Brüsseldə yüksək səviyyəli ...yalan

post-img

Ermənistana 25 milyon avro yardım ayıran “Avronest” altməqsədini ortaya qoydu

Avropa İttifaqının Belçikanın paytaxtında yerləşən mənzil-qərargahının divarları, çox güman, indiyədək eyni vaxtda bu qədər yalanı eşitməmişdi. Azərbaycana hərbi-siyasi cəhətdən məğlub olan Ermənistan indi revanş götürməyə fəal cəhdlər etməkdədir. Həmin cəhdlərin özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycana hansı cinahdan ediləcəyinin konturları tam aydınlaşmaqdadır. 

Hələlik məsələ hərbi xarakter daşımasa da, Fransanın erməniləri durmadan silahlandırmasını müşahidə edirik. Artıq ABŞ da, zəruri hərbi texnika daxil olmaqla, İrəvana hərtərəfli dəstək verməyə hazır olduğunu bəyan edib.  Sayca ikinci sayılan siyasi və təhlükəsizlik məsələlərinə dair Aİ-Ermənistan dialoqunun həmsədrləri qismində Ermənistan XİN başçısının müavini Vaan Kostanyan və Aİ-nin siyasi məsələlər üzrə Avropa xarici fəaliyyət xidmətinin baş katibinin müavini Enrike Mora çıxış ediblər. 

* * * 

ABŞ-ın və Fransanın yaxından dəstəyini hiss edən İrəvan Avropada Azərbaycana qarşı diplomatik hücum taktikasına üstünlük verməyə başlayıb. Ermənistan parlamentinin “Ermənistan” blokundan olan deputatı Elinar Vardanyan  “Avronest”in Brüsseldəki birgə toplantısındakı çıxışında bəyan edib ki, Azərbaycanın “Avronest”in Parlament Assambleyasında üzvlüyünün dayandırılması məsələsinin müzakirəsinin vaxtı çatıb. Bu zaman Vardanyan erməni xislətinə sadiq qalaraq Qarabağ ermənilərinin, guya, məruz qaldıqları “etnik təmizləmə” barədə çirkin uydurmadan yararlanmağa çalışıb. 

Ölkəmizin ərazisində qanunsuz yaşayan həmin “100 mindən çox erməninin “Dağlıq Qarabağ Respublikasından köçməyə məcbur edildiklərini” ərz edən hay deputat növbəti yalanını avropalıların üzünə üfürüb. Dünyanın heç bir dövləti, hətta rəsmi İrəvan tərəfindən tanınmayan və heç vaxt mövcud olmayan xəyali “dqr”dan bəhs edən Vardanyana xatırlatmağı lazım bilirik ki, Qarabağın Azərbaycan ərazisi olduğunu baş naziriniz Nikol Paşinyan etiraf edib, Xankəndidəki “dqr” dediyiniz separatçı-xunta rejiminin buraxılması barədə sərəncamı isə psevdo-prezidentiniz Samvel Şahramanyan imzalayıb. İndi siz Avropanın göbəyində ağ yalanlarınızla Aİ parlamentarilərinin gözünə kül üfürməyinizdə olun. Bölgənin lideri Azərbaycan isə özünün iqtisadi qüdrətini artırmaqdadır. Görək bu qeyri-bərabər yarışda kim qalıib gələcək?         

Həm “qoca qitə”dəki, həm də okeanın o tayındakı dirijorlarından “oxu” komandasını alan Ermənistan hakimiyyətinin reallıqdan uzaq, dünya ictimaiyyətini çaşdırmağa yönəlik, şər-böhtanla dolu “solo ifalarla” heç nəyə nail olmayacağı indidən bəllidir.  

