Şərqin “Dan ulduzu”

post-img

Bu ansambl Azərbaycanla yanaşı,  xairici ölkələrdə də tanınır və sevilirdi

Onun adı gələndə ilk növbədə piano arxasında oturmuş mehriban baxışlı, sadə və səmimi bir xanım gəlir göz önünə. Bir də şirmayi dillərə toxunan barmaqların yaratdığı lirik, həzin musiqilər. Ətrafa nur saçan sönməz “Dan ulduzu”nu yaratmış Gülarə Əliyeva Şərqdə ilk qadın ansambl rəhbəri olub. Gülarə xanım 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, Əhsən Dadaşov adına ansamblda çalışıb. 1968-ci ildə "Dan ulduzu” ansamblını yaradıb və ömrünün sonuna kimi rəhbərlik edib. Bu qrupla Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və digər xarici ölkələrdə çıxış edib. Eyniadlı muğamlar əsasında "Şüştər” rapsodiyası, "Humayun” süitası, "Bayatı-kürd”, "Şur” fantaziyalarının müəllifidir. Ansambl üçün bir çox xalq mahnısını aranjeman edib.  Sənətşünaslıq elmləri namizədi, Əməkdar incəsənət xadimi titul və fəxri adlar qazanıb...  

Unudulmaz sənətkarın yubileyi ərəfəsində onu yeganə yadigarı, Bakı Musiqi Akademiyasının müəllimi Ayəndə Əliyeva ilə birlikdə anırıq:  

– Gülarə xanım görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Musiqiyə həvəsi olduğunu görən babam onu Bülbül adına orta ixtisas musiqi məktəbinə yazdırıb – Kövkəb Səfərəliyevanın sinfinə.

Daha sonra anam Konservatoriyaya daxil olub.Üzeyir Hacıbəylinin imtahanından uğurla keçərək eyni vaxtda iki fakültədə – fortepiano və tarix-nəzəriyyə fakültəsində paralel təhsil alıb. "Bəstəkar Fikrət Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 23 il İncəsənət İnstitutunun Musiqi nəzəriyyəsi kafedrasının rəhbəri, institutun elmi şurasının üzvü olub. 

Ayəndə xanımın dediyinə görə, anası daim musiqidə yeniliklər etmək istəyib. Buna görə də 1968-ci ildə klassik və milli alətlərin sintezindən ibarət ansambl yaradıb. Bu, o dövr üçün bir inqilab sayılırdı. Ansamblın adını isə AzTV-nin ovaxtkı sədr müavini Nəbi Xəzri təklif edi və kollektiv "Dan ulduzu” adı ilə fəaliyyətə başlayıb. Çox keçmədən  "Dan ulduzu” Azərbaycanın  musiqi aləmində parlamağa başlayıb. Ansamblda ilk solistlər Leyla Şərifova və Yalçın Rzazadə, daha sonra Şövkət Ələkbərova, Elmira Rəhimova, Flora Kərimova, Akif İslamzadə, Hüseynağa Hadıyev, Səkinə İsmayılova, Məmmədbağır Bağırzadə, Məhəbbət Kazımov, Aybəniz Haşımova çıxış ediblər. 

–Ansamblın əksər məşqləri bizim evimizdə olurdu. Bu zaman şənlik aşıb-daşırdı. Səmimi ortam, ab-hava olurdu. Anam ansamblın üzvlərini öz övladları, bacı-qardaşları kimi sevirdi. Onları yedirib-içirmədən məşqə başlamırdı – deyə Ayəndə xanım söhbətinə davam edir. 

–Atam Adil Adilov kulturoloq idi. İncəsənət İnstitutunda çalışdıqları zaman tanış olmuşdular. Sonradan bu tanışlıq səmimi münasibətə, məhəbbətə çevrilib və 1969-cu ildə ailə qurublar. Atam anamın istedadına vurğun idi. 

"Dan ulduzu”nun şöhrəti ildən-ilə artıb Azərbaycanın hüdudlarından kənarda da tanınıb, sevilib. Təxminən 20 il ərzində "Dan ulduzu” şöhrətin zirvəsində olub. Amma 80-ci illərin sonlarında ansamblın fəaliyyətinə süni maneələr yaradılmağa başlayıb. Çəkilişlərə çağırmır, qastrol səfərlərinə aparmır, konsert proqramlarından adını çıxarırdılar. Hansısa konsertə və ya səfərə bir gün qalmış xəbər gəlirdi ki, "Dan ulduzu”nu siyahıdan çıxarıblar. Anam başa düşürdü ki, bu, siyasi məsələlərlə bağlıdır. Bütün bunlar onun mənfi təsir edirdi. Ayəndə xanım bu barədə kədərlə danışır.

 – Beləliklə, anamın səhhətində ciddi problemlər yarandı. Böyrəyinin biri əməliyyat olundu. Günlərin birində isə məlum oldu ki, AzTV-nin Musiqi redaksiyasında "Dan ulduzu”nun əksər köhnə lent yazıları silinib, cəmi 5-6 konsert saxlanılıb. İndi efirdə, internetdə gördüklərimiz həmin salamat qalan lent yazılarıdır…

1991-ci il iyulun 27-si axşam saat 6 olardı, atam xarici səfərə gedirdi. Mən atamı yola salmaq üçün onunla birlikdə aşağı düşdüm. Anam, bacım Nuridə və “Dan ulduzu”nun violonçelisti Minirə isə atamın ardınca su atmaq üçün eyvana çıxdılar. Biz hələ aşağı çatmamış dəhşətli bir gurultu eşitdik. Evin köhnə eyvanı uçmuşdu.  Anamla Minirə elə həmin anda canlarını tapşırmışdılar. Nuridə isə 6 gün xəstəxanada qaldı və o da dünyasını dəyişdi. 

Gülarə Əliyevanın vaxtsız ölümü “Dan ulduzu”nu da söndürdü. Ansambl AzTV-nin ştatından çıxarıldı. Doğrudur, ansambl bu gün də fəaliyyət göstərir, amma bu fəaliyyət Gülarə xanımın sağlığında olduğu kimi parlaq deyil. Həyat isə davam edir. İncəsənətimizin “Dan ulduzu” Gülarə Əliyevadan yadigar qalan lent yazıları onun işıqlı xatirəsini yaşadır.  Gülarə xanımın adını və soyadını isə  indi nəvəsi daşıyır... 

 

R.QURBANLI
XQ

 

Mədəniyyət