“Qayıdışın mübarək”, “İgidlərin sözü”

post-img

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun təşkil etdiyi “İgidlərin sözü” layihəsi çərçivəsində “Qayıdışın mübarək” adlı ədəbi-musiqili gecə keçirilib. 

Tədbiri giriş sözü ilə açan Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibi, Ukrayna Ali Radası sədrinin müşaviri, hüquq elmləri doktoru Hikmət Cavadov bildirib ki, 44 günlük Vətən müharibəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın qəhrəman oğullarının yüksək döyüş hazırlığı nəticəsində zəfərlə başa çatdı. Bu qələbənin memarlarından sayılan şəhid və qazilərimiz bütün Azərbaycanın, eyni zamanda ölkəmizdən kənarda yaşayan soydaşlarımızın başını uca edib. Bu tədbir də onlara həsr olunub.

Beynəlxalq Fondun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev tarix yazan qəhrəman Milli Ordumuzun, əsgər və zabitlərimizin xalqımızın milli qürurunu, qələbə ruhunu özünə qaytardığını deyib. Qeyd edib ki, bu kimi tədbirləri təşkil etməkdə məqsəd onların qəhrəmanlıqlarının hər zaman xatırlanması üçündür. 

“Söz” və “İgidlərin sözü” layihələrinin müəllifi, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Mədəniyyət, Təhsil və Humanitar Komitəsinin sədri, şair Nigar Həsənzadə gecədə iştirak edən hər kəsə təşəkkür edib. Şəhid və qazi analarına isə bu qələbədə əvəzolunmaz paylarının olduğuna görə minnətdarlığını bildirib:

– Bu layihə 44 günlük Vətən Müharibəsində əzmkarlıqla döyüşmüş və qazi olmuş şairləri bir yerə yığıb. Layihə üçün əsas təkan Şuşada keçirilmiş “Vaqif Poeziya Günləri” olub. Onların dahi Molla Pənah Vaqifin məqbərəsi önündə səsləndirdikləri şeirlər “İgidlərin sözü” layihəsinə daxil olunub. 

Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş tədbirdə müharibə veteranları olan gənc şairlər və musiqiçilər çıxış ediblər. Bayram gecəsində ilk dəfə olaraq sözləri şair Arif Abdullazadəyə, musiqisi Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus “Şəhidlərin andı”, sözləri şairə Nigar Həsənzadə, musiqisi bəstəkar Xanım İsmayılqızının olan “Qayıdışın mübarək” mahnıları səsləndirilib. 

Muğam Mərkəzinin foyesində “Accent Group”un dəstəyi ilə Azərbaycan Dövlət Televiziyasının "Döyüşən rəssamlar" layihəsi çərçivəsində qazi rəssamların əsərləri nümayiş etdirilib.

Mərasimdən sonra qazi şairlərlə söhbət etdik. Baş leytenant Vüsal Hətəmov vaxtilə işğalda olmuş torpaqların azad olunduğu günləri böyük sevinc hissi ilə qeyd etdiyini dedi. 

Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən qazi şair Eyvaz Əyyub da yaşadığı qürur hissini bizimlə bölüşdü. 

Şair, yazıçı Oğuz Alp Arslan isə savaş meydanında təkcə silahla deyil, qələmlə döyüşməyin vacibliyini vurğuladı. Onun dediklərinə görə, biz təkcə torpaqlarımızı işğaldan azad etməmişik, həmçinin xalq, millət olaraq dünya qarşısında sözümüzlə, gücümüzlə sübut etmişik ki, bu torpaqlar bizimdir. Silahlar sussa da qələmimiz hər zaman yazacaq.

 

S.FİDAN
XQ 

 







Mədəniyyət