20 illik yüksəliş və tərəqqi marafonu

post-img

Bu davamlı yürüşdə ÜDM 22, iqtisadiyyat isə 4 dəfə artıb

Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin 20 ili ərzində fəaliyyətində “güclü iqtisadiyyat–güclü dövlət” prinsipinə əsaslanıb. Bunun üçün, ilk növbədə, iqtisadi strategiyanın imkanlarından maksimum yararlanıb. Hələ 2003-cü ildə Azərbaycan Prezidentinin səlahiyyətlərinin icrasını həyata keçirdiyi çox qısa bir müddətdə respublikamızın inkişaf prioritetlərini müəyyənləşdirən “Azərbaycan Respublikasında sosial–iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman imzalayıb, az sonra davamlı və tarazlı inkişafın gerçəkləşməsinə yönələn “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nı (2004–2008-ci illər) təsdiqləyib. 

Prezident İlham Əliyev neft gəlir­lərinin artdığı bir vaxtda makroiqtisadi sabitlik üçün müəyyən təhlükələrin, o cümlədən inflyasiya potensialının ya­rana biləcəyini nəzərə alaraq, “Azər­baycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli Fərman imza­layıb. Milli iqtisadiyyatımızın neft bumu mərhələsinə hazırlığını reallaşdıran bu sənəddə dövlət büdcəsi xərclərinə nəzarətin gücləndirilməsi, neft ixracın­dan əldə ediləcək vəsaitlərin səmərəli idarəsi və istifadəsi ilə bağlı məsələlər öz əksini tapıb. 

Dövlət başçısının respublikaya rəh­bərliyinin ilk illərində neft gəlirlərinin prioritet istiqamətlər üzrə səmərəli istifa­də edilməsi zərurəti yaranmışdı. Elə buna görə də Prezident İlham Əliyev 2004-cü ildə “Neft və qaz gəlirlərinin idarə olun­ması üzrə uzunmüddətli strategiya”nı (2005-2025) təsdiq etməklə bu na­rahatlığı aradan qaldırdı, adıçəkilən sahədə gəlirlərin kəskin artması şərai­tində makroiqtisadi sabitliyin qorunma­sına, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlanmasına, onlardan əhalinin rifahının yüksəldilməsi üçün səmərəli istifadə edilməsinə, eyni za­manda, qeyri-neft sektorunun inkişafı­na yönəldilməsinə nail oldu. 

Prezident İlham Əliyevin “Azərbay­can Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı isə ölkədə iqtisadi potensia­lın hərəkətə gətirilməsində önəmli rol oynadı. Belə ki, adıçəkilən sənədin im­zalanması ilə ölkədə qeyri-neft sekto­runun inkişaf etdirilməsi, bu sahəyə in­vestisiyaların cəlb olunması, yeni emal müəssisələrinin yaradılması, ixracın stimullaşdırılması və alternativ enerji mənbələrindən istifadənin gerçəkləşdi­rilməsi prioritet vəzifələr kimi önə çıxdı. 

Həmin dövrdə sahibkarlığın inkişafı və bazar mühitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirildi, dövlət müəs­sisələrinin özəlləşdirilməsi və idarəet­məyə verilməsi sürətləndirildi, inhisar­çılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınma­sı, kreditlər üçün girov təminatının tək­milləşdirilməsi, aqrar sektorda islahat­ların ikinci mərhələsinin başlanılması ilə bağlı layihələrin icrasına başlanıldı. 

Belə bir vaxtda ölkənin maliyyə sisteminin təkmilləşdirilməsi də vacib məsələlərdən biri idi. Dövlət başçısı bu zərurətin gerçəkləşməsi məqsə­dilə hökumətin müvafiq qurumlarına dövlət büdcəsi xərclərinin strukturu­nun təkmilləşdirilməsi, dövlət büdcəsi vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə edilməsi, dövlət satınalmala­rına nəzarətin gücləndirilməsi, dövlət müəssisələrində maliyyə intizamının möhkəmləndirilməsi ilə bağlı tapşırıq­lar verdi və həmin istiqamətlərdə həya­ta keçirilən tədbirlərin icra vəziyyətini diqqətdə saxladı. 

