“Media haqqında qanun”, Media Reyestri kimləri və niyə narahat edir?

post-img

Müşfiq Ələsgərli, 
media eksperti


“Media haqqında” yeni qanun mükəmməldir.  Sənəd “Jurnalist kimdir”, “KİV qurumu nədir, onun missiyaları harada tamamlanır?” kimi suallara aydınlıq gətirir. Qanun əhatə etdiyi sahədə intizam yaradır; sui-istifadə hallarının qarşısını alır. Onun faydasını təsəvvür etmək üçün statistik müqayisələrə baxaq. 

Azərbaycan Mətbuat Şurasının açıqladığı hesabatlarda maraqlı bir məqam var. Bəlli olur ki, 2022-ci ilə qədər, yəni, “Media haqqında” qanun qüvvəyə minəndən öncəyədək vətəndaşların bu quruma ünvanladıqları müraciətlərin sayı yüksək kəmiyyətlə ifadə olunub. Orta hesabla hər il 600-dən yuxarı müraciət daxil olub ki, onların da mütləq əksəriyyəti şikayət xarakteri daşıyıb. Vətəndaşlar KİV-də rastlaşdıqları neqativlər, sui-istifadə halları barədə narahatlıqlarını bildirərək tədbir görülməsini istəyiblər. Qeyd edilən rəqəmlərə istinad etsək, hər gün KİV-lərdən ən azı 2 şikayət gəlib.

Məlumat üçün qeyd edim ki, digər Avropa dövlətlərində durum bizdən fərqlidir. Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (­AİPCE) hesabatlarından görünür ki, məsələn, Belçikada, Avstriyada, Danimarkada və digər ölkələrdə Mətbuat Şuralarının hər biri ildə təqribən 10-15 şikayətə baxır. Bu, orta hesabla ayda bir şikayət deməkdir. Bizimlə müqayisədə statistikanın belə fərqli olmasının səbəbi sadədir. Qərb ölkələrində KİV-lər qanun çərçivəsində fəaliyyət göstərirlər, jurnalistlər peşəkardırlar. Öz əhalisi üzərində neqativ əməllərə, KİV-dən sui-istifadə hallarına yol vermirlər. Deməli, şikayət hədəfinə də çevrilmirlər. 

Azərbaycan jurnalistləri də peşəkardırlar. Əlavə olaraq, I və II Qarabağ savaşları göstərdi ki, jurnalistlərimiz həm də milli təəssübkeşdirlər. Təkcə qələmlərini deyil, canlarını da fəda edirlər. Vətən uğrunda savaşda öz sıralarından 11 şəhid vermələri sözümüzün əyani təsdiqidir.

Paradoks budur. Vətən, torpaq uğrunda müharibənin önündə gedən, informasiya savaşına qatılıb milli maraqları müdafiə edən, peşəkar davranışları ilə diqqət çəkən Azərbaycan jurnalistlərindən az qala hər gün şikayətlər verilməsini necə anlamaq olar? 

Məsələ ondadır ki, şikayət doğuran, narazılıq yaradan “KİV” və “jurnalistlərin” Azərbaycan mediası ilə nə hüquqi, nə də mənəvi bağları yoxdur. Qanunla hesablaşmayan, xəbər standartlarını nəzərə almayan xüsusi bir zümrə formalaşıb. Media məkanına kənardan pərçim edilmiş bu zümrənin fəaliyyəti Azərbaycanda yeni deyil, 1990-cı illərdən etibarən strukturlaşıb. Tərkibi dəyişir, simalar yenilənir, amma mahiyyəti olduğu kimi qalır. Şantaj, hədə-qorxu, sui-istifadə üzərində biznes qurublar. Bir sözlə, jurnalist, KİV qurumu deyillər. Amma özlərini jurnalist və KİV qurumu adlandırırlar. KİV adından faydalanaraq neqativ əməllərini pərdələyirlər. Aralarında hər cür işbazlara rast gəlmək mümkündür. Hər gün şikayət doğuran, narazılıq yaradan da onlardır. 

Bu zümrə qanunun möhkəmlənməsini, nizam-intizamın yaranmasını özü üçün təhlükə bilir. Belələri Azərbaycan media məkanında inkişafa, nizam–intizama köklənmiş bütün yeniliklərə qarşı çıxırlar. Jurnalistikamıza uğur gətirən, imicinə şərəf qatan bütün hadisələrə müqavimət göstərir, davranışlarını təkrarlayırlar. Hətta 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” qanuna da müqavimət göstərirlər. Çünki sənəd bu zümrənin əl-qolunu bağlayır. Media Reyestrinin tətbiqi onların mövcudluğuna son qoyur. Çapalayırlar, vəziyyətdən çıxmağa çalışırlar. Kampaniyalar keçirirlər, məhkəməyə müraciət edirlər, digər üsullara əl atırlar ki, ictimai rəyi çaşdırsınlar, qanunu gözdən salsınlar, onun tətbiqini ləngitsinlər. 

