Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bu ölkə 2023-cü il noyabrın 14-də “Avropa–Qafqaz–Asiya Nəqliyyat Dəhlizinin inkişafına dair çoxtərəfli saziş”ə (TRASEKA) qoşulub.
Məlumatda vurğulanır ki, sənədin məqsədi Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf, habelə beynəlxalq yük daşımalarını təşviq etmək və asanlaşdırmaqdır. “Avropa–Qafqaz–Asiya Nəqliyyat Dəhlizinin inkişafına dair çoxtərəfli saziş”lə qarşıya qoyulan vəzifələr həm də hərəkətin təhlükəsizliyini təmin etmək, nəqliyyat siyasətini uyğunlaşdırmaq və müəyyən nəqliyyat növləri arasında rəqabət üçün bərabər şərait yaratmaqdır.
Qeyd edək ki, tarixi İpək yolunun bərpasını nəzərdə tutan Avropa-Qafqaz–Asiya Nəqliyyat Dəhlizində 13 ölkə– Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edir.
XQ