Yeni əsrin yenilikçi dövlət rəhbəri

post-img

Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir – biz bu sahələrə böyük diqqət göstərməliyik. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Srağagün Şuşada yenə də ruh oxşayan çal-çağır vardı. Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları üçün təşkil olunan “Dövri-səda” adlı konsert proqramının səsi-sədası ətrafa yayılırdı. Şən mahnılar, oynaq rəqslər azadlığına qovuşmuş mədəniyyət paytaxtı Şuşanın üzünü güldürürdü. Muğam-sənət beşiyimiz ona yaraşan təmtəraqla bir daha Azərbaycanın Zəfər təntənəsini təcəssüm etdirirdi. 

Artıq 3 ildir ki, Cıdır düzü ortaq türk mədəniyyətini dünyaya təbliğ edən platformaya çevrilib. Bu səadəti Cıdır düzünə, Şuşaya, Azərbaycana 20 il­dən bəri qərar tutduğu Prezident kür­süsünü şərəfləndirən dövlət başçımız, böyük sərkərdəmiz İlham Əliyev bəxş edib.

...Düz 20 il öncə ulu öndər Heydər Əliyev prezident seçkilərində namizəd­liyini İlham Əliyevin xeyrinə geri götür­düyünü bəyan edəndən 2 həftə sonra – oktyabrın 15-də keçirilən seçkilərdə cənab İlham Əliyev səs çoxluğu ilə dövlət başçısı vəzifəsinə seçildi. Daha 2 həftə sonra isə təntənəli andiçmə mərasimində rəsmən bildirdi ki, Heydər Əliyev siyasətini davam etdirəcək. Çünki bu siyasətin Azərbaycanda al­ternativi yoxdur. Elə də oldu və hazırda ölkəmiz bütün sahələrdə inkişaf edir, uğurlar qazanır. 

Bu yüksək tərəqqi elm, təhsil və mə­dəniyyətdən də yan keçməyib. İlham Əliyevin Prezidentliyinin ilk 5 ilində tək­cə mədəniyyətlə bağlı məsələlərə 900 milyon dollar vəsait xərclənib və bütün tarixi binalar, muzeylər, teatrlar təmir olunub. Bu sahə daim dövlətin güclü himayəsi altındadır. Ölkəmizdə mədə­niyyət siyasətinə ayrılan büdcə vəsait­ləri ilbəil artır.

Özünün fenomenal qabiliyyəti ilə milli dövlətçiliyimizi daha da möhkəm­ləndirən ölkə başçısı demokratiyanın milli mədəniyyətimiz və mentalitetimiz­lə, həmçinin, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut edib, intellektual əsaslarda yeni modernist cəmiyyət for­malaşdıra bilib. Azərbaycançılıq fəl­səfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrilib. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri olub.

Prezidentimizin mübarək imzası ilə qəbul edilən dövlət proqramları Ulu öndərin əsasını qoyduğu müstəqil mə­dəniyyət siyasətinin hazırda daha geniş miqyasda həyata keçirildiyini göstərir. Kino, teatr, musiqi, tətbiqi sənətin inki­şafı, tarixi abidələrin qorunması və bər­pası bu sıradadır. Ötən 20 ili biz inamla Azərbaycanda mədəniyyətin dirçəliş və intibah dövrü kimi dəyərləndirə bilərik. 

Yeni əsrdə ölkəmizdə yüksək vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. İşğaldan sonra doğulan gənclər Qarabağ uğ­runda mübarizəyə ürəklə atılaraq, əzəli torpaqlarımızı düşmən tapdağından təmizlədilər. “Qarabağ Azərbaycandır!” şüarı onların qanı və canı bahasına cəmi 44 günə gerçəyə çevrildi. Ötən ay isə 24 saatdan da az müddətdə ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. Əlbəttə, bütün bunlar nəyi nə vaxt və necə etməyi gözəl bilən dövlət başçımızın mahir idarəetmə siyasə­tinin sayəsində mümkün olub. İlham Əliyevin Ali Baş Komandanı olduğu Si­lahlı Qüvvələrimizin dünyaya səs salan peşəkar nailiyyətlərinin özəyində isə ilk növbədə məhz yüksək vətənpərvərlik mədəniyyəti dayanır. Elə dünyada ta­nınmış kulturoloqlar da təsdiq edirlər ki, çoxvektorlu siyasət meydanında ən düzgün gediş, ən doğru məqam, ən yaxşı yolun seçilməsi yüksək dip­lomatiya mədəniyyətinə dəlalət edən amildir. 

