Fədakar ömrün kinoportreti

post-img

Akademik Xoşbəxt Yusifzadənin xatirəsinə

Cismani yoxluğunun 40-cı günündə onun haqqında düşünəndə, nədənsə, ilk növbədə 2015-ci ildə məşhur neft mütəxəssisinin 85 illik yubileyi münasibətilə çəkilmiş “Fədakar” filmini xatırladım və kadrlara yenidən baxdım. Nə yaxşı ki, texnoloji proseslərin inkişafı zəminində vizual janrların təkmilləşməsi bizə itirdiklərimizi görmək, dinləmək imkanı verir. Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin fədakar ömründən bəhs edən həmin film çox dəyərlidir.

Ekran əsəri Azərbaycan neft sənayesinin canlı əfsanəsi, tanınmış geoloq, görkəmli alim, “Heydər Əliyev”, İstiqlal”, “Şərəf”, “Şöhrət” və 1-ci dərəcəli “Əmək” ordenli Əməkdar mühəndis Xoşbəxt Yusifzadənin həyat hekayələri əsasında qələmə aldığı "Ömrümün illəri və izləri" kitabının epizodları üzrə    ssenariləşdirilib. Təsvirlərə baxdıqca 1930-cu ildə Xəzərin qumlu sahillərində – Bakının Pirşağı kəndində dünyaya göz açan Xoşbəxtin ağır repressiya və müharibə illərinə düşən uşaqlığı və yeniyetməliyi göz önündə canlanır. Lakin bütün bu çətinliklər onu ruhdan salmayıb, əksinə, erkən yaşlarından zəhmətə alışdırıb. Xoşbəxt gələcəyini düşünən Xoşbəxt hər gün kilometrlərlə yolu piyada qət edərək qonşu kənddəki məktəbə – bilik dalınca gedib. Onun  çətinliklərə sinə gərməsində, sınaqlardan üzağ çıxmasında əzabkeş anasının fədakarlığı da çox rol oynayıb, çünki hələ 5 yaşı olanda atası repressiya “dalğasında” həbs olunmuşdu. 

İllər ötdükcə təhsilini artıran, neft geoloqu kimi, “qara qızıl”ın emalı, yeni yataqların tapılıb istismara verilməsi arzuları ilə alışıb yanan gənc Xoşbəxt taleyini bu sahəyə bağlayıb, nəzəri bilikləri fədakar zəhmətinin onu ucaltmasında təməl rolunu oynayıb.            

“Fədakar”a baxır və ondan düz 100 il əvvəl  – 1915-ci ildə Qafqazda Pirone qardaşlarının səhmdar cəmiyyətləri tərəfindən neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında çəkilən eyniadlı ilk  bədii filmimizi xatırlayıram. Orada hadisələr XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Azərbaycanda baş alıb gedən neft bumu ətrafında cərəyan edir. Başqa bir film – Azərfilm”in 1935-ci ildə ərsəyə gətirdiyi ilk səsli kino isə Xoşbəxtin doğulub böyüdüyü yerə uyğun olaraq “Mavi dənizin sahilində” adlanır. 

“Fədakar”ın kadrlarında gənc alimin ölkəmizin neft strategiyasına töhfələri, iqtisadiyyatın əsas sütununa çevrilmiş neft sənayesinin ayrı-ayrı mərhələləri, dəniz neftçilərinin riskli həyat və əmək şəraiti, 50-ci illərdən bu günümüzədək texnoloji inkişaf dövrü canlandırılır. Filmboyu dünya şöhrətli geoloqun vətəninə, el-obasına necə bağlılığının, milli təəssübkeşliyinin şahidi oluruq. Moskvaya yüksək vəzifəyə təyinat alan X.Yusifzadə bundan imtina edir, hətta respublikanın ovaxtkı rəhbəri Vəli Axundovun təkidli təklifini də Bakıdan başqa heç harada yaşayıb işləyə bilməyəcəyi bəhanəsi ilə qəbul etmir.   

O zaman SSRİ-nin birinci kreslosunu tutan Nikita Xruşşovun, mötəbər xarici qonaqların, neft mütəxəssislərinin ölkəmizə, dünyanın “səkkizinci möcüzəsi” sayılan Neft Daşlarına səfərləri, buradakı görüşləri də filmin maraqlı səhnələridir və neftçilərimizin bacarığını, şöhrətini, neft-qaz sənayemizin əhəmiyyətini kinoxronikanın “dili” ilə bir daha təsdiqləyir. 

Ekran əsərində müasir Azərbaycanın qurucusu və memarı, 100 illik yubileyini böyük qədirbilənliklə qeyd etdiyimiz Heydər Əliyevin hələ sovet dönəmində neftçi əməyinə verdiyi önəm, qiymət, dəyər də öz əksini tapıb. Ulu öndərin iqtisadiyyatımızın tərəqqisi naminə həyata keçirdiyi işlər, akademik Xoşbəxt Yusifzadə barədə söylədiyi fikirlər, eləcə də Prezident İlham Əliyevin təcrübəli geoloqla görüşləri “Fədakar”ın unudulmaz epizodlarıdır. Bütün bu və digər üstün, detallı, real hadisə və faktları ehtiva edən məziyyətləri filmə tarixi epopeya məzmunu verir və tamaşaçı sevgisini artırırır. Bu ekran əsərində həm də bir Azərbaycan kişisinin böyük obrazı canlandırılıb.

Unudulmaz Xoşbəxt müəllim haqqında həmin filmin çəkilişlərindən 8 il keçəndən sonra belə, ssenarist Eldar İskəndərzadə, rejissor Vasif Məmmədzadə, quruluşçu operator Rafiq Quliyev, Xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, Şamil Süleymanov, Əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Əlican Əzizov, Mirzə Ağazadə, aktyorlar Rauf Hüseynov, Günəş Mehdiyeva, Hikmət Rəhimov, Könül Şahbazova və başqalarına yüksək peşəkarlıqlarına görə bir daha “afərin” deməyə dəyər. Xoşbəxt Yusifzadə özü kinolentə baxandan sonra deyib ki, 2 saatlıq film böyük bacarıq və zəhmətin bəhrəsidir: “Yaradıcı heyət bu filmdə Xoşbəxti xoşbəxt kimi göstərməyə nail olub”.    

Bəli, gec-tez insanlar dünyadan köçür, əməlləri isə qalır. Həyatdakı missiyasını layiqincə yerinə yetirən, Azərbaycan elminə böyük töhfələr verən, təmsil etdiyi sahəni möhtəşəm kəşfləri ilə zənginləşdirən, bacarıqlı kadrlar hazırlayan akademik, görkəmli şəxsiyyət Xoşbəxt Yusifzadə də belə xoşbəxt taleli soydaşlarımızdandır. Onun əziz xatirəsi neft salnaməmizdə, kino lentlərində, kitablarda, məqalələrdə, başlıcası isə insanların və tarixin yaddaşında əbədi yaşayacaq.  

Qurban CƏBRAYIL, 
“Mədəniyyət” jurnalının redaktoru     

 



Sosial həyat