhsildə milli mentalitetin əhəmiyyətindən söz açaraq ibtidai siniflərdən başlayaraq ali təhsil pilləsinə qədər milli kimliyin təbliği və qorunmasının hər bir fərd üçün  vacibliyini vurğulayıb.

AMM-nin əməkdaşı Kərimulla Məmmədzadə milli dəyərlərin təbliği, qorunması, gələcək nəsillərə ötürülməsində  təhsilin xüsusi rolu olduğunu söyləyib. Azərbaycan və Özbəkistanın orta, ali təhsil müəssisələri ilə Azərbaycan Mədəniyyət Mərkəzinin sıx əməkdaşlığından söz açan K. Məmmədzadə bu sahədə görülən işlər, həyata keçirilən layihələrdən bəhs edib. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın ondan artıq ali təhsil ocağında Azərbaycan milli mədəni mərkəzlərinin açıldığını qeyd edən K. Məmmədzadə Azərbaycan-türk milli kimliyinin təbliği işində sözügedən təcrübənin effektiv olduğunu vurğulayıb.  Təhsilin ilk pilləsindən etibarən milli kimlik immunitetinin güclənməsinin vacibliyini önə çəkən K. Məmmədzadə eyni tarixi, milli köklərə malik qardaş türk dövlətləri arasında təhsil sahəsində əlaqələrin daha da möhkəmlənməsinin mühüm olduğunu qeyd edib.  

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin İcraçı direktoru professor Erkin Nuriddinov, vilayət hakiminin müavini, Ailə qadın-qızlar işləri üzrə şöbənin müdiri Niqora Maşaripova, universitetin prorektoru professor Sərdar Xocaniyazov, On Dokuz Mayıs Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Mustafa Səid Kurşunoğlu, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri professor Qəhrəman Rəcəbov, hindistanlı alim Vasim Salim Tamboli və başqaları təhsilin aktual problemlərindən söz açıblar. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Urgənc      





Mədəniyyət