Azərbaycanın bugünkü uğurlarında məhz milli-mənəvi dəyərlərimizin rolu danılmazdır. Ölkəmizin dünyada mə­dəniyyətlərarası və sivilizasiyalararası dialoq və tolerantlıq məkanı kimi ta­nınması, sözsüz ki, Prezident İlham Əliyevin məxsusi xidmətidir. 

UNESCO, İSESCO və digər bey­nəlxalq təşkilatlar səviyyəsində Azər­baycanın yüksək sivilizasiyalı bir ölkə olduğu dönə-dönə etiraf edilib. Bir çox mədəniyyət abidələrimizin, çoxəsrlik tarixə malik incilərimizin UNESCO-nun maddi və mənəvi irs siyahısına salın­ması da bunun sübutudur. Yeri gəl­mişkən qeyd edək ki, Prezident İlham Əliyevin mədəniyyət siyasətinə ən güc­lü dəstək Birinci vitse-prezident, mö­təbər beynəlxalq təşkilatların xoşmə­ramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən göstərilir. Elə görkəmli sənət adamlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində qeyd olunmasının özü mədəniyyətə misilsiz xidmətdir. Heydər Əliyev Fon­du illərdir ki, "Tolerantlığın ünvanı — Azərbaycan" layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində hətta xa­ricdəki dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparı­lır, mövzuya aid sərgilər təşkil olunur. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan tərəfindən oradakı digər dini abidələrlə yanaşı, ermənilərin Qazançı kilsəsi də əsaslı təmir olunub. 

Fəxrlə xatırlayırıq ki, İSESCO-nun qərarı ilə 2009-cu ildə Bakı İslam Mə­dəniyyətinin Paytaxtı elan olunub və bir sıra tədbirlərin məkanına çevrilib. Bu, Azərbaycan mədəniyyətinin İslam dünyasına inteqrasiyasında, mədə­niyyətlərarası dialoqun genişləndi­rilməsində, islam həmrəyliyinə nail olunmasında Bakının danılmaz rolu­nun təsdiqidir.

Prezident İlham Əliyevin dəstəyi ilə yaranmış Nizami Gəncəvi Bey­nəlxalq Mərkəzinin fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Bəşəri dəyərlər carçı­sı, Azərbaycan mədəniyyətinin par­laq siması olan bir dahinin adını daşı­yan bu Mərkəz artıq dünyada tanınan humanitar qeyri-hökumət təşkilatıdır və öz ətrafında müxtəlif ölkələrin keç­miş dövlət və hökumət başçılarını, nü­fuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəzin Avropa qitəsinin 25 ölkə­sindən 53, Amerika qitəsinin 2 ölkə­sindən 6, Asiya qitəsinin 12 ölkəsin­dən 15, Afrika qitəsinin 4 ölkəsindən 5 görkəmli üzvü var. Qurumun əsas məqsədi dünyada sülh, dinc birgə­yaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbir­ləri, fəaliyyətləri dəstəkləməkdir. Eyni zamanda burada Nizami irsi geniş araşdırılır, şairin elmi-fəlsəfi görüşləri tədqiq olunur və əsərlərinin müxtəlif dillərə tərcüməsi, ensiklopediyasının hazırlanması işləri həyata keçirilir. Mərkəzin xəttilə fəaliyyətdə uğur qa­zanan şəxslərə 2012-ci ildən etibarən “Nizami Gəncəvi beynəlxalq mükafa­tı” verilir. Vətən müharibəsi zamanı qədim Gəncə Ermənistan tərəfindən ballistik raketlərlə atəşə tutulanda bu təsisat “Nizami Gəncəvinin doğma şəhərini qoruyaq” adlı kampaniya ke­çirmiş, terrorizm qurbanları ilə həm­rəyliyini göstərmişdi. Prezident İlham Əliyevin bu mərkəzə xüsusi diqqəti var. 

Azərbaycanın milli-mədəni yüksə­lişi dinamik prosesdir. Bu proses da­vamlı səciyyə daşıdığı üçün perspek­tivə hesablanır. Təsadüfi deyil ki, cari ildə ölkəmizdə kino, teatr, Azərbaycan dili və ədəbiyyatı üzrə silsilə forum­lar keçirilib. Bunda məqsəd yaradılan yeni mədəniyyət strategiyası üçün fikir və mülahizələri, rəy və təklifləri kompleksləşdirməkdir. Yaxın vaxtlar­da musiqi və rəssamlıqla da bağlı fo­rumlar keçirmək nəzərdə tutulur. Dilin təmizliyi, ədəbiyyat və incəsənətin dünya arenasına çıxarılması, uşaq ədəbiyyatının zamanın tələbləri ilə səsləşməsi, bütün bu sahələrin qarşı­lıqlı əlaqələri üzrə polemikalar məhz mədəni yüksəliş planlarına xidmət edir.