Amma bacarmırlar. Mətbuat Şurasının son açıqlamalarından görünür ki, 2023-cü ildə cəmi 85 şikayət daxil olub. O deməkdir ki, KİV olmayıb KİV adından çıxış edənlərin mühiti daralır, əl-qolları bağlanır. Müvafiq olaraq, şikayətlərin intensivliyi də azalır. Yəni, “Media haqqında” qanun, Media Reyestri müsbət nəticələrini göstərir. 

Amma problemin tezliklə aradan qalxacağını söyləmək olmaz. Məsələ ondadır ki, jurnalistikadan sui-istifadə edənlər təkcə “daxili mənbələrdən” deyil, həm də xarici himayədən yararlanırlar. Media Reyestrinin ləğvini tələb edən, məhkəmələrə üz tutan “KİV”-ləri, “hüquqşünasları”, “media ekspertlərini” ümidləndirən səbəblərdən biri də xaricdən alınan qrant layihələridir. Azərbaycanda mübahisəli hüquqi mövzuların Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müstəvisinə çıxarılması üçün xüsusi layihə icra olunur. Layihə onun müəllifləri üçün siyasi məqsədlidir. Belə ki, AİHM-ə göndərilən işlərin kəmiyyətcə çoxalmasını nəticə etibarilə, ölkəmizə qarşı siyasi təzyiq elementinə çevirmək istəyirlər. Məsələn, Avropa təsisatlarında məskunlaşmış “erməni lobbi qrupları” “Azərbaycanı qeyri-demokratik ölkə” adlandırırlar. Bu tezisi beynəlxalq ictimai rəydə möhkəmləndirməyə çalışırlar. Mövcud kontekstdə Azərbaycandan AİHM-ə göndərilən işləri də nümunə kimi göstərirlər. Sadə avropalı da bilmir ki, Azərbaycandan AİHM-ə göndərilən işlər süni şəkildə stimullaşdırılır. Xüsusi qrantlar ayrılmaqla bu iş təşviq edilir. Təsdiq edilmiş faktdır ki, Avropadakı “erməni şəbəkəsi” Azərbaycanda mübahisəli hüquqi məsələlərin AİHM müstəvisinə çıxarılmasını ehtiva edən qrant layihələrinin ayrılması üçün lobbiçilik edirlər. AİHM-ə göndərilən işlərin intensivləşdirilməsi üçün imkanlar təklif edirlər. Layihə icraçılarından olan “hüquqşünasların” və “media ekspertlərinin” açıqlamalarından görünür ki, Media Reyestri ilə bağlı məsələni də AİHM müstəvisinə çıxarmağa hazırlaşırlar.

Media Reystrində qeydiyyata düşə bilməyən “KİV” subyektlərinə, “jurnalistlərə” müraciət edirlər. Onları məhkəmələrə müraciət etməyə həvəsləndirirlər. Xərclərini də qrant layihəsi çərçivəsində ödəyirlər. Yerli məhkəmələrdə hüquqları tanınmayacaqsa, işi AİHM müstəvisinə çıxaracaqlar. 

Onlar əmindirlər ki, yerli məhkəmələr bu KİV-lərə bəraət qazandırmayacaqlar. Çünki Media Reyestrinə düşə bilməyən KİV-lərin sənədlərində problemlər mövcuddur. Əgər problem olmasaydı, Reyestr Xidməti onları qeydə alardı. “Hüquqşünaslar” və “media ekspertləri” bu nüansdan sui-istifadə edirlər. Reyestrdə qeydə alınmamış KİV-lərə öz sənədlərini qaydaya salmaq üçün gerçək dəstək vermirlər. Əksinə, belə KİV-lərə dəstək verirlər ki, məhkəmələrə məhz öz qüsurlu sənədləri ilə getsinlər. Orada uduzsunlar. Təbii ki, məhkəmələr bu KİV-lərin sənədlərindəki qüsurları görüb onları haqsız sayacaq. Beləliklə, şərait yaranacaq ki, “hüquqşünaslar” işi AİHM müstəvisinə çıxarsınlar.

Bu proses “hüquqşünaslar” və “media ekspertləri” üçün, sadəcə, yem mənbəyidir. Nə qədər çox iş hazırlayıb AİHM müstəvisinə çıxarırlarsa, bir o qədər çox qrant layihəsi, qonorar alacaqlar. Siyasi tərəflərini, milli maraqlar üçün yaratdığı fəsadları isə düşünmürlər. Media Reyestri ətrafında cərəyan edən proseslərin yenidən gündəmə gətirilməsinin bir səbəbi də budur.

Sosial həyat