Onu xatırlayanda yadıma “Mən uşaq olmamışam” adlı avtobioqrafik romanı düşür. Ehtiyac ucundan Lənkəranda kinoteatrın qarşısında təndir çörəyi satan balaca Firudinin obrazı həzin duyğular oyadır. Soyuqda çörəkləri sinəsinə sıxırmış ki, qızınsın. O illərin əks-sədası olan monoloqu sanki qulaqlarımda səslənir: “Biz uşaq olmamışıq. Uşaq ikən yaşlılarla çiyin-çiyinə işləyib mübarizəyə qoşulduq. Bu günlərin eşqinə, Vətənin qüdrəti naminə oddan-alovdan keçib mənalı bir ömür yaşadıq”.
Yazıçı Firudin Ağayev, həqiqətən də, mənalı ömür yaşayıb. ADU-nun fılologiya fakültəsini bitirdikdən sonra ömrünün sonuna qədər milli teleradioda çalışıb. Redaktorluq pillələrini bir-bir keçib, şöbə müdiri və baş redaktor olub. “Səhər görüşləri” kimi maraqlı verilişləri, “Skripkanın sərgüzəşti”, “İşarəni dənizdən gözləyin” kimi filmləri ilə tanınıb. Eyni zamanda, Firudin Ağayevin hekayə, povest və romanları əl-əl gəzib. “Qayıq dənizə çıxır”, “Qardaşlar”, “Səni düşünürəm”, “İldırım dənizə çaxır”, “İldırım ömrü” və sair kitabları bu qəbildəndir.
Firudin Ağayev elə kəslərdən idi ki, biliyinə, mədəniyyətinə, mehribanlığına, xeyirxahlığına heyran qalmaq üçün bircə görüş kifayət edirdi. Televiziyada işdən çıxanda onunla bərabər üzüaşağı – ta indiki “İçərişəhər” metro stansiyasına qədər piyada getməyi hər birimiz gözəl fürsət bilir, yolboyu maraqlı söhbətlərini dinləyirdik. O, əsl məktəb idi: ədəbiyyat məktəbi, televiziya məktəbi, insanlıq məktəbi...
Unudulmaz yazıçının 90 illik yubileyi ərəfəsində oğlu – tanınmış rejissor Namiq Ağayevlə xatirələrə daldıq. Qənimət insanlardan olmuş işıqlı şəxsiyyəti bir daha yad elədik.
– Çox tələbkar, yeri düşəndə sərt, yeri düşəndə romantik insan idi atam, – dedi Namiq müəllim. – Ömrü kitabların arasında keçirdi, belələrinə kitabman deyirlər, məncə. Universitet illərində Əli Sultanlı, Mir Cəlal Paşayev kimi böyük pedaqoqlardan dərs alıb, “Nizami” təqaüdü ilə oxuyub. Onun tələbə yoldaşları arasında Yaşar Qarayev, Ağacavad Əlizadə kimi məşhurlar olub. Sonralar Nəbi Xəzri, Hüseyn Arif, Xəlil Rza, Qulu Xəlilov, Nahid Hacızadə, Lütfi Məmmədbəyovla yaxın dostluq edib.
Rəhmətlik Elşad Quliyevlə atam lap uşaq yaşlarından yoldaşlıq ediblər. Elşad müəllim atamla bağlı xatirələrində deyirdi ki, bir gün Lənkəranda dəcəllər mənə badalaq vurub yıxdılar, bu vaxt haradansa Firudin peyda oldu, onlar Firudini görən kimi qaçdılar. Firudin əlini uzadıb mənim qalxmağıma kömək elədi, sonra qardaş sevgisi ilə: “Səni görüm heç vaxt yıxılmayasan”, – dedi...
Firudin müəllim özü də həyatda heç vaxt yıxılmadı. Təmiz adının üstündə yarpaq kimi əsdi. Teymur Əliyevin (Teymur Elçin) sədr olduğu vaxtdan AzTV-də işləyirdi, sonra Elşad Quliyev ora sədr gəldi və çox yaxın münasibətləri oldu. Firudin müəllimin bütün təşəbbüsləri, təklifləri birmənalı olaraq qəbul edilir və televiziya məkanında maraqla qarşılanırdı.
Yazıçının ilk oçerk və hekayələri universitet qəzetində işıq üzü görüb. “Ananın məktubu” hekayəsi 1956-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilib. Bundan sonra oçerk, hekayə, roman, pyes və ssenari sahəsində məhsuldar fəaliyyət göstərib. “Skripkanın qayıtması”, “Həyat, söylə sən kiminsən?”, “Leyla və onun dostları” ssenarilərınə telefılmlər çəkilib, “Qayğı”, “Cırtdanın sərgüzəştləri”, “Xoruz” və başqa pyesləri səhnələşdirilərək dəfələrlə oynanılıb və uğur qazanıb.
Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin dedikləri:
– Firudin Ağayevi 70-ci illərin sonlarından tanıyırdım. O, mənim bir neçə yazımı oxuyandan sonra televiziyaya dəvət elədi və mən bir çox verilişə qatıldım. Onun necə mahir redaktor, rejissor, hətta dirijor olduğunu hiss elədim. Öz işinin ustası idi. Hər cümləyə, hər nüansa diqqət yetirirdi. Televiziya onun qanında, ruhunda idi.
Bir də dəniz vurğunu idi – Lənkəranda, Xəzərin sahillərində doğulmuşdu. İlk əsəri “Qayıq dənizə çıxır” olub. Onun hekayə və povestlərində dəniz obrazı xüsusi önəm kəsb edir. Özü də dəniz kimi saf idi...
Mailə Muradxanlının, Flora Xəlilzadənin, Etibar Babayevin və başqalarının da Firudin Ağayevlə bağlı maraqlı xatirələri var. Hamısı da onun yüksək mədəni səviyyəli, səmimi, tələbkar və eyni zamanda, qayğıkeş olduğunu vurğulayır. Namiq Ağayevin dediyinə görə, atasının sonuncu tədbirində jurnalist mikrofonu ona tərəf uzadaraq soruşub ki, insanda ən çox dəyər verdiyiniz nədir?, – o da qısaca: "Səmimiyyət", – deyə cavab verib.
...Əfsanəyə görə, Səməndər quşu balalarının qanad açıb uçduğunu görəndə sevincindən polad dimdiyini çaxmaq daşı olan caynağına vuraraq qov əmələ gətirib. Elə pyeslərindən biri “Səməndər quşu” adlanan müəllimimiz Firudin Ağayev özü də sənətinin Səməndər quşu idi...
Əli NƏCƏFXANLI
XQ