Ötən 20 ildə ölkəmizdə dövlət qay­ğısı ilə çoxlu yeni mədəniyyət ünvanı pərvəriş tapıb: Beynəlxalq Muğam və Müasir İncəsənət mərkəzləri, Xal­ça muzeyi qapılarını sənətsevərlərin üzünə açıb. Dövlət Film Fondu üçün gözəl bina tikilib. Kinostudiyanın, Ni­zami Kino Mərkəzinin, paytaxtımızdakı muzey və teatrların əsaslı təmiri mədə­niyyətimizə göstərilən böyük qayğının ifadəsi kimi olduqca əhəmiyyətlidir. 

Möhtərəm Prezidentimizin ənənə­vi dəyərlərə sədaqəti və müasirləşmə amalı da dünyaya bir nümunədir. 

Mədəniyyətə dövlət qayğısının bir təzahürü də əsrin əvvəllərində Ulu öndərin imzaladığı fərmanla Azər­baycan Dövlət Rəssamlıq Akade­miyasının yaradılmasıdır. Əvvəllər rəssam kadrların hazırlanması üçün Azərbaycanda ali təhsil ocağı olma­yıb. Rəssamlarımız əsasən Rusiya­nın müxtəlif şəhərlərindəki institutlar­da oxuyublar. Ona görə də müstəqil Azərbaycanın Rəssamlıq Akademi­yasının açılması ölkənin mədəni hə­yatında tarixi hadisədir. Artıq 20 ildir ki, Akademiyada yüksək ixtisaslı rəs­sam kadrlar yetişdirilir.

Prezident İlham Əliyev mədəniy­yət, ədəbiyyat və incəsənət xadimləri­mizi Azərbaycan cəmiyyətinin aparıcı təbəqəsi, elitası hesab edir və sənət adamlarından qayğısını əsirgəmir. Təbii ki, onlar da dövlət başçımızın siyasi kursunu dəstəkləyir, Azərbayca­nın parlaq gələcəyi, mədəniyyətimizin inkişafı üçün əllərindən gələni edirlər. 

Bu gün artıq Azərbaycan əsl festi­vallar diyarına çevrilib. Hər il dövlətin dəstəyi ilə kino, musiqi, teatr və digər sahələr üzrə neçə-neçə mötəbər bey­nəlxalq tədbir keçirilir, xarici qonaqlar yurdumuzun gözəllikləri ilə bərabər, mədəniyyətimizin tərəqqisinin də canlı şahidi olurlar.

Dörd il əvvəl mədəniyyət və in­cəsənət xadimləri ilə geniş formatda görüş zamanı Prezidentin bu vəzifədə imzaladığı ilk sərəncamlarından birinin məhz Azərbaycan klassiklərinin əsər­lərinin latın qrafikası ilə çap edilməsi ilə bağlı olduğu minnətdarlıqla xatır­lanıb. Həmçinin görkəmli mədəniyyət xadimlərinin – Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və digərlərinin abidələrinin qoyularaq xatirələrinin əbədiləşdirildiyi qeyd edilib. Həmin gö­rüşdə problemlərdən də danışılıb və cənab İlham Əliyev sonda təklif edib ki, belə təmaslar bu və ya digər formatda müntəzəm olaraq keçirilsin, sistemli xarakter alsın, yaradıcı ictimaiyyətimi­zin bütün qayğıları öz həllini tapsın. Təsəvvür edin: başqa ölkələrin rəhbər­ləri ilə belə görüşlərdə, bir qayda ola­raq, bunu tərəf-müqabillər xahiş edir­lər, bizdə isə Prezident özü məsləhət görür ki, gəlin, tez-tez görüşək. 

Vətən müharibəsində böyük qələ­bədən sonra Şuşanın dirçəldilməsi, oradakı abidələrin bərpası, “Xarıbül­bül” festivalı və Vaqif Poeziya günlə­rinin yenidən gündəmə gəlməsi, bu şəhərin ötən il Azərbaycanın, bu il Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi (gələn il üçün də Şuşa İslam dünyasının mədəniyyət paytaxtı seçi­lib) başlıca olaraq dövlətimizin mədəni siyasətinin uğurudur. 

