Respublikaçılar Co Baydenə qarşı

post-img

Ağ ev sahibinin postundan uzaqlaşdırılması baş tutacaqmı?

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Respublikaçılar çoxluğu prezident Co Baydenə qarşı impiçment prosesinin araşdırılması məsələsini yaxın həftələrdə səsverməyə çıxarmaq niyyətindədir. İstintaqı daha əvvəl aşağı palatanın vəzifədən kənarlaşdırılmış spikeri Kevin Makkarti başlatmışdı. O, bunu səsvermə prosedurundan yan keçməklə etmişdi. Bəs təşəbbüsün səbəbləri nədir və bu prosesin uğurla başa çatmaq şansı varmı?

ABŞ prezidenti Co Bayden impiç­ment proseduruna məruz qalan Amerika liderləri siyahısına daxil olmaq riski ilə üzləşib. Belə ki, ABŞ Konqresinin Nü­mayəndələr Palatasındakı respublikaçı­lar demokrat prezident Co Baydenə qarşı mümkün impiçment prosedurları (vəzifə­dən kənarlaşdırılması) istiqamətində ilk konkret addımları atıblar. Bu həftənin əv­vəlində Nümayəndələr Palatasının spike­ri Kevin Makkarti belə bir prosedurla bağ­lı rəsmi araşdırmaya başlamağı göstəriş verdiyini açıqlayıb. Araşdırmanın səbəbi, K.Makkartiyə görə, Co Baydenin oğlu Hanter Baydenin qeyri-qanuni biznes əməliyyatlarında iştirak etdiyinə dair eti­barlı iddiaların olmasıdır: “Bunlar vəzifə səlahiyyətlərindən sui-istifadə, faktların gizlədilməsi və korrupsiya ittihamlarıdır və əlavə araşdırma tələb edir”. 

Ümumiyyətlə, ABŞ-nin keçmiş pre­zidenti Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının (RP) sağ qanadı xeyli müddətdir ki, Co Baydenə qarşı impiçment prosesinə başlatma­ğa çalışır. Avqustun sonunda D.Tramp özünün “Truth” sosial şəbəkəsində belə yazmışdı: “Ya siz bu uduzan şəxsə impiç­ment elan edin, ya da unudulmuş halda yoxa çıxın”. Onlar da (Demokrat Partiya­sı - red.) bizə də bunu etmişdilər!”. Xatır­ladaq ki, D.Trampın Ağ Evdə işlədiyi dörd il ərzində Konqresdəki Demokrat çoxluğu onu iki dəfə vəzifəsindən uzaqlaşdırma­ğa cəhd göstərmişdilər: birinci dəfə səla­hiyyətdən sui-istifadə ittihamları ilə, ikinci dəfə isə 2020-ci il prezident seçkilərinin rəsmi nəticələri elan edildikdən sonra D.Tramp tərəfdarlarının Kapitoliyə hü­cumu ilə bağlı. Ancaq belə işlərdə məh­kəmə rolunu oynayan Senat D.Trampa iki dəfə bəraət vermişdi, çünki orada səs çoxluğu olan respublikaçılar ittihamı dəstəkləməmişdilər.

Nümayəndələr Palatasının respubli­kaçıları tərəfindən irəli sürülən ittihamlar Co Bayden ailəsinin maliyyəsi, xüsusən də prezidentin kiçik oğlu Hanter Bayde­nin şübhəli xarici əlaqələri ilə bağlıdır. 53 yaşlı Hanter atası, ABŞ vitse-preziden­tinin (2009-2017-ci illər) Barak Obama administrasiyasındakı əlaqələrindən Uk­rayna və Çində biznes qurmaq və söv­dələşmələr etmək üçün istifadə etməkdə ittiham olunur. Oğul Baydenin 2017 və 2018-ci illərdə 100 min dollardan çox gə­lir vergisini vaxtında ödəmədiyi iddia edi­lir. Bu səbəbdən, eləcə də mümkün qey­ri-qanuni silah saxlamaqla bağlı Hanter Bayden artıq istintaq altındadır. Avqust ayında ABŞ-nin baş prokuroru Merrik Qarland Delaver ştatının prokuroru David Veissi prezidentin oğlunun işi üzrə səla­hiyyətləri genişləndirilmiş xüsusi müşavir təyin edib.

İndi Nümayəndələr Palatasının spi­keri Mayk Conson prezident Co Bayde­nin impiçmenti üzrə məhkəmə prosesi ilə bağlı rəsmi səsvermə ilə irəliləyəcəyinə ümid etdiyini bildirib. M.Conson Bayde­nin impiçmentini zəruri addım adlandırıb, çünki Ağ Ev onun ailə üzvlərinin qanun­suz hərəkətləri ilə bağlı araşdırmalara mane olur. Spikerin sözlərinə görə, o, Nümayəndələr Palatasının nümayəndəsi Eliza Stefaniklə birlikdə iki dəfə ABŞ-nin keçmiş prezidenti Donald Trampın im­piçment üzrə müdafiə komandasında çalışmışdı. O vaxt demokratlar prosedur­dan “partiyanın siyasi məqsədləri üçün” istifadə etmişdilər. “Biz bu istifadəni pis­ləmişdik. Bu isə tam başqa məsələdir”. M.Conson əlavə edib ki, bəzi yurisdiksiya komitələri Bayden ailəsi arasında yanlış hərəkətlərə dair sübutlar tapmaq üçün əla iş görürlər. Amma Ağ Ev minlərlə sə­hifəlik sübutu gizlədir. 

Bəs respublikaçıların impiçmentə nail olmaq şansları varmı? Mütəxəssislə­rin fikrincə, Respublikaçı çoxluğun uğur qazanma şansı azdır. Birincisi, araşdır­malardan sonra Co Baydenin hakimiy­yətdən uzaqlaşdırılması prosedurunun həqiqətən başlanacağı məlum deyil. İkin­cisi, Co Baydenin son nəticədə vəzifəsin­dən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı məlum deyil. İmpiçment proseduruna başlamaq üçün Nümayəndələr Palata­sında səs çoxluğu tələb olunur. Respub­likaçıların indi orada bir az üstünlüyü var - parlamentin aşağı palatasında 435 deputatından 222-si “fillərə” məxsusdur. Bununla belə, Respublikaçı çoxluqda da məsələ ilə bağlı yekdil fikir yoxdur. Hət­ta bəzi nüfuzlu respublikaçı Co Baydeni hakimiyyətdən uzaqlaşdırmaq planlarını tənqid edib. 

Lakin Nümayəndələr Palatası uğur qazansa belə, prezidentin impiçmenti barədə qərarı birbaşa Konqresin yuxa­rı palatası - Senat qəbul etməli olacaq. Orada Co Baydenin təmsilçisi olduğu Demokratlar Partiyası artıq cüzi çoxluğa malikdir. Ona görə də sonda prezidentin günahkar bilinərək vəzifəsindən azad edilməsi ssenarisi faktiki olaraq mümkün deyil. Çünki belə bir qərara senatorların üçdə ikisi səs verməlidir. 

S.ELAY
XQ

Dünya