İrəvanın revanşizmə sürüklənməsinin Qərb “ssenarisi”

post-img

Ermənistanı silahlandırmaq ona üstünlük deyil, təhlükə gətirir

Ermənistan hökuməti bir tərəfdən Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanmasına çalışdığını bildirir, bunun üçün siyasi iradəyə malik olduğunu qeyd edir, digər tərəfdən isə ölkəni, necə deyərlər, cəbbəxanaya çevirmək istiqamətində səylərini gücləndirir. Üstəlik, gələn ilin dövlət büdcəsində hərbi sahəyə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılır. Baş nazir Nikol Paşinyan noyabrın 16-da parlamentdə çıxış edərkən yenidən bu məsələyə toxunub. Deyib ki, hərbi xərclərin artırılması, guya, Azərbaycana qarşı yönəlməyib: “Bu, müharibəyə deyil, sülhə hazırlıqdır, çünki vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sülh və sabitliyin ən mühüm təminatıdır. Biz heç kimə hücum etmək niyyətində deyilik. Əminəm ki, bütün qonşu dövlətlər də bunu anlayışla qarşılayır”. Hərbi xərclərin artırılmasının müharibəyə deyil, sülhə hazırlıq olduğu fikrini yalnız Paşinyan kimi macərapərəst, düşünmədən hərəkət edən hökumət başçısı səsləndirə bilərdi.

Qeyd etdiyimiz kimi, Ermənistan bir sıra ölkələrdən, əsasən, Fransa və Hindistandan silah-sursat idxalını davam etdirir. Aydın məsələdir ki, həmin silahlar anbarda pas atması üçün alınmır. İrəvan onlardan Azərbaycana qarşı istifadəyə çalışacaq. Paralel olaraq, Qərbin müxtəlif ölkələri və təsisatları tərəfindən Ermənistana verilən siyasi dəstək də artırılır. Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlıq görmək istədiklərini hər zaman bəyan edən Qərb ölkələri əslində hərəkətləri ilə Ermənistanı şüurlu şəkildə revanşizmə sürükləyirlər.

Son aylarda Ermənistana silah tədarükü ilə bağlı məlumatlar intensivləşib. Bununla bağlı demək olar ki, hər gün yeni məlumat yayılır. Dünən yayılan xəbərdə Hindistanın Ermənistana iki cür qumbara tədarük edəcəyi bildirilib. Bu barədə Hindistanın “Indian Aerospace Defense News” hərbi xəbər portalı məlumat yayıb. Qeyd edilib ki, “Munitions India Limited” şirkəti tərəfindən Ermənistana 30 və 40 mm kalibrli 150 min ədəd qumbara çatdırılacaq. Mənbə yazır ki, “MIL” şirkəti isə iki ay əvvəl Ermənistana 5 milyon ədəd 7,62 millimetrlik patron tədarük edib.

Fransa da artıq Ermənistana “ACMAT Bastion” zirehli nəqliyyat vasitələrini tədarük edib. Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna çatdırılması üçün nəzərdə tutulan həmin çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib. Ancaq Paşinyan hökumətinin korafəhmliyi hərbi ehtiyacların qiymətləndirilməsi məsələsində də özünü nümayiş etdirib. Məsələn, hərbi ekspert Hayk Nahapetyan yerli nəşrlərdən birinə müsahibəsində bildirib ki, “Bastion” zirehli transportyorları açıq düzənliklərdə yaxşıdır, Ermənistanın dağlıq şəraitində isə qeyri-effektiv olacaq. Onun sözlərinə görə, “Bastion”lar, ilk növbədə, şəxsi heyətin daşınması üçün nəzərdə tutulub. Əsas üstünlüyü isə düzənlik ərazidə yüksək sürətlə hərəkət etməsi və birbaşa görünmə şəraitində hərəkətdə olan rəqib texnikasını vurmaq bacarığıdır: “Bizim dağlarımız, təpələrimiz və dərələrimiz arasında bu texnika düşmənin asan hədəfinə çevriləcək. Üstəlik, “Bastion”lar zəif qorunur və istənilən tank əleyhinə vasitə onları bir neçə kilometr məsafədən məhv etməyə qadirdir. Bizim dağlıq şəraitimizdə tamamilə fərqli silah növləri effektiv olur”.