Bu məqamda onu da qeyd edək ki, həmin vaxt bazar iqtisadiyyatı şə­raitində ölkənin dinamik inkişafı özəl bölməyə diqqət və qayğı tələb edirdi. Buna görə də, ilk növbədə, inhisarçı­lıq aradan qaldırılmalı idi. Əks halda, sahibkarlığı inkişaf etdirmək, bununla bağlı islahatları sürətləndirmək, qey­ri-neft sektorunun və regionların inki­şafını gerçəkləşdirmək, eyni zamanda, işsizliyi azaltmaq mümkün deyildi. 

Beləliklə, dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk mərhələsində yuxarıda sadalanan bu və digər tədbirlər, eləcə də qarşıya qoyulan strateji məqsəd və vəzifələr, habelə orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərinin uğurla həyata keçirilməsi gələcək fəaliyyətin dəqiq müəyyənləşdirilməsini, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarının hazırlanmasını, nəticədə isə həyatın bütün sahələrində tarixi göstəricilərin əldə olunmasını şərtləndirdi. 

Sonrakı mərhələlərdə isə dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və möv­cud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək üçün iq­tisadi islahatların əsas strateji hədəf­lərinə uyğun sistem xarakterli bir sıra tədbirlər həyata keçirildi, sosial-iqtisa­di inkişafın cari, orta və uzunmüddətli dövrləri üçün keyfiyyətcə yeni iqtisadi inkişaf modeli formalaşdırıldı. Bu isə makroiqtisadi sabitliyin qorunub sax­lanılmasına, qeyri-neft sahələrinin, bütövlükdə regionların tarazlı inkişafı­nın sürətlənməsinə, əlverişli biznes və investisiya mühitinin formalaşmasına, əhalinin sosial rifahının davamlı ola­raq yaxşılaşmasına öz müsbət təsirini göstərdi. 

Bu fikrin təsdiqi olaraq son 20 ilin müvafiq göstəricilərinə nəzər salaq: ötən müddət ərzində ÜDM-in nominal həcmi 22 dəfə artaraq, 133,8 milyard manat təşkil edib. İqtisadiyyat 4 dəfə böyüyüb, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət döv­riyyəsində 10 dəfə artım qeydə alınıb.

Əhalinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 41 dəfədən çox artaraq 1,6 milyard dollardan 65,9 mil­yard dollara çatıb. Nəqliyyat, təhsil, enerji, turizm və digər sahələr üzrə infrastuktur yenidən qurularaq geniş­ləndirilib, iqtisadiyyata 250 milyard dol­lardan artıq vəsait yatırılıb.

Bu müddətdə həyata keçirilən ar­tım strategiyası sayəsində milli iqti­sadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15,6 dəfə artıb. İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyə­dən 4 faiz yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Neft gəlirləri sosial-iqtisadi inkişafa uğurla transformasiya edilib, iqtisadiyyatın fi­ziki və texnoloji infrastrukturu tamamilə müasirləşdirilib. Sürətli artım sayəsin­də əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, yoxsulluq səviyyəsi xeyli azalıb: 2003-cü ildə 383,1 manat təşkil edən orta aylıq əməkhaqqı hazır­da 900 manat səviyyəsində qərarlaşıb. Bu illər ərzində 2 milyondan artıq iş yeri açılıb. Yoxsulluq həddi 49 faizdən 5 faizə qədər azalıb. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 5250, bu il isə 750 mənzil və fərdi ev təqdim olunub.

Son 20 il ərzində ölkəmizdə əha­linin fasiləsiz elektrik enerjisi ilə təmi­natı, eləcə də bu sahə üzrə müasir infrastruktur quruculuğu siyasəti uğurla davam edib. Nəticədə 34 elektrik stan­siyası inşa olunub və həmin stansiya­ların generasiya gücü, təqribən, 3400 meqavata çatıb. 

