“Təbrizin səsi” Bakı səhnəsində

post-img

Xəbər verildiyi kimi, Güney Azərbaycanın ünlü ozanı Aşıq Çingiz Mehdipurun rəhbərlik etdiyi Təbrizin məşhur “Dalğa” musiqi qrupu dördillik fasilədən sonra yenidən Bakının qonağıdır. 

Otaylı sənətçilərin butaylı həmkar­ları ilə birgə ərsəyə gətirdiyi maraqlı və zəngin repertuar Heydər Əliyev Sarayı­na toplaşmış çoxsaylı aşıq yaradıcılığı izləyicisini milli musiqimizin heyranedici aləmində ruhi-mənəvi birliyə qovuşdur­du. Güneyli Aşıq Cavad Məhərrəmi, Aşıq Məhbub Əbdu, Aşıq Salar Mehdipur, Aşıq Xatirə Məhəmmədxanlı, Quzeydən isə Aşıq Əli Zeynalabdinov, Məhsəti Cabba­rova, Mirələm Mirələmov, Anar Şuşalı, Aşıq Nazim Quliyev və digər sənətçilərin bir-birini əvəz edən məftunedici çıxışları­nın arasında səhnəyə dəvət edilən aka­demiklər Nizami Cəfərov və Muxtar İma­nov, AMEA müxbir üzvü Misir Mərdanov, Xalq şairi Sabir Rüstəmxanlı, professor Mahirə Nağıqızı “Təbrizin səsi” adlı bu konsertin məhz xalqımızın ortaq zövqünü sərgiləməsindən, məfkurə birliyini par­laq şəkildə təcəssüm etdirməsindən söz açdılar. Natiqlər bu yolda 50 milyonluq xalqımıza daha möhkəm qaradaşlıq və davamlı həmrəylik arzuladılar.

Konsertin sonunda Aşıq Çingizin ifa etdiyi “Yanıq Kərəmi” kompozisiyası və digər solo təqdimatları salonda daha yük­sək coşğu və alqışlar yaratdı.

Elə bu əhvalla da konsertdən dərhal sonra Çingiz bəylə ayaqüstü müsahib olduq. Güneyli sənət fədaisi bildirdi:

– Dördillik ayrılıqdan sonra yenidən Bakının ən böyük salonunda, bu il 100 yaşı tamam olan Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan möhtəşəm sarayda qardaşlarımız qarşısında çıxış edə bilməyimiz böyük xoşbəxtlikdır. Dün­yanı sarsıdan, yolları kəsən pandemiya arxada qalıb, Qarabağ zəfəri 30 illik ümu­mi yaramıza məlhəm olub.

Biz hər mizrab vuranda onun sizlərin qəlbini necə titrətdiyini aydınca duyub daha coşğu ilə çalıb-çağırdıq. Siz biz­dən təsirləndiyiniz kimi, biz də sizin sənət zövqü almağınızdan ilhamlandıq. Doğ­ma ana dilimiz kimi, milli musiqimiz də xalqımızın mənəvi birliyini ifadə edir və onu gələcəyə yönləndirir. Biz Təbrizdən Bakıya elə bu istəklə gəlmişik. Bu tayda qazanılan qələbə bütün dünya azərbay­canlılarına hədsiz öyünc gətirir. 

Birgə konsertimizin belə uğurlu alın­ması isə ümumi mədəni qaynaqlarımızın yaşarılığını, mənəvi birliyimizin sarsılmaz­lığını bir daha sübut etdi. Biz bir ananın övladları olduğumuzu belə ortaqlaşma məqamlarında daha aydın görüb anlayı­rıq. Xalqımızın xoş günləri biz sənətçilərə yeni yaradıcılıq əhvalı gətirir. Həmişə qar­daşlarımızın xidmətində olmaqdan məm­nunluq duyuruq.

Çingiz bəyi və sənət dostlarını qarşı­dakı günlərdə redaksiyaya dəvət etməklə söhbəti bitirdik. Sənət dialoqunun ardını redaksiyamızda keçiriləcək görüşdə da­vam etdirəcəyik.

 

T.RÜSTƏMLİ
XQ



Mədəniyyət