Mütəfəkkir şair Molla Pənah Vaqi­fin erməni vandalları tərəfindən dağı­dılmış məqbərəsinin bərpadan sonra açılış mərasimində və daha sonra Vaqif Poeziya məclisində Prezident İlham Əliyevin çıxışı (41 il əvvəl də cənab İlham Əliyev Ulu öndərlə bir­likdə eyni tədbirdə iştirak edib) gözəl ənənələrin davamı kimi təqdirəlayiq hadisədir. Məqbərənin yaradılmasının sıradan bir hadisə olmadığını vurğu­layan dövlət başçısı deyib: “Molla Pə­nah Vaqif təkcə şair yox, eyni zaman­da, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkə­si kimi qələmə verilirdi. Bütün bunla­ra baxmayaraq, ulu öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz ye­rini tapmışdır”. 

Mədəni yüksəliş ab-havası Naxçı­vanda, Gəncədə, Lənkəranda, Şəkidə, Şamaxıda da aşkar duyulur. Ümumiy­yətlə, Prezidentimizin yürütdüyü mə­dəni siyasət davamlı və ardıcıl olması ilə diqqət çəkir. Son illərin təqvimlərinə nəzər salaq: İlham Əliyevin sərəncam­ları ilə 2016-cı il Multikulturalizm İli, 2017-ci il İslam Həmrəyliyi İli, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti İli, 2019-cu il Nəsimi İli, 2021-ci il Nizami Gəncəvi İli elan edilib. General Əlağa Şıxlinskinin 150, görkəmli müğənni Rə­şid Behbudovun və balet ustası Qəmər Almaszadənin 100, Emin Sabitoğlunun 80, Aşıq Ələsgərin 200 illik yubileyinin, lap bu yaxınlarda Azərbaycan Milli Ki­tabxanasının 100 illiyinin keçirilməsi dövlət səviyyəsində görülən tədbir­lərdəndir. Prezidentin imzaladığı son sərəncamlardan biri isə (28 sentyabr 2023-cü il) akademik Ziya Bünyadovun 100 illiyi barədə olub. 

Pandemiyanın tüğyan etdiyi vaxtda və müharibə dövründə belə dövlət baş­çımız ölkənin mədəniyyətinə, klassik irsinə diqqətini azaltmayıb. Dünyaşöh­rətli müğənni Müslüm Maqomayevə abidə qoyulması, sosial müdafiəyə ehtiyacı olan mədəniyyət işçilərinin, incəsənət xadimlərinin qayğı ilə əhatə olunması, beynəlxalq müstəvidə mə­dəni sərvətlərimizin qorunması diqqət­də saxlanılıb. 

Ötən illərdə paytaxtımızda önəm­li beynəlxalq tədbirlər – Humanitar və Qlobal forumlar keçirilib. Azərbaycanın yeni milli turizm brendi təqdim olunub. “Dədə Qorqud” eposu və “Yallı” rəqsi UNESCO-nun siyahısına daxil edilib. Sadalamaqla bitən deyil. Bir sözlə, mədəniyyət Prezident İlham Əliyevin xüsusi önəm verdiyi əməli fəaliyyət sahələrindəndir.

...Hər gün işə gəlib-gedəndə görkəmli bəstəkarımız Tofiq Quliyevin bu ilin əvvəlində qoyulmuş abidəsinin önündən keçirəm. Baxıram və mənə elə gəlir ki, o, irəli boylanaraq Səməd Vurğunun qarşıdakı bağda ucaldılmış möhtəşəm abidəsini salamlayır. Xalq şairi də sanki ona “Abidən mübarək­dir!” – deyir. Mənsə bəstəkarın abidəsi­nin açılışında Prezidentin çıxışını xatır­layıram. Mədəniyyətimizin himayədarı onun sənətini yüksək qiymətləndirərək demişdir: “Heç birimizdə şübhə yoxdur ki, əsrlər keçdikcə bu unudulmaz mu­siqi, bu mahnılar, Azərbaycan xalqı­nın musiqi istedadını əyani şəkildə göstərən əsərlər yaşayacaq, bizi və sonrakı nəsilləri sevindirəcək”.

Bir də onu düşünürəm ki, ağ mər­mərdən yonulmuş bu abidə Azərbay­can mədəniyyətinin ağ günlərinin layiq­li simvoludur. 

 

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət