“Qatır Məmməd”i xilas edən rejissor

post-img

Rasim Ocaqov–90

Hər rejissor filmləri, tamaşaları ilə örnək ola bilmir. Rasim Ocaqov məhz belə rejissorlardandır. Onu ustad kimi tanıdan neçə-neçə istedadlı yetirməsinin olmasıdır. 

Rasim Ocaqov Şəkidə dünyaya gəlib. Uşaqlıqdan foto ilə maraqlanıb. Həvəskar şəkillər çəksə də, geoloq ol­maq istəyib. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlibmiş. Rasim Ocaqov peşəkarların necə işlədiklərini görmək üçün onların yanına gedib. O gün mö­cüzəli kino aləmi onu özünə elə çəkib ki, gənc fotoqraf bu sənətə könül verib. Orta məktəbi bitirdikdən sonra Moskva­da Ümumittifaq Dövlət Kinemotoqrafiya İnstitutunun kinooperatorluq fakültəsin­də təhsil alıb. 1956-cı ildən “Azərbay­canfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayıb. “Bir cənub şəhərində”, “Bizim küçə” filmləri onun kamerası ilə çəkilib. “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Azərbaycan kino operatorluğu sənətinin layiqli nü­munələrini yaradıb. 

Lakin bir gün hiss edib ki, içində aşıb-daşan yaradıcılıq istəyi kamera ilə kifayətlənmir. Rejissor kimi film çəkmək istəyib. Bu arzu ilə də M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsinə daxil olub. Ali məktəbi bitirəndən sonra iki il kino çəkmək arzusunu həyata keçirə bilmir, ona film vermirlər. 

Bir gün “Azərbaycanfilm”in rəhbəri onu çağırıb və deyib ki, Moskvanın qə­bul etmədiyi bir filmi sənə yenidən iş­ləmək üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan, kino üzünə həsrət qalacaqsan. Beləliklə, “Qatır Məmməd” filmi Rasim Ocaqova həvalə olunub. Rejissor filmi yenidən ərsəyə gətirib və film nümayişə buraxılır. O vaxtdan Rasim Ocaqov quruluşçu-rejis­sor kimi çalışıb. “Ad günü”, “Bağlı qapı”, “İstintaq”, “Onun böyük ürəyi” filmlərini çəkib. 1990-cı ildən “Ocaq” studiyası­nı yaradaraq sevimli işini müstəqil da­vam etdirməyə başlayıb. “Tütək səsi”, “Özgə ömür”, “Park”, “Təhminə”, “Bağlı qapı”, “Həm ticarət, həm ziyarət”, “Öl­səm, bağışla” filmləri Ocaqov yaradı­cılığının məhsuludur. Rasim Ocaqov yalnız içindən keçənləri, yaşadıqlarını ortaya qoyan rejissorlardan idi. Ona görə də çəkdiyi filmlər sevilir və illər sonra da tamaşaçıda təsirsiz ötüşmür. Sonuncu filmi “Otel otağı” olub. İnsan mənəviyyatı, onun sirli dünyası filmin əsasını təşkil edib. 

Azərbaycanın Xalq artisti Rasim Ocaqov 2006-cı ildə 73 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. 

Xalq yazıçısı Anar: 

– Mən Rasim Ocaqovu uzun illərdir tanıyırdım. Moskvada oxuyarkən tanış olmuşduq. O, mükəmməl operator ol­duqdan sonra rejissorluq arzusuna dü­şüb. Onunla iki filmdə məmnuniyyətlə çalışmışam. Rasim Ocaqovun bütün fi­kirləri, bütün həyatı kino ilə bağlı idi. İste­dadlı rejissor, gözəl insan, fədakar dost idi, lakin çəkiliş meydançasına gələndə onun fikrini dəyişmək çox çətin olurdu. Bizim fikirlərimiz hər zaman 100 faiz üst-üstə düşməsə də, mən onunla birgə işi­mizi minnətdarlıqla xatırlayıram.

Xalq artisti Hacı İsmayılov: 

– Mənim həyat və yaradıcılığım­da Rasim Ocaqov böyük rol oynayıb. Mənə kinematoqrafiyanın sirlərini açıb. Rasim Ocaqov yaradıcılığı bütöv mək­təbdir. O, öz həyatı və filmləri ilə bizi bu gün də isidən ocaqdır. Onun filmlərində dərin vətənpərvərlik hiss olunurdu.

Xalq artisti Rasim Balayev: 

– Çəkiliş meydançasında həddən artıq ciddi idi. Mən çox şeyləri ondan öyrənmişəm. Bəzən ifalarım teatrdakı kimi alınırdı. Onda Rasim məni saxla­yıb deyirdi ki, kino sadəliyi sevir, kino­da zərif oynamaq lazımdır. Biz Rasim Ocaqovun yoxluğunu hiss edirik və vaxt keçdikcə, daha çox hiss edəcəyik. Təsəllimiz budur ki, o, mənalı həyat ya­şadı və gözəl əsərlər yaratdı. 

Xalq artisti Fəxrəddin Manafov: 

– Rasim Ocaqov çox xeyirxah, ma­raqlı insan idi. Qüsursuz kino zövqü vardı. Əlbəttə, yaradıcılıq mübahisələri­miz də olurdu. Amma mən sonra yaxın­laşıb onu qucaqlayıb öpürdüm. Tanrıya minnətdaram ki, Rasim Ocaqov kimi müəllimim olub.

 

Ramilə QURBANLI
XQ

Mədəniyyət