Sİ–Bayden görüşü: missiya baş tutdumu?

post-img

ABŞ prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində görüşüblər. Bu, Çin liderinin 2017-ci ildən bəri ABŞ-a ilk səfəridir. İki dövlət arasında ziddiyyətlərin əhəmiyyətli dərəcədə kəskinləşdiyi bir dövrdə baş tutan şəxsi görüşü dünya da yaxından izləyirdi. Gözlənildiyi kimi, görüşdə ikitərəfli münasibətlərin gələcəyinə dair ciddi irəliləyişin əldə olunmasa da, danışıqların müsbət tonlarla yekunlaşdığı vurğulanır. Hətta bir sıra siyasi şərhçilər ABŞ-Çin münasibətlərində müəyyən istiləşmənin baş verəcəyini də ehtimal edirlər.  Ancaq görüşdən sonra Co Baydenin Çin liderini “diktator” adlandırması və Çin Xarici İşlər Nazirliyinin ABŞ liderinin bu sözlərinə dərhal reaksiya verməsi iki supergüc dövlət arasında münasibətlərin sabit xətt üzrə inkişaf edəcəyinə olan nikbinliyi azaldır.

Çin lideri Si Cinpin və ABŞ prezidenti Co Bayden San-Fransisko yaxınlığında keçirilən görüşdə iki gücün hərbçiləri arasında birbaşa rabitə kanallarının bərpası barədə razılığa gəliblər. Bu əlaqə keçən il Nümayəndələr Palatasının sədri Tayvana səfər etdikdən sonra çinlilər tərəfindən kəsilmişdi. Hərbçilər arasında birbaşa əlaqənin bərpasına dair razılıq Bayden və Si arasında keçirilən görüşdən sonra Çin dövlət televiziyası CCTV tərəfindən bildirilib. Pentaqonun mətbuat xidməti bu münasibətlə bildirib ki, “ordularımız arasında rabitə xətlərinin açıq saxlanılması vacibdir, çünki o, böhrana və ya münaqişəyə səbəb ola biləcək anlaşılmazlıqların və səhvlərin qarşısını alır”. Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosinin ötən ilin avqust ayında Tayvana gözlənilməz səfərindən sonra Çin birbaşa rabitə kanallarını kəsmişdi. Bu jest Pekini son dərəcə qəzəbləndirmiş və onu adanın turulmasını təqlid edərək, Tayvan ətrafında genişmiqyaslı təlimlər keçirməyə təşviq etmişdi.

Bununla belə, Ağ Evin yüksək rütbəli rəsmisi anonimlik şərti ilə jurnalistlərə bildirib ki, cənab Cinpin görüşdə ABŞ liderini Çinin Tayvanı ələ keçirməyə hazırlaşmadığına və sülh yolu ilə birləşməyə üstünlük verəcəyinə inandırıb. Lakin o, ÇXR-in hansı şəraitdə güc tətbiq edə biləcəyi barədə də danışmağa başlayıb. Çin lideri Si Cinpin danışıqlardan sonra açıqlaıb ki, Çin-Amerika əlaqələrinin “parlaq gələcəyi”nin olduğuna əmindir. “Çin və ABŞ-ın fərqli inkişaf yollarına, fərqli mədəniyyətlərə, tarixlərə, sosial sistemlərə sahib olmasına baxmayaraq, hər iki ölkə qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə riayət etdikləri müddətcə fikir ayrılıqlarını aradan qaldıra və iki böyük dövlətin düzgün bir yerdə yaşaması üçün bir yol tapa bilərlər”. Danışıqlar zamanı Si Cinpin Çin və ABŞ arasında mümkün münaqişənin dözülməz nəticələrə səbəb olacağı fikrini də bildirib. Onun fikrincə, Pekin və Vaşinqton birbaşa hərbi qarşıdurmadan qaçmaq üçün hər şeyi etməlidir.

