Qəlpə yaralarının qəlb yarası

post-img

Qarabağ davasında əsgər və zabitlərimiz güllə, qəlpə yaraları alırdılarsa, söz cəbhəsində qələmlə vuruşan yazarlarımız da qəlb yarası alırdılar. Belə yara almış yazarlarımızdan biri 30 ildir qələmi ilə erməni faşistləri ilə vuruşan tanınmış yazıçı, Əməkdar jurnalist Zemfira Məhərrəmlidir. 

Tarix boyu Türk qadını at belində əri ilə yanaşı yürümüşdür, onun arxası, silahdaşı olmuşdur, yolunu davam etdirmişdir. Hökmdar ərinin ölümündən sonra azyaşlı oğlunun yerinə Turan taxtında oturmuş Tomris ana ölkəsinə hücum edən İran şahı Kirin “şahlığımı qəbul et, mənə ərə gəl. Yoxsa ölkəni yerlə-yeksan edəcəyəm” təklifini rədd edərək döyüşə girmiş, oğlunun öcünü alaraq onun başını kəsib qanla doldurulmuş tuluğa atmış, “qan hərisi idin, indi iç!” demişdir. 

Farsın tarixi tör-töküntüsü sayılan erməni neofaşistləri ilə döyüşlərin ilk günlərindən Azərbaycan qadınları ulu nənələri Tomristəki ərləri, anaları, oğulları ilə düşmənin qarşısına çıxdılar. Hələ sovet dönəmində mən Ağdamda qarabağlı qızların özünüqoruma könüllü dəstələrə qoşulmasının şahidi olmuşam. 

I Qarabağ savaşı zamanı ölkəmizə dəvət etdiyim türkiyəli həmkarım, “Günaydın” qəzetinin yazarı Ərdan Zəntürklə Ağdama getmişdik. Məqsədimiz Türkiyə mətbuatı vasitəsilə silahlı daşnak dəstələrinin ruslara arxalanaraq Azərbaycan kəndlərinə hücum etməsini, etnik təmizləmə aparmasını ölkəmizdən kənarda yaymaq idi. Ərdan bəy Milli Qəhrəman Şirin Mirzəyevin Şahbulaqda yaratdığı ilk milli alayında, Qatır Məmmədin könüllülər dəstəsində çəkilişlər etdi. Burada əsgər paltarı geyinmiş qızlarımızı gördükdə riqqətə gəldik. Hələ Azərbaycanın nizami milli ordusunun yaranmadığı dönəmdə qızlarımızın döyüşçü, əsgərlərimizin yaralarını sarıyan tibb bacısı, həkim kimi ön xəttə atılması məni çox qürurlandırdı. 

O çətin illərdə Azərbaycanın gənc yazarı, “Bakı” qəzetinin əməkdaşı Zemfira Məhərrəmlinin döyüşçü qızlarımız haqqında yazdıqlarının toplandığı “Döyüşə qızlar gedir” kitabı işıq üzü gördü. Bu kitab şəhid qızlarımızın kövrək xatirəsinə ərməğan, qazi qızlarımızın yarasına məlhəm, oğullarımızın qanlarını coşdurub ələ silah götürməsinə çağırış oldu. 

Zemfira xanım jurnalistlik, yazıçılıq missiyasını, özəlliklə Qarabağ davasında ərləri, oğulları ilə bərabər döyüşə atılmış qız-gəlinlərimizin qəhrəmanlıqlarını kağıza köçürdüb, ölkə içində və dışında dünya ictimaiyyətinə çatdırmaqda görürdü. Bu yaxınlarda onun Türkiyədə “Ocaq” nəşriyyatı tərəfindən buraxılmış “Zəfər yolçuları” kitabında toplanmış esse, məqalə və hekayələrində aparıcı yeri Qarabağ döyüşçüləri tutur. Bəli, yuxarıda qeyd etdiyim kimi Qarabağ davası qəlb yarası alan yazarlarımızdan biri də Zemfira xanımdır. Böyük qələbədən sonra bu kitabla Zemfira xanım öz prioritet mövzusuna bir daha qayıtdı. 

Mən 30 il Qarabağ davasından yazmış, girov götürülmə təhlükəsi ilə üzləşmiş jurnalist, 1150 səhifəlik “Qara qan” tarixi roman-trilogiyasının müəllifi kimi Zemfira xanımın bu yazıların faktlarını toplayarkən, onları yazıb redaktə edərkən nələr çəkdiyini, qəlb ağrılarına necə dözdüyünü, gah için-için, gah da hönkürtü ilə hıçqırdığını təsəvvür edirəm. Çünki eyni duyğuları özüm də yaşamışam. Ancaq Tanrı kişiləri bir az güclü yaratmışdır. 

Bu ağrıları duyub çəkə bilməzdi zərif qadın ürəyi. Zemfira xanım ağır ürək xəstəliyinə tutuldu, açıq ürək əməliyyatı keçirdi. Uzun müalicədən sonra sağalıb yenə qələmi ələ götürdü, birinci bölümü “Şuşa artıq bizimdir!” adlandırdırdığı bu sonuncu kitabını nəşr etdirdi. Amma bu kitab öncəkilərtək ürək ağrısı ilə yazılmadı. Qələbələrimiz, Azərbaycanı dünyada tanıdan zəfərimiz onun ürək ağrılarına məlhəm oldu. 

 

Fazil Abbasov,
Əməkdar jurnalist

 

Sosial həyat