Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ilin payızında aparılan Vətən müharibəsinin çoxdan gözlənilən böyük bir zəfərlə başa çatdırılmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin televiziya vasitəsi ilə xalqa müraciətləri və xarici mediaya müsahibələri qələbənin zəruri informasiya təminatı olmaqla yanaşı, həm də çağdaş söz savaşının misilsiz örnəyi oldu.
Bu mövzuda müsahibimiz görkəmli dilçi akademik, Milli Məclisin deputatı, Atatürk mərkəzinin rəhbəri Nizami Cəfərovdur.
– Nizami müəllim, tarixən, Ana dilimiz milli varlığımızı yaşadıb, xalqın tale savaşında misilsiz söz silah olub. Tariximizin ən çətin və şərəfli davası olan Qarabağ uğrunda Vətən müharibəsində də söz savaşı mütəşəkkilliyi və mübarizliyi ilə ən yüksək səviyyədə aparıldı. Prezident İlham Əliyevin savaş əmrindən Qələbə təbrikinədək hər sözü, hər cümləsi çağdaş söz savaşının da parlaq örnəyi oldu.
– Prezident İlham Əliyev, ümumiyyətlə, bütün çıxış və açıqlamalarında ana dilimizə sevgi və sayğının, dil normalarına əməl edilməsinin ən yüksək nümunəsini sərgiləyir. Onun Ali Baş Komandan kimi müharibə dövrü nitqi isə müasir söz silahları, dil sursatı cəbbəxanası təsiri bağışlayırdı. Onun ana dilimizdə ifadə olunmuş irili-xırdalı bütün açıqlamaları, bir neçə baxımdan tarixi önəm daşıyırdı. Onlardan biri də ana dilimizin həmin müraciətlərdə öz zəngin fonetik, leksik və qrammatik imkanları səviyyəsində təzahürü və ya iştirakı idi.
Prezidentin müraciətləri, bir tərəfdən, cəbhədə gedən proseslər, əldə edilən qələbələr barədə ətraflı məlumatlar verir, digər tərəfdən, xalqın mübarizə ruhunu, qələbə əzmini yüksəldir və nəhayət, üçüncü tərəfdən, gözlərimiz qarşısında cərəyan edən tarixi hadisələri idarə edə-edə siyasi, ictimai və fəlsəfi mahiyyətini anladırdı. Və milli dövlətçilik mədəniyyəti baxımından çox rəmzi və heyranedici idi ki, Azərbaycan Respublikasının dövlət dili – Azərbaycan dili respublikanın ərazi bütövlüyü uğrundakı mübarizəyə ilk günlərdən səfərbər olunmuşdu! Daha doğrusu, bu müharidə Ali Baş Komandanın ana dili ilə ifadə olunmuş əmri ilə başlanmışdı.
Ümumiyyətlə, dilin zənginliyi, refleksiya imkanlarının genişliyi ondadır ki, xalqa düşdüyü hər hansı fövqəladə hərəkət və idrak situasiyasında inamla xidmət edə, lazımi sözü, ifadəni, sintaktik konstruksiyanı rahatlıqla ortaya qoya, dinləyənlərin – cəmiyyətin şəxsində isə rezonans verərək sosial əhval-ruhiyyə yarada bilsin. Prezident İlham Əliyevin xalqa müraciətləri içərisində eləsi olmadı ki, öz ifadə texnologiyaları baxımından geniş reaksiya doğurmasın. Kommunikasiya nəzəriyyəsinə görə, nitq ünsiyyəti o halda uğurludur ki, adresantla adresat arasında söhbətin nədən getdiyi barədə tam miqyaslı anlaşma var.
– Əslində, II Qarabağ müharibəsi düşmən tərəfin söz savaşı açmasından qaynaqlanmışdı. Erməni baş nazir sərsəmləyib demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Düşmənin müdafiə naziri ABŞ-da lovğalanıb bildirmişdi ki, Azərbaycan müharibəyə başlasa yeni ərazilər itirəcək.
