Qısa Filmlər Festivalının böyük uğuru

post-img

Nizami Kino Mərkəzində 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib. Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalda nümayiş olunan filmlər haqqında danışıb. 

Layihəyə verdikləri dəstəyə görə, Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə təşəkkür edən Fehruz müəllim deyib: - İnanırıq ki, növbəti illərdə əməkdaşlığımız davam edəcək. Festivalı tanıdan yaxşı filmləri və peşəkar münsiflər heyəti oldu.  

Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu festivalın fəaliyyətini təqdir edərək, qaliblərə təbriklərini çatdırıb: - Bu gün burada Kino Agentliyi (ARKA) işçilərindən  mükafat alanlar da var. Düşünürəm ki, bu məqam ARKA-nın hansı tərkibdə formalaşması və fəaliyyətinə dair çox şey deyir.  Kinematoqrafiya elə bir sahədir ki, burada müxtəlif baxış bucaqları mövcuddur. Biz heç bir baxış bucağını redaktə etməkdə maraqlı deyilik. Qəbul olunmuş kino kriteriyaları çərçivəsində ərsəyə gələn ekran əsərlərinə dəstək veririk.

Sonra qaliblərə nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlar təqdim olundu. Beynəlxalq müsabiqə üzrə “Ən yaxşı animasiya filmi”  mükafatına rejissorlar Vuk Palibrk və Tanja Brzakoviçin ərsəyə gətirdiyi “Fabuladakı canavar” filmi (Serbiya) layiq görüldü. “Ən yaxşı sənədli film” nominasiyasında rejissor Nikita Lovetskinin “Qalina Petrovna” filmi (Qırğızıstan) mükafatlandırıldı.“Ən yaxşı bədii film” mükafatını rejissor Patrisio Martines və Fransisko Kantonun  “Heç biri” filmi (Argentina) qazandı. Yerli müsabiqədə “Ən yaxşı bədii film” kimi rejissor Səməd Ağayevin “Salam İsa” filmi (Azərbaycan) elan edildi. “Ən yaxşı sənədli film” nominasiyasında rejissor Kürçaylı Məmədovun “Sabahın xeyir, Sübh anası” ekran işi qalib oldu.

“Ən yaxşı rejissor” işinə görə rejissor Elmar Bayramovun “Nəfəs” filmi mükafata layiq görüldü. “Ən yaxşı ssenari”yə görə isə rejissor Şirin Əhmədovun “Qütb ulduzu” filmi mükafat qazandı. 

Sonda “Ən yaxşı bədii film” nominasiyası üzrə “Qızıl nar” mükafatı almış Səməd Ağayevin “Salam, İsa” filmi nümayiş olundu.

Builki festivala 78 ölkədən 704 film təqdim olunmuşdu. Seçim komissiyası festivalın beynəlxalq müsabiqəsinə 32 ölkədən 42 film, yerli müsabiqəyə isə 26 film daxil etmişdi. Asiya istedadları müsabiqəsində 11 ölkədən 17 film qatılmışdı. Əlavə olaraq, “Sinema1” müsabiqə proqramı, nümayiş xarakterli panoram və retrospektiv proqramlar da tamaşaçılara təqdim olundu. 

Festivalın əsas tərəfdaşları Nizami Kino Mərkəzi, Azərbaycan Film Fondu, Azərbaycanfilm kinostudiyası, Azərbaycan Prodüserlər Gildiyası, Yunus Əmrə İnstititu, “ÖzFilm” şirkəti, “Sinetur” Dünya Film Festivallarının Beynəlxalq Komitəsi, “Radisson” hoteli və “Özsüt” restoranı idi. 

 

Fidan HÜQUQQIZI
XQ 

 







Mədəniyyət