Müasir beynəlxalq koordinatlar sisteminin nizamı pozulubdur. Beynəlxalq hüquq “erroziya”ya uğrayıb. Bu reallığı şərtləndirən çoxsaylı motivlər və səbəblər mövcuddur. Onların sırasında bir amilin rolunu xüsusi qeyd etmək istərdim. Bu, ilk növbədə, planetimizdə qlobal lider kəsiri – məhdudluğu ilə bağlı məsələdir. Bu gün ABŞ-a heç də Franklin Delano Ruzveltlər, Böyük Britaniyaya Uinston Çerçillər, Fransaya Şarl de Qollar və Almaniyaya Konrad Adenauerlər rəhbərlik etmirlər. Həmin qlobal siyasi liderlərin müasir varisləri heç bir halda sələflərinə adekvat deyillər. Xələflər nəinki dünya miqyasında təhlükəsizliyin təminatına töhfə verə bilmir, bir çox hallarda öz davranışları ilə lokal, regional və beynəlxalq səviyyələrdə qarşıdurma mühitinin formalaşmasına çalışırlar. Bu baxımdan planetimiz, bəlkə də, heç vaxt indiki qədər təhlükəli olmamışdır. Təhlükənin olduğunu hiss etməməyin özü isə ən böyük təhlükədir.
Müasir dünyamızın sadalanan acı reallıqları fonunda Prezident İlham Əliyev elə də böyük olmayan dövlətini – Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun aktoruna çevirmişdir. Qlobal təhlükəsizliyin, o cümlədən, qitəmizdə enerji və nəqliyyat təhlükəsizliyinin təminatında Azərbaycanın rolu misilsizdir. Azərbaycan “dünyaya təkcə neft və qaz deyil, eyni zamanda, multikultural dəyərlər də” ixrac edir. Bu xüsusda, Prezident İlham Əliyevin fikirləri aforizm tutumuna malikdir: “Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, sözünün məna və çəkisi böyükdür.”
Dövlətimizin rəhbəri son dərəcə təvazökar insan olduğundan Azərbaycanın dünya miqyasında sözünün izafi çəkiyə malikliyinin real səbəbi qismində öz adını və tarixi fəaliyyətini vurğulamır. Xalqın gözü tərəzidir. Xalq öz liderini sevir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda, böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı öna görə cənab Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə Prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.
Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” – deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm”, – fikirləri ilə real məzmun kəsb etməyə başladı.
Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 faiz) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. 31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Heydər Əliyev siyasətini davam etdirəcəyini bir daha bəyan etdi: “Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir”.
Prezident İlham Əliyevin, bütövlükdə, 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq cevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir.
2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə–Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta, iş o yerə gəlib çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edib, orada ABŞ-ın yeni Prezidenti Barak Obama və Dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyevlə görüşünü keçirməyi nəzərdə tutmuşdular. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi. Azərbaycan Prezidenti dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da hələ 23 yaşında ikən SSRİ Xarici İşlər Nazirliyinin məşhur Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya ixtisasının incəliklərini tədris etməsinin təsadüfi olmadığını bir daha sübut etdi. Əslində, bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın qətiyyəti və iradəsi böyükdür. Son nəticədə, böyük dövlətlər arxasında xalqı dayanan Prezident İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar. Türkiyə–Ermənistan sərhədləri bu günə kimi bağlıdır. Onların açılması baglanmasına səbəb olan amillər tam aradan qaldırıldıqdan sonra mümkün ola bilər. Bu, iki qardaş dövlətin rəhbərləri olan cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış ortaq mövqeyidir.
Prezident İlham Əliyevin bütün diplomatik addımları millli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmama Hərəkatına (QH) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-yə keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səslə iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi boyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.
Məhz iti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 20 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Dövlət başçımızın uzaqgörən müdrik siyasəti sayəsində Azərbayacan son 20 il ərzində təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmir, eyni zamanda, dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliğı istiqamətində fantastik nailiyyətlərə imza atır. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamofoboya kimi təhlükəli meyillərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı da qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı ikiillik fasilə ilə iki müxtəlif mədəniyyətin daşıyıcılarının böyük idman bayramlarına evsahibliyi etmişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarını keçirən Azərbaycan Respublikası, 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına evsahibliyi etməklə mədəniyyətlər arasında unikal körpü rolunu oynamış və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük tohfə vermişdir. Eyni məntiqdən qaynaqlanaraq, Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəylik İli” elan etmişdir. Cənab İlham Əliyevin İslam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında rəğbətlə qarşılanmış və böyük siyasi rezonans doğurmuşdur.
Bu gün müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. 2020-ci il noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, şəhid vermədən işğaldan azad olundu.
Azərbaycan dövləti müharibənin acı reallıqlarını nəzərə alaraq, informasiya siyasətini də yenidən qurdu. Bu prosesdə hücum taktikasına üstünlük verildi. Uğurlu informasiya siyasətinin də müəllifi Prezident İlham Əliyev idi. Ali Baş Komandan müharibə zamanı müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına müsahibələr verdi və beynəlxalq aləmdə formalaşmış yanlış təsəvvürləri büsbütün dağıtdı.
8 Noyabr–Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident–Ordu –Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir. Bu tarixi Zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, döyüş meydanlarında sübuta yetirildi. Qəddimiz düz, başımız uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.
Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri “Miatsum” ideologiyası–İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı.
Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı.
Təəssüf hissi ilə qeyd edək ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi və onun himayəsi altında Qarabağdakı xunta rejimininin tör-töküntüləri, görünür, hələ də strateji məğlubiyyətlərindən lazımı nəticə çıxara bilməyiblər. Əks halda, Ermənistanla şərti sərhədlərimizdə törətdikləri hərbi insidentlərə, doyüş mövqelərimizi iri- çaplı silahlarla atəşə tutmalarına, mülki şəxslərə və polis nəfərlərinə qarşı mina terroru siyasəti həyata keçirmələrinə nə ad vermək olar?!
Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən qeyd etdi ki, “Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistan baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, “qırmızı xətti” keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi.”
Formalaşmış şəraitdə sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qalmadı. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərksilah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Qeyd olunan tədbirdə Prezident İlham Əliyevin vurğuladığı kimi, “Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi”.
Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan “böyük Ermənistan” planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi. Ermənilərin “ikinci erməni dövləti” xəyalları birdəfəlik məhv edildi.
Qarabağda Azərbaycan xalqının qanını tökmüş, Xocalıda soyqırımı törətmiş hərbi canilər artıq əli qandallı Bakıya gətirilmiş, onalara qarşı istintaq hərəkətlərinə başlanılmışdır. İnsanlıq əleyhinə ağır cinayətlər törətmiş bu müharibə canilərinə qarşı sərt və ədalətli cəzanın tətbiq olunacağı labüddür.
Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Bütün bu nailiyyətlərin təməlində ulu öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.
Bu məqamda Rusiyanın tanınmış ictimai xadimi, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksand Duginin fikirlərinə istinad etmək yerinə düşər: “Düşünürəm, hal-hazırda İlham Əliyev dünyada bir nömrəli siyasətçidir. Son illər, ərzində, heç bir siyasi liderə İlham Əliyev qədər öz xalqı və dövlətinin milli maraqlarının müdafiəsi işinin öhdəsindən belə parlaq səviyyədə gəlmək nəsib olmamışdır.”
Elman NƏSİROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, siyasi elmlər doktoru, Milli Məclisin deputatı