– Bəli düşmənin açdığı söz savaşı bu müharibənin detanatoru rolunda çıxış etdi. Üstəlik, irimiqyaslı hərbi təxribat da törədildi. Azərbaycan cəmiyyətinə uzun illərin təcrübəsindən aydın idi ki, ermənilərin orta əsrlərin sonlarından etibarən məlum etnik separatçılıq hərəkətlərinin davamı olaraq gəlib çıxdığı şovinist təcavüzkarlığın nəticəsi kimi Ermənistan artıq həddini aşmışdı. Məsələni həll etməli olan beynəlxalq missiyaların siyasi deqradasiyaya uğraması imkan vermişdi ki, Ermənistanın ölkə başçısı məsuliyyətini itirərək sərsəmləsin...
Azərbaycan Prezidentinin xalqa müraciətləri Prezident – Xalq qarşılıqlı anlaşma-ünsiyyətinin bir də ona görə klassik nümunəsi idi ki, praktik olaraq Vətən müharibəsinin hüdudlarını da aşaraq, başlanğıcdan sona qədər öz kommunikativ effektini nəinki itirmədi, əksinə, bu gün də Xalqda belə bir təsəvvür var ki, həmin müraciətlər heç zaman bitməyəcək...
Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin xalqa ilk müraciəti sentyabrın 27-də oldu. Müraciət belə başladı: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir”.
Prezident sonra əlavə etdi: “Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər. Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri – Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən, bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır”.
– Əlbəttə, Prezidentin yaranmış situasiyanı bu incəliklə və dəqiqliklə ifadə etməsi göstərirdi ki, artıq Azərbaycanın öz ərazi bütövlüyünü öz gücünə, hərbi yolla müdafiə etməkdən başqa yolu qalmayıb.
– Xalqımızda bir deyim var: “Vur deməklə vurmaq yarıdır”. Bu müraciət də “vur!” demək idi. Ona görə niyə vur deyildiyi də əsaslandırılırdı. Lakin başqa məlumatlar da var idi ki, hər biri bütün detalları ilə xalqın nəzərinə çatdırılırdı.
Təcavüzə məruz qalan tərəfə gəldikdə isə Prezident dedi: “Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
Azərbaycan Prezidenti xalqa müraciətini tarixə əbədi olaraq yazılmış bu sözlərlə tamamladı: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
– Beləliklə, hər cəhətdən təmkinli, müharibənin qaçılmaz olduğunu etiraf, qələbənin isə yaxında olduğunu sübut edən, Ermənistanın günahı ucbatından baş verən hadisələrin mahiyyətinə varan, ən əsası isə, Azərbaycanın öz ərazi bütövlüyünü, xüsusilə Qarabağ uğrunda müharibəsinin haqq işi olduğunu təsdiqləyən bu müraciətlə ana dilimiz də Vətən müharibəsinə daxil oldu.
– Bu müharibənin gedişində Azərbaycan Prezidentinin xalqa oktyabrın 4-dəki ikinci müraciət ilk qələbə xəbərləri ilə başladı: “Əziz həmvətənlər. Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”. Prezident hər cəhətdən real, qələbə sevinci bəxş edən informativ məzmunlu mükalimələrdən sonra, Vətən müharibəsinin uğurla getdiyini elan etdi. Məsələ burasındadır ki, Azərbaycan xalqı Ali Baş Komandana inanırdı, işğal olunmuş ərazilərin ya sülh, ya da hərb yolu ilə qayıdacağına əmin idi. Bununla belə, mövcud beynəlxalq münasibətlər şəraitində heç də birbaşa hərəkət etmək, problem ətrafındakı vəziyyəti hər dəfə xalq-iqtidar məsləhətləşmələri səviyyəsindən izah eləmək mümkün deyildi.
Azərbaycan ordusu isə bir həftə idi ki, başlamış, nəinki ölkədə, regionda, bütün dünyada böyük əks-səda vermiş “problemin hərbi həlli yoxdur” mifini bir andaca altüst etmiş hücumu ilə artıq tarix yazırdı: “Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır. Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq”.
Ümumiyyətlə, müraciət mətnlərinin dili üzərindəki araşdırmalar göstərir ki, Prezident Azərbaycan xalqının, Azərbaycan Ordusunun gücünü, qüdrətini həmişə qeyd edirdi, ancaq hər dəfə bu gücün, qüdrətin missiyasının məhz vicdanlı sülh yaratmaqdan ibarət olduğunu deyirdi: “Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir. Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.
Göründüyü kimi, bu müraciətdə siyasi ritm nə qədər güclü olsa da (ən azı ona görə ki, burada öz ərazi bütövlüyünü təmin edən bir ölkənin haqlı iddialarından bəhs edilir), bundan da aparıcı, bundan da miqyaslı elə bir etno-tarixi intonasiya var ki, onu “biz haqq yolundayıq” hökmündən daha mükəmməl şəkildə ifadə etmək çətindir. Prezidentin müraciət nitqləri üçün ən səciyyəvi məqamlardan biri vaxtaşırı ümumiləşdirmələrdən zaman-zaman konkret hadisələrə keçilməsidir ki, bunun nə qədər böyük əhəmiyyəti olduğu üzərində dayanmağa, yəqin ki, xüsusi ehtiyac yoxdur.
Hər şeydən əvvəl, ona görə ki, şəhərlərimiz, kəndlərimiz, dağlarımız, çöllərimiz, çaylarımız, göllərimiz və s. bir-birinin ardınca azad olur ki, onlar azğın düşmən tərəfindən nə qədər dağıdılıb tarmar edilsələr belə, sadəcə, adlarının çəkilməsi, Azərbaycan əsgərinin əlində olması barədə ən yüksək səviyyədə məlumat verilməsi xalqın ruhunu yerindən oynadır: “Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir”.
– Ali Baş Komandanın bu müraciətləri Qələbə gününədək xalqı mübarizəyə ruhlandırdı, ermənipərəst dairələri cavablandırıb zərərsizləşdirdi, Azərbaycan əsgərini od-alovun üstündən irəli apardı.
– Prezident azərbaycan həqiqətlərini ballistik raketə çevirib düşmənin başına yağdırırdı. Hücumun bu vüsəti azərbaycan əsgərini şirə, pələngə çevirirdi. 30 il ərzində aparılan danışıqların, bu qədər uzun müddətdə Azərbaycan xalqının heysiyyatı ilə oynamaq cəhdlərinin yolverilməz olduğunu bir daha nəzərə çatdıran Prezident xatırladırdı: “27 il ərzində biz bütün dövrlərdə – danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq”.
Yeri gəlmişkən, xalqa müraciətlərin mətnlərində həm birbaşa, həm də dolayısı ilə çox tez-tez ifadə olunur ki, nə Azərbaycan xalqı, nə də Azərbaycan Prezidenti “Qarabağ Ermənistandır və nöqtə” sözlərini heç kimə güzəştə gedə bilməzdi: “Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq”. Bax, Prezidentin bu qətiyyəti idi hərbçilərimizi qələbəyə səsləyib ölümün üstündən addımladan.
– Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına noyabrın 8-dəki altıncı müraciəti xüsusi tarixi əhəmiyyət daşıyırdı və birbaşa Şəhidlər Xiyabanından edildi: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.
– Xalqımız bu müraciəti heç vaxt unutmayacaq. Bu xalqın 35 illik əzablarına təsəlli gətirən bir muştuluq idi Prezident Qələbənin Şuşa zirvəsindən bəyan edirdi: “ İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.
Qarabağın tacı olan Şuşanın əsarətdən azad olunması, əslində, düşmənin məğlub edilməsi, qırx dörd gün davam edən müharibənin bitməsi demək idi. Odur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan bu dəfəki müraciətini Azərbaycan xalqı üçün müqəddəs olan bir məkandan etmişdi: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Azərbaycan Prezidentinin dediyi aşağıdakı sözlər belə bir faktı təsdiq edir ki, müharibənin gedişi günlərində Prezidentin xalqa müraciətlərini xalqın onun tarixi arzusunu qəhrəmanlıqla həyata keçirməkdə olan Prezidentə, müzəffər Ali Baş Komandana kütləvi müraciətləri müşayət etmişdir: “Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”
Bu sözlər isə Azərbaycan tarixində Səfəvilər dövründən sonra ölkəmizin ərazi bütövlüyünü təmin etmiş yeganə dövlət başçısının sözləridir. Və bu sözlərdə ifadə olunan çoxlu mənaların əsası odur ki, xalq-iqtidar birliyi Azərbaycanın yeni tarixini yaradır: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
– Savaş günlərində Prezident İlham Əliyev dünyanın nüfuzlu informasiya vasitələrinə müsahibələrində də lideri olduğu xalqın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin heç bir şübhə doğurmayan həqiqətini bəyan edirdi.