Azərbaycanın hazırda ümumi ge­nerasiya gücü 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılıb. Bu göstəricilər isə deməyə əsas ve­rir ki, artıq ölkənin həm elektrik ener­jisinə olan daxili tələbatı tam olaraq yerli istehsal hesabına ödənilib, həm də müəyyən həcmdə ixrac üçün po­tensial reallaşdırılıb. Beləliklə, həyata keçirilən məqsədyönlü tədbirlər nəticə­sində elektrik enerjisində idxal çətinliyi aradan qaldırılıb, enerji sisteminin təh­lükəsizliyi təmin edilib. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilib, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqla təchiz olunub. Nəticədə stansiyaların faydalı iş əmsalı artıb. 

Azad edilmiş torpaqlarda da bər­pa-yenidənqurma işlərinə ilk növbədə, elektroenergetika sahəsindən başlanı­lıb və artıq 10-dan çox yarımstansiya, təqribən, bir o qədər də su elektrik stansiyası istifadəyə verilib. Ümumiy­yətlə, Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü ya­radılıb və bu rəqəmin ilin sonuna qədər 200 meqavata çatdırılacağı planlaşdı­rılıb. 

Hazırda sürətlə modernləşməkdə olan elektroenergetika sahəsi üzrə müasir infrastrukturun yaradılması, yeni texnologiyaların tətbiqi, enerji təh­lükəsizliyinin təmin edilməsi istiqamə­tində tədbirlər davam etdirilir, Azər­baycan regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilir.

Prezident İlham Əliyevin 20 il ər­zində həyata keçirdiyi enerji siyasəti də ölkəmizə böyük uğurlar qazandı­rıb. Neft hasilatının 63 faizini təşkil edən “Azəri-Çıraq-Günəşli” (AÇG) və əmtəəlik qazın təxminən 70 faizinin ha­sil olunduğu “Şahdəniz” yataqlarından indiyə kimi 580 milyon ton neft, 43 mil­yon ton kondensat çıxarılıb, 621 milyon ton neft-kondensat ixrac olunub. “Şah­dəniz” yatağından hasil edilən 202 milyard kubmetr qazın isə 143 milyard kubmetri xarici bazarlara yönəldilib. 

Dövlətimizin başçısının ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatın­dakı yeri və rolunu düzgün dəyərləndir­məsinin nəticəsidir ki, bu gün Azərbay­can Avropanın enerji təhlükəsizliyində mühüm önəm daşıyr. Ölkə rəhbərinin Cənub Qaz Dəhlizi (CQD) təşəbbüsü ilə respublikamız hazırda dünyada si­yasi nüfuz sahibi və etibarlı tərəfdaş kimi tanınır. 

Burada son 20 ilin ən mühüm ha­disələrindən birini də xatırlatmaq ye­rinə düşərdi. Belə ki, bu dövrdə xa­tırlatdığımız CQD-nin 4 komponenti – “Şahdəniz-2”, Azərbaycandan baş­layaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, qardaş ölkə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İta­liyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalara əsasən, bu beynəlxalq əhəmiyyətli layihə uğurla tamamlanıb. Layihə dəyəri 40 milyard dollar həc­mində dəyərləndirilən, uzunluğu 3,5 min kilometr olan CQD-nin 1,2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” ya­tağından qazın hasilatını və Avropa ba­zarına ötürülməsini təmin etmək qarşı­ya mühüm vəzifə kimi qoyulub. Məhz Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti ilə bu möhtəşəm ta­rixi layihə-CQD-nin icrası gerçəkləşdi­rilib. 

CQD layihəsinin reallaşması nəti­cəsində Azərbaycanla bərabər, regi­on ölkələri də hazırda sürətli iqtisadi inkişaf dövrünü yaşayır. Hazırda CQD vasitəsilə respublikamız Avropaya 10 milyard kubmetr qaz ixrac edir. Bu göstəricinin gələcəkdə 5 milyard kub­metr də artırılacağı nəzərdə tutulur.

Transanadolu (TANAP) və Tran­sadriatik (TAP) kəmərləri vasitəsilə ix­rac olunan qazın həcminin isə 2025-ci ildə “Şahdəniz” yatağından hasil olu­nan “mavi yanacağ”ın hesabına artı­rılacağı planlaşdırılır. Eyni zamanda, Azərbaycan yalnız öz qazının deyil, Türkmənistan “mavi yanacağ”ını da Avropaya nəql etməklə mühüm tranzit mövqeyə sahib ölkə kimi tanınır. 

Azərbaycanda neft-qaz sahəsi­nin genişləndirilməsi ilə bərabər, həm də “yaşıl enerji” layihələrinin inkişafı diqqətdə saxlanılır. Bu, respublikamı­zın beynəlxalq tərəfdaşlarının ölkəmiz­lə əlaqələrini daha da gücləndirir. Yeri gəlmişkən, Azərbaycanın bərpaolunan enerji potensialı 27 qiqavatdan çox sa­hildə külək və günəş enerjisi və Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat külək enerjisi təşkil edir. İşğal­dan azad edilən Qarabağ və Zəngəzur iqtisadi zonalarında isə külək, günəş və hidroenergetika potensialı 10 qiqa­vatdan çoxdur. Bu əraziləri, eləcə də Naxçıvan Muxtar Respublikasını “ya­şıl enerji” zonalarına çevirmək qarşıda mühüm vəzifə kimi dayanır. 2027-ci ilədək ölkəmiz 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etmə­yi planlaşdırır ki, bunun da 80 faizinin ixraca yönəldiləcəyi nəzərdə tutulur. Azərbaycan 2037-ci ilədək əlavə ener­ji imkanlarının ən azı 6 qiqavat təşkil edəcəyini gözləyir. 

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızda kosmos sə­nayesi də sürətlə inkişaf edib. 2013-cü ildən başlayaraq ölkəmizin kosmosa buraxığı 3 peykdən 2-si telekommunika­siya məqsədləri üçün, digər 1-i isə yer səthini müşahidə funksiyasını həyata keçirib, 45-dən çox ölkə isə bu peyklərin xidmətlərindən istifadə edib. 

Peyklərin kommersiya faydaları­na gəldikdə isə deyə bilərik ki, dəyəri 233 milyon dollar olan “Azərspace-1” resurslarının 80 faizi kommersiya is­tismarındadır. Dəyəri 190 milyon dol­lar olan “Azərspace-2” isə Azərbaycan iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi gözlənilir. 

“Azərkosmos”un gəlirlərinin əsas hissəsi peyk xidmətlərinin ixracından formalaşır. Bu qurum dövlət və qey­ri-dövlət ixracatçı subyektləri arasın­da xidmət sektorunda ixrac həcminə görə ən yüksək nəticə ilə ilk sıralarda qərarlaşır. 

Son 20 il ərzində ölkəmizdə həya­ta keçirilən sosial-iqtisadi inkişaf stra­tegiyasının prioritet istiqamətlərindən biri də yol infrastrukturunun müasir standartlara cavab verən səviyyədə yenidən qurulması olub. Bu mühüm vəzifənin uğurla icrası məqsədilə döv­lət büdcəsindən hər il böyük həcmdə vəsaitlər ayrılıb. Həmin məbləğ hesa­bına respublikamızda dünya standart­larına cavab verən yüksək keyfiyyətli avtomobil yolları salınıb. Təkcə pay­taxtımızda 2 min kilometrdən çox yol çəkilib, yenidən qurulub və təmir edilib. Bu dövrdə Bakı şəhərində 83 yol ötü­rücüsü, 99 yeraltı və yerüstü piyada keçidi inşa olunub.

Azərbaycanın şəhər və kəndlərində də yol infrastrukturunun yenidən qurul­ması diqqətdə saxlanılıb. 2003-cü ildən indiyə kimi respublikamızda 6,2 milyon nəfər əhali yaşayan, 2 min 210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5 min 100 kilometr uzunluğunda avtomo­bil yolu tikilib, yenidən qurulub və təmir olunub. 

Bütövlükdə, 20 il ərzində ölkədə 21 min kilometrə yaxın avtomobil yolu, prospekt və küçədə yol infrastrukturu ilə bağlı çoxsaylı layihələr reallaşdı­rılıb. Bu dövrdə 499 körpü və yol ötü­rücüsü, 114 yeraltı və yerüstü piyada keçidi inşa edilib. Respublikada birin­ci texniki dərəcəli avtomobil yolunun uzunluğu 2003-cü ildəki 115 kilometr­dən 1025 kilometrə çatdırılıb.

