Ədəbiyyatşünaslıqda məktəb yaratmış akademik

post-img

Feyzulla Qasımzadə – 125

AYB-nin Natəvan klubunda keçirilən “İki zirvənin fatehi – alim və müəllim” adlı növbəti yubiley mərasimi böyük ədəbiyyatşünas, pedaqoq, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (akademik), filologiya elmləri doktoru, Əməkdar elm xadimi və Əməkdar müəllim Feyzulla Qasımzadənin anadan olmasının 125 illiyinə həsr olunub. 

Yubileylər “episentri” sayılan Natəvan klubuna gedərkən yadıma görkəmli akademikin “Məclisi-üns”ün sahibi olmuş Xurşidbanu xanım haqqında söylədiyi bir fikir düşdü: “Natəvan nəcib, səxavətli bir qadın olub, yoxsullara kömək etməkdən xoşlanırdı”. Özlüyümdə müəyyən paralellər apararaq düşündüm ki, ilk olaraq “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyinin müəllifi kimi tanıdığımız Feyzulla Qasımzadə də özünün zəka nuru ilə minlərlə tələbənin bəsirət gözünə işıq verib. Onun dərslikləri ali təhsil illərində masaüstü kitablarımızdan olub və ədəbiyyatımızın intibah dövrünə elmi səyahətlərimizə bələdçilik edib... 

Natəvan klubunda məclisə moderatorluq edən aparıcı –  Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, tanınmış yazıçı Varis Yolçiyev unudulmaz akademikin tədqiqat sahəsi olan XIX əsr milli ədəbiyyatımızın ümumi mənzərəsini gözlər önündə canlandırmaqla onun necə genişəhatəli bir dövrü araşdırdığını xatırlatdı. Qeyd edildi ki, Feyzulla ­Qasımzadə 34 dərslik və kitabın müəllifi olub, 150-dək alim, o cümlədən 30 elmlər doktoru yetişdirib. 

AYB-nin 1-ci katibi, Xalq yazıçısı Çingiz Abdullayev   akademik Feyzulla Qasımzadənin elmi irsini yüksək dəyərləndirdi və belə şəxsiyyətlərin xatirəsinin daim uca tutulması zərurətini diqqətə çatdırdı.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı hələ 60-cı illərdə çalışdığı “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında dəfələrlə görüşüb söhbətlərinə heyran qaldığı Feyzulla Qasımzadə fenomeninə böyük rəğbətini ifadə etdi. 

Akademik, Milli Məclisin deputatı Nizami Cəfərov özünün sələflərindən saydığı  Feyzulla Qasımzadəyə sağlığında hamının böyük hörmətlə “Mirzə  Feyzulla” deyə müraciət etdiyini bildirdi. Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Abbasqulu ağa Bakıxanovun və XIX əsr ədəbiyyatımızın digər azman nümayəndələrinin yaradıcılığının mükəmməl tədqiqi və təbliği işinə onun verdiyi töhfələrdən danışdı.    

Digər natiqlər Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi və görkəmli ədəbiyyat tarixçisi kimi tanınan ilk alimlərdən biri olmuş Feyzulla Qasımzadənin   vaxtilə SSRİ EA Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Azərbaycan Pedaqoji İnstitutunda dosent, kafedra müdiri, Bakı Dövlət Universitetində və Pedaqoji İnstitutda kafedra müdiri kimi fəaliyyət göstərdiyini qeyd etdilər, dərslik, elmi monoqrafiya, müntəxabat və məqalələrinin başlıca məziyyətlərini açıqladılar. Vurğulandı ki, onun  600-dək elmi məqaləsi, 400-dən artıq qəzet və jurnal məqaləsi çap olunub. Xatirələrdən, həmçinin akademikin öz yüksək erudisiyası, geniş dünyagörüşü, güclü yaddaşı, olaylara özünəməxsus yanaşma tərzi, səmimiyyəti, təvazökarlığı və xeyirxahlığı ilə seçilən bir alim obrazı boy göstərdi. 

Əli NƏCƏFXANLI  
XQ

 

Mədəniyyət