– Bəli müzəffər ordunun Ali Baş Komandanı söz cəbhəsinin də komandanı kimi yorulmadan bütün dünyaya çatdırırdı ki, bu həqiqət hansısa subyektiv, yaxud separatist marağın ifadəsi yox, beynəlxalq, humanist tələblərdən, BMT-nin əsaslandığı birgəyaşayış prinsiplərindən irəli gələn obyektiv təzahürdür. Ermənistan öz təcavüzkar “rəhbərlər”inin şəxsində bütövlükdə, insanlığa qarşı cinayət işlətmiş, haqq-ədaləti tapdalamış, cəzasız qalacağını güman edərək get-gedə daha da azğınlaşmışdır...
Hər kəs görürdü ki, Prezidentə verilən suallarda həmin həqiqəti ortaya çıxarmaq əvəzinə onu dumanlandırmaq, “əzabkeş erməni” mifini müdafiə eləmək istəyi daha çox qabardılır. Lakin onu da görməmək mümkün deyildi ki, İlham Əliyev elə ilk kəlmələrindən bu mifi dağıdır, erməni faşizminin iç üzünü açıb göstərir, özbaşınalığı, cinayətkar rejimi, havadarlarına güvənərək qəsbkarlığın miqyasını daha da genişləndirmək barədə xam xəyallara düşən Paşinyan qudurğanlığını ifşa edir. Ola bilsin ki, müəyyən qədər qəribə səslənsin, ancaq mənə elə gəlir ki, Azərbaycan Prezidentinin rus, eləcə də ingilis dilindəki müsahibələrinə ana dilinin ruhu çökmüşdü. Və dərindən mənimsədiyi bu dillərdə də Prezident Azərbaycan həqiqətlərini əks etdirdiyi üçün məhz Azərbaycan həqiqətinin dili ilə “azərbaycanca danışırdı”.
Heç kimə sirr deyil ki, XX əsrin sonu, XXI əsrin ilk illərində Ulu öndər Heydər Əliyev ölkədə, eləcə də beynəlxalq aləmdə Azərbaycan dilinin siyasi mövqeyini, nüfuzunu görünməmiş bir səviyyəyə yüksəltdi. Həmin ənənəni davam etdirən öndər Atanın varis Oğlu xalqa müraciətlərilə ana dilinə müzəffər bir ordunun Ali Baş Komandanının nitq enerjisini qazandırdı. Elə bir enerji ki, dilimizin və xalqımızın buna ehtiyacı var idi. Uzun illər məişət sferası ilə hüdudlanmış ifadələr 44 günün içində ərazi bütövlüyü uğrunda mübarizə tariximizin “açar sözlər”inə çevrildi: “Cəbrayıla yol çəkirdin, sərxoş olub Cıdır Düzündə rəqs edirdin, nə oldu bəs, məsciddə donuz saxlayanın özü donuzdur, başından elə vurmuşuq ki, cəhənnəmə getdi, gora getdi, gorbagor oldu, iti qovan kimi qovmaq, siçan kimi deşik axtarmaq, ora-bura zəng eləmək , yoxdur status-kvo, yoxdur təmas xətti, hamısını vurub dağıtmışıq, dəmir yumruq, nəyi nə vaxt etməyi Mən bilirəm, nə demişik, onu da eləmişik... Xalq dilinin dərinliklərindən çıxarılaraq ehya edilmiş, tarixi mübarizənin tərcümanına çevrilmiş həmin ifadələri, yəqin ki, ən modern, ən rəsmi, ən normativ söz-terminlər belə bu enerji və səmimiyyətlə əks etdirə bilməzdi.
Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, yuxarıda yalnız az bir hissəsini xatırlatdığımız ifadələri beynəlxalq dillərin ən modern, ən rəsmi, ən normativ terminologiyasını müfəssəl bilən, tarixi qələbəmizi heç kimin təsəvvür edə bilməyəcəyi layihə gücündə həyata keçirən bir Lider işlətdi – Sözümüzün Ali Baş Komandanı! Bu söz savaşı Qələbəyə misilsiz dəstək qazandırdı.
– Maraqlı müsahibə üçün sağ olun.
Söhbəti hazırladı:
Tahir AYDINOĞLU
XQ