Hazırda işğaldan azad edilmiş əra­zilərdə müasir yol-nəqliyyat infrastruk­turunun yaradılması Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilən ərazilərin bərpası proqramı çərçivəsin­də əsas prioritetlərdən biri kimi müəy­yənləşdirilib, düşməndən təmizlənən torpaqlarda qısa müddətdə minlərlə kilometr avtomobil yolu çəkilib. 

Prezident İlham Əliyevin fəaliyyə­tində ölkənin etibarlı ərzaq təminatı prioritet istiqamət kimi diqqət çəkir. Bu məqsədlə davamlı tədbirlər həyata ke­çirilir. Dövlət başçısının “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agent­liyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli Fərmanı əsasında yaradılan Dövlət Ehtiyatları Agentli­yi respublikanın strateji əhəmiyyətli mallarla, o cümlədən ərzaqlıq buğda ilə təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısı­nı almaq istiqamətində səmərəli fəa­liyyət göstərir.

Sonda ölkəmiz üçün taleyüklü bir hadisəyə də nəzər salmaq istərdik. Vətən müharibəsində əldə edilən tarixi zəfərdən sonra Azərbaycana qovuşan Qarabağımızın bərpası, dirçəldilməsi yolunda 3 il ərzində Prezident İlham Əliyevin tapşırıq, göstəriş və tövsiyələri ilə mühüm addımlar atılıb. Dövlətimizin başçısının imzaladığı müvafiq fərmanla işğaldan azad edilmiş ərazilərdə Azər­baycan Respublikası Prezidentinin xü­susi nümayəndəlikləri açılıb. Düşmən­dən təmizlənən yaşayış sahələri üzrə Strateji Fəaliyyət Planı hazırlanıb və vahid konsepsiya əsasında bütün əra­zilərin və şəhərlərin bərpasına başlanı­lıb. Bütün bunlarla bərabər, bu ərazilər­də torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar öyrənilib, torpaqların su ehtiyatlarından səmərəli istifadə məsələləri araşdırılıb, həmçi­nin ölkə rəhbərinin tapşırığı ilə yaşayış məntəqələrimizin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulma­sı istiqamətində mühüm layihələr ger­çəkləşdirilib, keçmiş köçkün əhalinin öz dəbə-baba yurdlarına qayıdışına başlanılıb. 

Azərbaycanın əzəli-əbədi bu yaşa­yış sahələrində sənayeləşmə prosesi­nin mərhələli şəkildə aparılacağı plan­laşdırılıb. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin mərhələ­də tikinti şirkətləri prosesə qoşulub. Əhalinin tezliklə işğaldan azad edilən yaşayış sahələrinə qayıdacağı nəzərə alınaraq, bu ərazilərdə məskunlaşan keçmiş məcburi köçkünlərin məşğul­luğu, onların ərzağa olan tələbatının ödənilməsi xüsusi diqqətdə saxlanı­lıb. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sənayesinin formalaş­dırılması prosesinin həyata keçiriləcəyi planlaşdırılıb. Laçın Aqro və Sənaye Parkının yaradılması istiqamətində la­yihələrin icrasına başlanılıb. Artıq inno­vativ və yüksək texnologiyalar əsasın­da qurulan “Ağdam Sənaye Parkı” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye parklarında da qarşıya sahibkarlığın dəstəklənməsinə nail olmaq, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunu təmin etmək kimi mü­hüm vəzifələr qoyulub. 

Yuxarıda qeyd edilənlər bir daha onu göstərir ki, son 20 il ərzində ölkə­miz uğurla inkişaf edib, bütün istiqamət­lər üzrə qarşıya qoyulan vəzifələr yük­sək səviyyədə həyata keçirilib. Sosial, hərbi sahələrdə, eləcə də Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan geniş­miqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılmasında isə iqtisadi potensi­al mühüm rol oynayıb. 

 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat