Hər tamaşa səhnədə yeni bir imtahandır

post-img

Bu günlərdə onun quruluşçu rejissoru olduğu yeni tamaşanın premyerası olub. Jan Anuyun “Antiqona” əsərinə Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluş verib. Ondan bir-neçə gün əvvəl isə Antalya Böyükşəhər Teatrı onun hazırladığı Pərvin Ünalpın "Gecikənlər"pyesinin tamaşası ilə Bakıda qastrolda olub. Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru Nofəl Vəliyevlə həmsöhbətik.

– Premyera yüksək səviyyədə keçdi. Azərbaycanın böyük səhnəsində bu tamaşa mənim üçün böyük imtahandır. Baxmayaraq ki, buna qədər kiçik səhnələrdə tamaşalara quruluş vermişəm. Türküyənin Antalya Şəhər Teatrlarında hazırladığım tamaşalar 10 ilə yaxındır ki, səhnədən düşmür. İncəsənət Universitetində xeyli sayda böyük tamaşalarım olub, həmin tamaşalarla ölkə xaricində qastrollarda olmuşuq. Festivallarda iştirak edib, mükafat alan tamaşalarımız da var. Mənim üçün ən əsas Bakı tamaşaçısı qarşısında imtahan verməkdir. Açığını deyim, çox həyəcanlıyam. Tamaşa qəbul edilib. “Antiqona” klassik əsərdir, mövzusu önəmlidir, hər dövr üçün aktualdır. 

Bu mövzu məni həmişə narahat edib. Yadınızdadırsa, 44 Günlük Vətən müharibəsindən sonra sosial şəbəkələrdə bir video yayılmışdı. Gizir ailəsi ilə görüşüb, gedir müharibəyə. Yolda maşını saxlatdırıb əsas magistralda rəqs edir.  Bu kadr mənə çox pis təsir etmişdi. Yaşamaq eşqi ilə yanan bir gənc, sanki toy gününün rəqsini edirdi. Bu vətən qarşısında  borc anlamına gəlir. “Antiqona”da  mövzu həmin borc anlayışıdır ki, hər insanda olmur.  Antiqona kimi insanların sayəsində yer üzündə haqq-ədalət var. Əsər realist pyesdir və dünya səhnələrində ­dəfələrlə uğurla tamaşaya qoyulub.  Ona görə də mənim üçün həyəcanvericidir. Eyni həyəcanı “Gecikənlər”in premyerasında yaşamışam.  

– Necə oldu ki, sizi Antalya Böyükşəhər Teatrında tamaşa hazırlamağa dəvət etdilər?

– Gənc Tamaşaçılar Teatrında mənim quruluş verdiyim “Bir səbət tənhalıq” tamaşası ilə Antalyaya festivala getmişdik. Orada tamaşanı bəyəndilər və məni teatrın bədii rəhbəri ilə görüşə dəvət etdilər. Hasiba Özgür mənə Pərvin Ünalpın "Gecikənlər"pyesini təqdim etdi ki, buna baxın, sonra danışaq. Pyes çox xoşuma gəldi və tamaşaya quruluş verdim. Artıq 10 ildir ki, həmin tamaşa səhnədən düşmür. O teatr həyatımın bir hissəsinə çevrilib. Hər tamaşadan sonra əlaqə saxlayıram, maraqlanıram. İndiyə qədər oynanılan bütün tamaşalarda zal dolub, bütün biletlər satılıb. 

– Müsahibələrinizdən birində demişdiniz ki, rejissor kimi gözəl tamaşalar qoymaq arzusundayam. Demək olarmı ki, bu arzunuza çatmısınız?

– Olar. Dövlət Gənc Tamaşaçılar ­Teatrına, o zamankı bədii rəhbəri Mehriban Ələkbərzadəyə çox minnətdaram. Tamaşanı hazırladığım müddətdə teatrın direktoru  böyük dəstək oldu. Çox sevinirəm ki, etimadlarını doğrultdum. Rejissorluq etmək istəyim bu aktyorluqdan üstün hesab etdiyim üçün deyil, sadəcə rejissor kimi deyəcəyim fikirlərim var. Aktyor kimi çox rollarım olub. Ustadım Cənnət Səlimova, İrina Perlovadan çox şey öyrənmişəm. Axundovun əsərlərində oynamadığım personaj bir Hacı Qara qalıb. “Müsyo Jordan və Dərviş Məstəli şah”da dörd obrazda çıxış etmişəm. Şahbaz, Qulaməli, Hatəm xan ağa və Müsyo Jordanı oynamışam. Aktyorluqdan rejissorluğa gələnlər fərqli olurlar. Çünki aktyoru daha yaxşı başa düşürlər. Mənim beynim artıq rejissorluğa köklənib. Öz qurduğum tamaşalarda rol almıram, çünki rejissor səhnə əsərinə kənardan baxmalıdır. Aktyor karyeram hələ davam edir. Böyük rollarım var. Son rollarımdan biri Cənnət Səlimovanın quruluş verdiyi “Dəli yığıncağı” tamaşasında Molla Abbas obrazıdır.  

– Universitetdə Cənnət Səlimovanın kursunda təhsil almısınız, sonra da onun Kamera Teatrında çalışmısınız. Rejissor işiniz ustadınızı qane etdi?

–Teatr Xadimləri İttifaqının Rejissor laboratoriyasında Cənnət xanımın özündən rejissorluq dərsi almışam. Orada çox sayda pyes təhvil vermişəm. Cənnət xanım premyeralarıma həmişə baxıb. Məktəbimiz onunla eynidir, amma düşüncələrimiz fərqlidir. 

– Rejissor kimi gələcək planlarınız varmı?

– Çoxdur. Yastığımın altında məni narahat edən pyeslər var. Etnoqrafiyamızla bağlı tamaşa hazırlamaq istəyirəm. Müharibə mövzusu da məni maraqlandırır. Əfqan həyatından bir filmə baxmışam, məni yaman tutub. Bu mövzuda tamaşa qoymağı düşünürəm. Əfqan xalqı olmaya da bilər, belə zillət içində yaşayan millətlər çoxdur. 

– Sizə rejissorluq fəaliyyətinizdə uğurlar arzu edirik.

Ramilə QURBANLI 
XQ

 

Müsahibə