Hərbi ekspert ironiya ilə deyib ki, Fransa zirehli transportyorları yalnız hazırkı hakimiyyətin tanınmış simalarını İrəvanda daşımaq üçün yararlıdır. Bununla da bir neçə yüz polisi və təhlükəsizlik işçisini azad etmək olar.

Bir neçə gün öncə isə Fransanın Ermənistana Ukraynanın imtina etdiyi zirehli maşınları göndərdiyi məlum olmuşdu. “Ouest France” nəşri yazmışdı ki, Emmanuel Makron hökumətinin Ermənistana göndərdiyi “ACMAT Bastion” zirehli maşınlarının Ukraynaya tədarükü nəzərdə tutulubmuş. Kiyev isə həmin hərbi texnikanın zirehinin artilleriya və tank əleyhinə raketlərə qarşı zəif olduğunu bildirib.

Digər erməni hərbi ekspert Leonid Nersisyan Ermənistanın nə qədər Hindistan antidronu ala biləcəyini, onların Fransa radarları ilə uyğunluğunu qiymətləndirib. Deyib ki, Ermənistanın Hindistandan alacağı “Zen Anti-Drone System” (ZADS) mobil sistemdir, maşına quraşdırılır və xüsusi olaraq dronlara qarşı işləyir. O, rəqibin lokatorlarına qarşı işləyən Rusiyanın “Krasuxa” sistemindən fərqlənir. Nersisyan qeyd edib ki, ZADS-ın döyüş şəraitində istifadəsi ilə bağlı təcrübə məlum deyil, buna görə də onun real effektivliyini qiymətləndirmək çətindir. Hərbi ekspert silahların alınmasından əvvəl onların hərtərəfli öyrənilməsinin vacibliyinə diqqət çəkib: “Bu silahın Rusiya analoqu Ermənistan tərəfinin əvvəllər aldığı “Repellent” sistemidir. Lakin 44 günlük müharibə zamanı onun effektivliyi kifayət qədər aşağı idi”.

Qeyd edək ki, bundan əvvəl media orqanlarında Ermənistanın Hindistanla “ZADS” anti-dron sisteminin alınması üçün 41,5 milyon dollarlıq müqavilə imzaladığını yazmışdı. Ancaq göründüyü kimi, həmin sistemlərin Ermənistan şəraitində istifadəsi problemlidir. Bundan əlavə, Hayastan ordusunda istifadə olunan silahlar, əsasən, Rusiya silahlarıdır. Rusiya silahları ilə Qərb ölkələrinin, o cümlədən Hindistanın silahlarının uyğunluğu da müşkül görünür.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Xalq qəzeti”nə bildirib ki, Ermənistanın silahlandırılması ilə bağlı N.Paşinyan öz mövqeyini açıqlayıb. Ekspert bildirib: “Ermənistanın silahlandırılması Azərbaycana qarşı ola bilməz. Olsa da ölkəmizə heç nə edə bilməzlər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çox aydın şəkildə bildirdi ki, ölkəmizə qarşı təhlükə yaranarsa, bunun cavabı dərhal veriləcək. Bunu Paşinyan da, onun generalları da çox yaxşı bilirlər. Onlar öz ordularını Azərbaycan Ordusuna təhlükə yaradacaq səviyyədə silahlandıra bilməzlər”.

Şair Ramaldanov qeyd edib ki, Ermənistan rəhbərliyinin hərbi büdcəni artırmasında da təəccüblü heç nə yoxdur. Ancaq nə qədər artırsa da, Azərbaycan Ordusuna ayrılan vəsaitdən çox olmayacaq və ola da bilməz.

Fransanın Ermənistanı silahlandırması barədə son zamanlar çoxlu məlumat yayılmasına diqqəti yönəldən hərbi ekspert bunun daha çox siyasi xarakter daşıdığını vurğulayıb: “Birincisi, bu qədər söhbət getməsinə baxmayaraq, Fransa Ermənistana indiyədək cəmi iki radiolokasiya stansiyası və “Bastion” zirehli nəqliyyat vasitəsi göndərib. Radiolokasiya stansiyaları prinsipcə elə bir əhəmiyyət daşımlır. Ona görə ki, Ermənistanın hava hücumundan müdafiə sistemi Rusiyanın hava hücumundan müdafiə sisteminə bağlıdır. Bu iki fərqli sistem biri-biri ilə uzlaşa bilmir. “Bastion” çoxməqsədli zirehli texnikası isə, demək olar ki, heç nədir. Həmin texnika, əsasən, Afrika ölkələri üçün nəzərdə tutulub və əsas alıcısı da onlardır. Çünki orada zirehli texnikaya böyük tələb yoxdur. Orada ağır qurğulardan istifadə edilməklə döyüşlər getmir. Hansısa lokal döyüşlər gedir. Bu texnika həm də ucuzdur. Digər tərəfdən “Bastion”un zirehi zəifdir. İri qəlpəyə davam gətirmir. Yalnız gülləyə davam gətirəcək zirehi var. Ekipaj üzvləri iki nəfərdir. Silahlanması iri və orta çaplı pulemyotdan ibarətdir və səkkiz nəfərlik şəxsi heyət daşıya bilir. Yəni, belə bir zirehli texnikadır. Dağlıq ərazidə, keçilməsi çətin olan yollarda, yerdə palçıq olduqda, “Bastion”ların istifadəsi olduqca məhduddur”.

Ehtiyatda olan polkovnik onu da qeyd edib ki, Ermənistan indiyədək Rusiyanın köhnə silahları ilə silahlanırdı, indi isə bu funksiyanı Fransa öz üzərinə götürüb: “Bilirsiniz ki, “Bastion”lar Ukraynaya tədarük üçün nəzərdə tutulmuşdu. Kiyev onlardan imtina etdi. Belə olan halda ehtiyat variant kimi Ermənistanın üzərində dayanıldı. Ermənistan hazırda kimdən olsa, hansı silah olsa, onu almağa hazırdır. Ermənistanın “Bastion”lar üçün nə qədər pul ödədiyi də sual altındadır. Hindistanın verdiyi dron əleyhinə silahlar da Azərbaycana ciddi təsir edə biləcək gücə malik deyil. Ordumuzda həmin qurğuların işini poza bilən radioelektron mübarizə vasitələri mövcuddur”.

Onu da bildirək ki, ­noyabrın 15-də Brüsseldə “Avropa ­İttifaqı–Ermənistan yüksək səviyyəli siyasi və təhlükəsizlik dialoqu” keçirilib. Müzakirələr zamanı Avropa Sülh Fondu vasitəsilə Ermənistana öldürücü olmayan silahların verilməsinə dəstək” məsələsi müzakirə olunub. Güman etmək olar ki, Aİ-dən Ermənistana silah tədarükü Bakı ilə Brüssel arasında münasibətlərin dinamikasını da xeyli dəyişəcək. Aİ bununla əvvəla, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində iştirak imkanını itirəcək. İkincisi isə Aİ Bakı ilə İrəvan arasında münasibətlərin yaxşılaşmasına töhfə vermir, əksinə, gələcəkdə mümkün eskalasiyaya şərait yaradır. “Öldürücü olmayan silahlar” anlayışına nəyin daxil olduğu da aydın deyil. Nəticədə Azərbaycanın Aİ və Ermənistana inamsızlığı üçün əsasları artacaq. Bu da regionda növbəti silahlanma yarışına gətirib çıxaracaq. Beləliklə, Ermənistana silah tədarükü Azərbaycanın da adekvat addımlar atmasına gətirib çıxaracaq ki, nəticədə İrəvan özünü daha çox təhlükədə hiss edəcək. Zənnimcə, bu reallığı İrəvanda, Brüsseldə və Parisdə, nəhayət, anlamalıdırlar.

 

Səxavət HƏMİD 
XQ

 

Siyasət