Səudiyyə səfiri jurnalistlərlə görüşüb

post-img

Dünən Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan mediasının tanınmış nümayəndələri ilə görüşüb. 

Dost ölkənin diplomatı jurnalistlərlə söhbətdə Ər-Riyad – Bakı dostluq və tərəfdaşlıq münasibətlərinin ildən-ilə genişlənməsindən danışdı, bu il oktyabrın 5-də öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən eşitdiyi fikirlərdən və gördüyü səmimiyyətdən məmnunluqla söz açıb. Səfir qeyd edib ki, bizim məqsədimiz Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyi illərdən bəri davam edən əməkdaşlığı daha yüksək səviyyələrə qaldırmaqdan ibarətdir. Bu işdə Azərbaycan mətbuatının oynadığı rolun böyüklüyünü xatırladan diplomat vurğuladı ki, bu ölkənin siyasətçiləri, diplomatları və dövlət rəsmiləri kimi mətbuat təmsilçiləri də İslam dünyasının İki Müqəddəs ocağının yerləşdiyi Səudiyyə Ərəbistanına daim inam və etimadla münasibət bildiriblər. 

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən, işğaldan azad edilmiş şəhər və kəndlərdə aparılan bərpa-quruculuq işlərindən, eləcə də xalqımızın İslami dəyərlərə verdiyi  önəmdən söz açan səfir qeyd edib ki, yaxın günlərdə ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin, eləcə də  “Xalq qəzeti”nin redaksiyalarını ziyarət edəcək. 

İttifaq MİRZƏBƏYLİ 
XQ

 

Son xəbərlər