* * *  

Hazırda Bakının pəncərələri metal hörüklü həbsxana kameralarında çaylarını içən Qarabağ separatçılarının (biri də deputatın soyadaşıdır – red.) rəhbərlərinin taleyindən narahatlığını dilə gətirən erməni deputat utanıb-qızarmadan bu məxluqları “demokratik seçkilərdə qalib gələn və Dağlıq Qarabağ (?) xalqının (?) qanunu nümayəndələri kimi onlara rəhbərlik edən adamlar” adlandırır. İlk sözündən sonuncu kəlməsinə qədər yalan danışan Elinar Vardanyanın yadına daha bir həqiqəti salaq: İşğal etdikləri Azərbaycan torpaqlarında “demokratik seçkilər” keçirmiş hayların, Azərbaycanın dədə-baba torpaqlarında qeyri-qanuni yaşayan həmin “xalqın” nümayəndələrinin bir qismi hazırda Ermənistan Respublikasının Cinayət Məcəlləsinin konkret maddələri ilə itiham olunurlar. Təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda, özlərinin soydaşlarına qarşı cinayətlər törətmiş xunta rejiminin quldur başçılarını müdafiə etmək, sadəcə, mənəviyyatsızlıqdır. Elə erməni bloqeri Roman Baqdasaryanın onlar haqqında sənədlərə əsasən danışdıqlarına qulaq asmaq kifayətdir ki, deputatların kimlərin tərəfini tutduğu özlərinə də bir daha əyan olsun.      

“Ermənilərin və azərbaycanlıların genetik cəhətdən birgə yaşamalarının mümkünsüzlüyü” nəzəriyyəsini irəli sürmüş Qarabağın ilk separatçılarından, Ermənistanın korrupsioner prezidentlərindən biri – Robert Koçaryanın silahdaşlarından hesab olunan Vardanyanın başdan-ayağa yalandan ibarət çıxışını avroparlamentarilərinin hansı səbirlə dinlədiklərini deyə bilmərik, amma onun dirijor tapşırığını yüz faiz yerinə yetirdiyini söyləmək olar. Bu “özfəaliyyət dərnəyinin repitisiyasının” hansı effekti verəcəyini zaman göstərəcək. Zaman isə İrəvanın xeyrinə işləmir. İndi heç işləmir!

Piter TEYS, 
politoloq, beynəlxalq münasibətlər üzrə ekspert

“Azərbaycanın Qarabağ regionunun 30 illik işğalı zamanı Ermənistan silahlı qüvvələrinin törətdikləri cinayətlərə məhəl qoymayan Avropa İttifaqı (Aİ) və onun strukturları indi rəsmi Bakıya qarşı ikili standartlar siyasəti yürüdür”.

Bu sözləri “Report”a açıqlamasında ABŞ-dan olan politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib. Onun fikrincə, ikili standartlar siyasəti ondan ibarətdir ki, bir tərəfdən, Avropa İttifaqı Cənubi Qafqazdakı vəziyyətdən kifayət qədər məlumatlı olmadığına görə, rəsmi Bakını sanksiyalarla hədələyir. Digər tərəfdən isə, öz enerji təhlükəsizliyini təmin etmək üçün məhz Azərbaycana ümid bəsləyir: “Əlbəttə ki, Azərbaycan Aİ ölkələrindəki istehlakçılar üçün mühüm təbii qaz və neft tədarükçüsüdür. Buna baxmayaraq, rəsmi Bakı dəfələrlə diplomatik baxımdan, Avropa və Transatlantik ölkələrin təhdidlərinə məruz qalıb. Fransa hökuməti də öz növbəsində daim anti-Türkiyə əhval-ruhiyyəsi nümayiş etdirib və Azərbaycanı fəal şəkildə tənqid edib”.

Ekspertin sözlərinə görə, Qərb rəsmilərinin, xüsusən də Belçika, Fransa və Kanadanın xarici işlər nazirlərinin mütəmadi olaraq Azərbaycan əleyhinə bəyanatları uydurma erməni təbliğatının əsassız məlumatlarına və saxta bəyanatlara əsaslanır.

 

İ.HƏSƏNQALA
XQ

 



Siyasət