Məlumdur ki, dünya iqtisadiyyatının gələcəyi ABŞ-Çin münasibətlərinin vəziyyətindən asılıdır. Buna görə də, hamı ikitərəfli görüşdə liderlərin səsləndirəcəkləri bəyanatları səbirsizliklə gözləyirdilər. Görüşün nəticələri belə düşnməyə əsas verir ki, tərəflər iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Belə ki, cənab Cinpin görüş zamanı Vaşinqtonun Çinə qarşı əvvəllər tətbiq etdiyi birtərəfli sanksiyaların ləğvini gözlədiyini bildirib. “ABŞ Çinə və onun şirkətlərinə qarşı davamlı olaraq ixrac nəzarəti və birtərəfli sanksiyalar tətbiq edir. Bu, Çinin maraqlarına ciddi ziyan vurur. Mən həqiqətən ümid edirəm ki, ABŞ Çinin narahatlığını ciddi qəbul edəcək və Çin müəssisələri üçün vicdanlı, ədalətli və ayrı-seçkiliyə yol verilməyən mühiti təmin etmək üçün tədbirlər görəcək və birtərəfli sanksiyaları ləğv edəcək”. Si Cinpin, həmçinin əlavə edib ki, ABŞ-ın sanksiyaları və digər dövlətlərin qeyri-dost hərəkətləri Çin iqtisadiyyatının vəziyyətinə kritik təsir göstərmir. Onun sözlərinə görə, “Çinin inkişafı və böyüməsi daxili məntiqə malikdir və xarici qüvvələr tərəfindən dayandırılmayacaq”.

Co Bayden də Çin ilə münasibətlərin normal məcrada inkişaf etməsinin tərəfdarı olduğunu bildirir. Noyabrın 14-də səhər Vaşinqtondan Kaliforniyaya uçmazdan əvvəl cənab Bayden medianın gözləntiləri ilə bağlı suallarını cavablandırarkən bildirib ki, əsas vəzifə Çin lideri ilə “normal qarşılıqlı əlaqə kursuna qayıtmaqdır”. Bunun üçün, sadəcə, bir-birinizə zəng etmək yetər. ABŞ prezidenti əlavə edib ki, “Biz Çindən uzaqlaşmağa çalışmırıq. Münasibətləri yaxşılığa doğru dəyişməyə çalışırıq”. Bundan əlavə, Prezident Bayden görüşdən sonra mətbuat konfransında bildirib ki, rabitə xətləri təkcə Çin və ABŞ hərbçiləri arasında deyil, həm də liderlərin özləri də daxil olmaqla digər səviyyələrdə daim açıq olacaq: “O və mən razılaşdıq ki, ikimiz də telefonu götürə, birbaşa zəng edə və dərhal eşidilə bilərik”. Si Cinpinə güvənib-güvənmədiyini soruşduqda, Bayden “güvən, amma yoxla” məsəli ilə cavab verib və sonra əlavə edib ki, o və Si Cinpin Barak Obama və Hu Tszintaonun vitse-prezidentləri olanda çox görüşüblər. Ağ Ev sahibi, həmçinin diqqətə çatdırıb ki, cənab Sini “birbaşa və səmimi” həmsöhbət kimi tanıyır. 

Ancaq görüşündən sonra Co Baydenin Çin liderini “diktator” adlandırması görüşün nəticələrinə kölgə salmasa da, ikitərəfli münasibətlərin gələcəyinin ­buludsuz olmayacağı fikrini də ortaya atır. Analitiklər də razılaşırlar ki, indiki vəziyyətdə ABŞ və Çin arasında münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşacağına ümid etmək qeyri-realdır. Əsas odur ki, bu münasibətlər daha da pisləşməsin. Belə görüşlər də məhz bu missiyaya xidmət edir. Buna görə də, missiyanın baş tutduğunu düşünmək olar.

 

Səbuhi Məmmədov 
XQ

 

Dünya